“Kimin əlində smartfon varsa, potensial dezinformasiya yayıcısına çevrilə bilər”.
Yenicag.az xəbər verir ki, bunu Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən təşkil olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
Onun sözlərinə görə, dezinformasiya əsasən plüralizmin sərhədləri dar olan ölkələrdə təhlükəli tendensiyalardan biridir.
“Səbəb isə media sahəsində mövcud olan boşluqlardır. Dezinformasiya ilə mübarizə sahəsinə diqqət ayrılmalıdır və bu, söz azadlığının boğulması kimi qiymətləndirilməməlidir. Əlavə olaraq, sözügedən məsələnin təhlükəli xarakter almasında informasiya texnologiyalarının inkişafı pis mənada böyük rol oynayır”, – deyə o bildirib.
N.Məmmədli qeyd edib ki, bunu texnologiyaların inkişafının mənfi təzahürü kimi də qiymətləndirmək olar.
“Kimin əlində smartfon varsa, potensial dezinformasiya yayıcısına çevrilə bilər.
Eyni zamanda, xüsusi vurğulamaq lazımdır ki, əhalinin mediaya çıxışı zəif olan yerdə dezinformasiya daha təhlükəli amilə çevrilir. Media savadlılığı istiqamətdə addımlar artırımalıdır ki, insanlar özü dezinformasiyanı düzgün xəbərdən ayıra bilsin”, – deyə o, bildirib.
Nəsimi Ələsgərli