“Əhalinin kredit faizlərini, bankların isə vergilərini 6 ay dondurmaq lazımdır” – Natiq Cəfərli

“İqtisadiyyatda hərəkətlilik olmasa, cəmi 3 aydan sonra problemli kreditlərin həcmi 2 dəfəyə yaxın artacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri dünyada və ölkəmizdə yaşanan iqtisadi proseslərin neqativ təsirlərini təhlil edən iqtisadçı Natiq Cəfərli bildirib.

Natiq Cəfərli hesab edir ki, bu gün dünyada və Azərbaycanda yaşanan böhran iqtisadiyyatın real sektorunu əhatə edir. Ona görə də bu vəziyyət daha çox işsizliyə və əhalinin maddi durumunun ağırlaşmasına səbəb olur:

“Lakin növbəti mərhələdə həm dünyada, həm də ölkəmizdə maliyyə-bank böhranı yaranacaq. Söhbət ondan gedir ki, dünya ölkələri biznes, əhali isə kredit öhdəliklərini yerinə yetirə bilmir.

Bu baxımdan, faiz ödəmələri getdikcə azalacaq, toksik və problemli kreditlərin həcmi artacaq. Bu gün Azərbaycanda kredit portfelinin həcmi 15 milyard 513 milyon manatdır. Kreditlərin az qala yarısı istehlak kreditləridir.

Bu gün biznesin böyük bir hissəsi, istehlak krediti götürən əhalinin də çoxu kredit faizlərini ödəyə bilmir. Hökumət isə yenə addım atmaqda gecikir, sonda daha baha qiymətə bankları xilas etməyə məcbur olacaq”.

Natiq Cəfərli qeyd edib ki, əhalinin böyük bir qismi işləmir, evdə oturub, gəliri-qazancı yoxdur. Hökumət istehlak kreditləri ilə bağlı heç bir addım atmır və əhali faizləri ödəyə bilmir. Bu, onu göstərir ki, toksik və problemli kreditlərin həcmi artacaq:

“Mart ayının əvvəlinə ölkədə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 307 milyon manat olub və bu, ümumi kredit portfelinin 8,4 faizini təşkil edib. Əgər iyulda iqtisadiyyatda hərəkətlilik olmasa, cəmi 3 aydan sonra (aprel-may-iyun) problemli kreditlərin həcmi 2 dəfəyə yaxın artacaq.

Hətta karantin bitəndən sonra belə iqtisadiyyatın öz relsinə düşməsi ən azı 6 ay çəkəcək. Növbəti 3 ayda problemli kreditlərin həcmi 5 milyard manata, yəni ümumi kredit portfelinin 25-30 faizinə çata bilər”.

Problemdən çıxış yoluna da toxunan Natiq Cəfərli vurğulayıb ki, sadə qərarlarla məsələni yoluna qoymaq mümkündür:

“Bütün növ kreditlərlə bağlı faiz ödəmələrini 6 aylıq dondurmaq lazımdır. Eyni zamanda, banklara ziyan dəyməməsi üçün onlar da 6 aylıq bütün növ vergilərdən azad edilməlidirlər.

Vergidən tam azad olunmaları bankların itkilərini kompensasiya etməyəcək. Ona görə də, Mərkəzi Bank öz manat rezervlərindən bütün banklara ilk 6 ayı 0, növbəti 6 ayı isə 3 faiz olmaqla, bir illik kredit xətti aça bilər. Bu addımlar banklar üçün çox cəlbedici və sərfəli olacaq, əhali və biznes də dərindən nəfəs alacaq”.

Gülşən Şərif

COP29