Əhəd Abıyevin dostu barədə şok faktlar

gorusVaqif Şıxəliyev adlı sahibkara məxsus olduğu deyilən “Görüş”də ayrı-ayrı tanınmış şəxslərin gizli videoları və ya şəkilləri kimlər tərəfindən və necə çəkilir, sonra necə və hansı məqsədlə istifadə olunur? 

Olduqca maraqlı, hər kəsi düşündürəcək şikayət məktubu daxil olub. İnanılmaz fakt və iddialar həqiqətən də sensasiya xarakterlidir. Söhbət Bakının Səməd Vurğun-104 ünvanında (Bakı Sirki binasının tinində) yerləşən və Vaqif Şıxəliyev adlı iş adamına məxsus olduğu bildirilən “Görüş” restoranından gedir.

“Görüş”ə gələn tanınmışlar burada kameranın obyektinə necə düşür?

Bakı şəhər sakini Həmid Səlimovun (məktubunda əslən Sabirabaddan olduğunu yazır) redaksiyamızın elektron poçtuna daxil olmuş məktubunu həyəcansız oxumaq mümkün deyil. Şikayətçi bir müddət əvvəl başına gələnləri yazır və paytaxtın S.Vurğun-104 ünvanında yerləşən məşhur “Görüş” restoranında baş verənləri qeyd edir: “Bildirirəm ki, bu məşhur restoran Sabirabadlıların yaxşı tanıdığı, “Bakı Təzə Bazar” MMC-nin təsisçisi (mətbuatda bu MMC-nin qanunsuz olduğu yazılır) olan Vaqif Şıxəliyevə məxsusdur. Vaqif Şıxəliyevi axtaran onu burada hər gün görə bilər… Buraya Bakının tanınmış insanları, məmurlar, vəzifə sahibləri gəlir… Mən dəfələrlə burada DİN-nin, Baş Prokurorluğun, FHN-nin, Müdafiə Nazirliyinin və s. dövlət orqanlarının rəsmilərinin gəldiyinin şahidi də olmuşam. Evimə yaxın ərazi olduğundan mən də hərdən buraya gəlirəm. İnsafən, restoran əlverişli yerdədir, bura şəhərin mərkəzidir. Restoranın qarşısındakı maşınların dövlət nömrə nişanlarına diqqət verilsə, hər şey aydın olacaq. Burada hər axşam saatlarında bahalı maşınların cərgəsi göz oxşayır. Təbii ki, bunda sözümüz yox. Hər kəs bəyəndiyi və seçdiyi məkanda istirahət etmək istəyir, bu onun halal haqqı, hüququdur. Bir sözlə, paytaxtın mərkəzi yerində olduğundan burada, belə demək mümkündürsə, kliyent əlindən tərpənmək mümkün deyil, amma…

“”Görüş”ə gələnləri gizli video, foto və səs yazılması şantajı gözləyir” 

Məni bu məktubu yazmağa isə vadar edən başqa bir məsələdir: “Görüş” restoranı indi Hacı Məmmədovun “Qara bulağ”ının o vaxtkı funksiyasını yerinə yetirir. Belə çıxır ki, Hacı Məmmədovun “osminoq”u hələ də fəaliyyətdədir, ənənəvi peşəsini “Görüş”də məharətlə yerinə yetirir. O mənada ki, hər kəs xatırlayır ki, H.Məmmədov özü məhkəmədə etiraf etdi ki, “Qara bulaq”da ölkənin bir çox tanınmışları istirahət edib və onların bu istirahəti illər boyu gizli video ilə izlənib, şəkilləri çəkilib, səsi yazılıb… Sonradan isə bu video və fotolardan həmin tanınmışları şantaj etmək üçün istifadə olunub. Təkrar edirəm, indi “Qara bulağ”ın həmin “iş metodu və funksiyasını” “Görüş” yerinə yetirir. Eyni hadisə mənim çox yaxın bir dostumun başına gəlib. Dostumun tanışı da oxşar təzyiq və təcavüzə, şantaja məruz qalıb. Dostumun başına gələnləri eşidəndən sonra mənə məlum oldu ki, “Görüş”ə gələnlər istirahət etdikləri kabinetlərdə bütün detallarına kimi gizli video ilə izlənilirlər. Məsələn, Hacı Məmmədovun “tələbəsi” olan ABU-nun keçmiş rektoru Elşad Abdullayev sayağı. Bir tanınmış xanım məmurun söhbətindən isə mənə məlum oldu ki, “Görüş”ün xüsusi kabinetləri var ki, “lazımi” şəxslər hörmət əlaməti olaraq daha istirahətli, bərbəzəkli, zəngin və səliqəli həmin kabinetlərə yerləşdirilir, hansı ki, həmin kabinetlərdə də gizli səs və videoları qeydə alan qurğular var. Burada vətəndaşların sərbəst ifadə azadlığı təsbit olunan Konstitusion hüquqları tapdanır, qanuna zidd olaraq onların bütün söhbəti, hərəkətləri, oturub-durduğu qonaqları, ürək açdıqları dostları ilə birlikdə olan söz-söhbətləri yazılır. Sonra isə həmin gizli video və ya səs yazısı Vaqif Şıxəliyevə çox yaxın olan bir nəfər vasitəsilə görüntüləri qeydə alınmış şəxslərə çatdırılır, guya həmin şəxsə (adını yazır, amma etika xatirinə, həm də həmin şəxsin kimliyi tərəfimizdən tam dəqiqləşdirilmədiyindən, onun kimliyi bizim üçün məlum olmadığı üçün adını və soyadını hələki yaza bilmirik – red.) belə bir şikayət (foto və ya səs yazısı, video da əlavə edilməklə) daxil olub bəhanəsi ilə ondan pul tələb olunur, yaxud üzərinə hansısa bir öhdəlik qoyulur və s. Elə dediyim kimi, dostumun da başıma oxşar hadisə gəlibdir (məktubun bu hissəsində tanınmışların adları çəkilir, həmçinin başına oxşar hadisə gəlmiş şəxslərdən bir neçəsi barədə ehtimal olunaraq bəhs olunur. Dəqiqləşdirmə aparırıq və əlavə məlumat veriləcək.Red.). O, bir müddət şoka düşdü, dedi ki, mən dostum-yaxınım bildiyim Vaqif Şıxəliyevə etibar edərək nəinki özüm dostlarımla ora gedirik, xeyir veririk, həm də tanışlarıma buranı məsləhət bilirəm. Çünki həqiqətən də burada maraqlı görüşlərin məzmunu açılır, adına uyğun olaraq hər kəs “Görüş”də özünü rahat hiss edə, ləziz təamlardan dada, milli mətbəximizdən faydalana bilər. Amma biz hardan bilək ki, burada insanlardan başqa cürə “faydalanma” da var imiş… Və o o da məlum olur ki, senari belə qurulur: “Görüş”də başına məlum hadisələr gəlmiş şəxslər dərhal obyektin sahibi kimi Vaqif Şıxəliyevi və onun daim burada məsləhətləşmələr apardığı, yaxın dostu Abiyev soyadlı başqa bir şəxsi axtarırlar, yalvar-yapışdan sonra “məsələ həllini tapır”, “cinayət törətmiş” şəxs “islah olunur”, məsələ həllini tapır. Əsas məsələ isə ondan ibarətdir ki, bəzən yemək masası ətrafında kimsə xanımla əyləşməli olur, yaxud kimsə vəzifəli şəxsdir, tabe olduğu naziri və ya digər yüksək çinli məmurlar barədə yeyib-içəndən sonra nəsə gileyli danışa bilir, lap ən pirimitiv formada desək, ağzına gələni deyə də bilir. Çünki o, artıq istirahət vaxtındadır və ürəyindəki subyektiv düşüncə və qənaətlərini kiminləsə bölüşə bilər… Bütün bunlar isə “Görüş”dəki gizli kamerada qeydə alınır və bundan sonra məsələ tupikə dirənir… Mən çox istərdim ki, aidiyyəti dövlət qurumları həmin obyektdə araşdırma aparsınlar və gizli quraşdırılmış, xüsusən də stasionar (kabelsiz) səs və video çəkən qurğuları aşkar etsinlər. Bunlar qanunsuz fəaliyyətdir və insanların şəxsi həyatına, ifadə azadlığına kobud surətdə müdaxilə etmək deməkdir. Bəzən hər kəs istəyir ki, sirrini bir dostu ilə çay və ya yemək süfrəsi ətrafında bölüşsün. Bunun üçün “Görüş”də görüşə gəlir və sonradan isə belə bir əcaib vəziyyətlə qarşılaşır.
Bunları yazmaqda məqsədim budur ki, insanlar Hacı Məmmədovun “Qara bulağ”ındakı gizli videolarının indi də “Görüş”də quraşdırıldığının fərqində olsunlar və burada istirahət etmək istəyəndə sonra başına gələcək əcaib hadisələrə qabaqcadan hazır olsunlar.

Əməkdaşımız dünən “Görüş”ə getdi, amma…

Bir neçə gün əvvəl isə Vaqif Şıxəliyevə məxsus olduğu bildirilən məşhur “Görüş” restoranına baş çəkməli olduq… Təxminən saat 18:00 radələrində artıq restoranın demək olar əksər kabinetləri tutulmuşdu… Sonradan adının Vüqar olduğunu təxmin etdiyim ofisiant məni qarşıladı. Ona 2 qız və 2 oğlan olmaq şərtilə, 4 nəfərlik kabinet lazım olduğunu bildirdim… Aramızda sonradan bəzi söhbətlər də oldu ki, etika xatirinə bunları dilə gətirmək istəmirəm. Və əvvəlcədən sifariş verilmiş kabinetlər istisna olmaqla, boş yerlərin adətən olmadığını deyir ofisiant. Əslində, hələ restoranın bayır hissəsində kliyent gözləyən və buraya xanımları gətirib aparan taksi sürücüsünün sözlərindən isə artıq mənim üçün aydın idi ki, adətən “Görüş”ə gələnlərin kimliyini bilmək üçün gecə saatlarında bura gəlmək lazımdır. Xanımlarla isə elə axşamlar gəlmək məsləhətdir…

Nə isə, özüm sərbəst olaraq boş olduğu deyilən bir-iki kabinetə baxdım. Guya xoşuma gəlmədiyi bəhanəsi ilə bir neçəsini gəzib nəhayət, birində əyləşdim… Amma nədənsə elə bil ofisiant şübhələnmişdi və yoxa çıxdı. Mən fürsətdən istifadə edərək kabinetin bütün divarlarına göz gəzdirdim və həqiqətən də şübhəli nöqtələr və detallara rast gəldim. Amma bilirdim ki, məlumlara mənim kimi cibi boş və statusu olmayan jurnalist deyil, pullu və vəzifəli kişilər lazımdır… Və ofisiant gələnə kimi kabineti tərk etdim. Çölə çıxanda isə başqa bir ofisiantla rarşılaşdım. Ona bir saata qayıdacağımı bildirdim. Qəflətən elə ondan Vaqif Şıxəliyevi soruşdum, onunla guya hansısa bir işimin olduğunu bildirdim. Ofisiant şefin burada olduğunu, hansısa bir generalla çörək yediyini, indi onu narahat edə bilməyəcəyini söylədi… Restoranın qarşısına çıxıb redaksiyaya gəlmək üçün taksi axtardığım məqamda isə restorandan adını çəkmək istəmədiyim bir neçə yüksək rütbəli şəxsin, həmçinin bir keçmiş nazirin və nazir müavininin “Görüş”dən çıxdığını gördüm. “Vəziyyət”ləri yaxşı idi… Mənimkindən fərqli olaraq…

***

Biz araşdırmamızı davam etdiririk. Amma bütün şübhələrə və bu şübhələrə söykənən məlum şikayətə bir əlavəmiz var: əgər insanın öz həyatının hansısa bir dəyərli vaxtını etibar etdiyi iaşə və ya istirahət obyektində belə hallar yaşanırsa, buna yalnız təəssüflənmək lazımdır. Bəs “Görüş”də əldə olunmuş gizli səs və ya video qeydləri daşıyan kimdir və onu bu təhlükəli işə kimlər təhrik edir? Yaxın saylarımızda şikayət məktubunda adları çəkilən və barələrində şübhəli qeydlər və ittihamlar yer alan şəxslərlə görüşümüzün nəticəsini təqdim edəcəyik.Qarşı tərəfin, yəni iş adamı Vaqif Şıxəliyevin də mövqeyini təqdim etməyə hazırıq.

Sonda: bu yazıda deyə bilmədiyimiz çox məqamlar var idi, amma bütün bunlar o demək deyil ki, bu yazıda məqsəd kiminsə “osminoq”luğuna maneçilik yaradaq. Hər halda, inanmaq istəməzdik ki, belə bir tanınmış obyektdə belə hadisələr cərəyan etsin. Amma nə yazıqlar ki, fakt deysən fakt olaraq qalırdı. Və bu yazını yazarkən həm də düşünürdük ki, əcəba, Hacı məmmədov doğru deyirmiş ki, Osminoq həbsdə olsa da, onun qol-qanadı çöldədir, fəaliyyət göstərir…

Mövzuya mütləq qayıdacağıq. “Görüş”də başına oxşar hadisələr gəlmişlərin “Təzadlar”ın elektron poçtuna məktub yazmasını xahiş edirik. Mənbənin məxfiliyinə tam təminat veririk.

“Təzadlar” Araşdırma Qrupu

P.S. Onu da qeyd edək ki, Vaqif Şıxəliyev Daşkəsənin icra hakimiyyətinin başçısı Əhəd Abıyevin yaxın dostudur və icra başçısı Daşkəsəndən daha çox “Görüş”də olur.

COP29