2023-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,7 milyard manatlıq, o cümlədən, 20,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,5 faiz artıb.
2023-cü ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,1 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.