Son günlər ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) bu il ərzində uçot dərəcəsini iki dəfə artıracağına dair fikirlər səsləndirilir. Uçot dərəcəsinin 0,5-0,75%-dək artırılacağı və dolların kəskin bahalaşacağına dair proqnozlar əhali arasında təşvişə səbəb olub.
Yenicag.az xəbər verir ki, mövzu ilə bağlı OilGas.az-a açıqlama verən keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli qeyd edib ki, Azərbaycanda dolların bahalaşması gözlənilmir:
“Dolların qiymətinin artması dünya bazarında digər ölkələrin valyutasının ucuzlaşmasına gətirib çıxarır. Dollar əslində bir pul vahidindən daha çox əmtəə hesab olunur. Bu baxımdan, ABŞ-ın yeni prezidenti Donald Tramp iqtisadi kursunu bəyan edərkən, dolların daha da güclənməsini elan etdi. Eyni zamanda amerikalı vergi ödəyicilərinə daha münbit şərait yaratmaq üçün ölkədə müxtəlif vergi islahatları aparıb. Kapitalın yenidən ölkəyə cəlb olunması üçün nəzərdə tutulan bu islahatlar əslində əvvəlki adminstrasiyanın vaxtında başlanmışdı. 1960-70-ci illərdə ABŞ-ın əsas siyasəti istehsal sahələrinin xaricə çıxarılması idi.
Bunun əsasında Çin kimi Uzaq Şərq ölkələrində ABŞ brendləri altında istehsal sahələri, xüsusilə də informasiya texnologiyaları istiqamətli bir çox zavod, fabriklər quruldu. Nəticədə informasiya texnologiyaları dünya ölkələrinə yayıldı. Obamanın hakimiyyətinin son dövründə bu siyasətin dəyişdirilməsi,əslində, ABŞ-ın iqtisadiyyatını daha da gücləndirilməsi məqsədi daşıyırdı. Buna görə də ölkədə vergi ödəyiciləri üçün müxtəlif güzəştlər tətbiq edilməyə başlandı. FED-in uçot dərəcəsi bir neçə il ərzində çox aşağı idi. Belə ki, valyutanın ucuz olması istehsalçıları stimullaşdırır. Bu baxımdan güman etmirəm ki, çox da dərin bahalaşmaya getsinlər. Çünki pulun bahalaşması ölkə daxilində iqtisadi aktivliyi bir az azalda bilər. Zənnimcə, FED həm xarici, həm də daxili təzyiqləri qəbul edərək ciddi bahalaşmaya getməz.
Azərbaycanda dolların kursu ancaq neftin qiymətinə bağlıdır. Çünki əsas ixrac məhsulumuz, büdcəyə xarici valyuta gətirən neft və neft məhsullarıdır. Neft qiymətinin 75 dollardan yuxarı olduğu halda dolların kursu bahalaşmaz. Ona görə də, yaxın gələcəkdə Azərbaycanda dolların bahalaşması ehtimalı yoxdur”.