“Vaksinasiya prosesinin təhlükəli olmaması ilə bağlı vətəndaşların maarifləndirilməsinə ehtiyac var”.
Bu sözləri dünyanın bir çox ölkələrində davam edən koronavirus əleyhinə vaksinasiya prosesinin insanlara psixoloji təsirlərini dəyərləndirən psixoloq-təlimçi Vüsalə Əmiraslanova Yenicag.az-a açıqlamasında bildirib.
Psixoloq vurğulayıb ki, vətəndaşların peyvənd olunmaqdan çəkinməmələri üçün həkimlər tərəfindən düzgün maarifləndirmə işləri aparılmalıdır:
“Vaksinasiya prosesi başlamazdan öncə doğru olmayan informasiyaların yayılması insanların şüurunda müəyyən şübhələr yaratmışdı. Vaksin vurulmuş insanlarda əks göstəricilərin qeydə alınmasına dair söz-söhbətlər çoxlarında müəyyən qorxu yaradıb. Onlar düşünürlər ki, vaksinin vurulması onların səhhətinə mənfi təsir edə bilər.
Vaksinasiya prosesinin yaratdığı bu təşviş peyvənd olunan insanların sayının artması fonunda tədricən aradan qalxacaq. Bununla yanaşı, vaksin vurulmuş insanların səhhətində hər hansı narahatlığın yaranmaması ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilərsə, bu da insanlarda yaranan qorxu hissinin səngiməsi ilə nəticələnəcək. Çünki bu çərçivədə insanları təşvişə salan əsas məqam qeyri-müəyyənlikdir”.
Gülşən Şərif