Azərbaycan Tibb Universitetinin (ATU) Travmatologiya və ortopediya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Əhməd Əhmədzadə vəfat edib.
Yenicag.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əhməd Əhmədzadə 1946-ci il fevral ayının 16-da Qazax şəhərində anadan olub. Orta təhsilini Qazax şəhər 1 nömrəli orta məktəbdə alıb. 1964-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub və 1970-ci ildə buranı bitirib. 1970–1973-cü illərdə təyinatla Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim travmatoloq işləyib.
1973-cü ildə Moskva şəhərində Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun kliniki ordinaturasına qəbul olub. 1975-ci ildə ordinaturanı bitirdikdən sonra həmin il əyani aspiranturaya daxil olub. 1978-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 1979-cu ildə Azərbaycana qayıdaraq Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında assisent vəzifəsində əmək fəaliyyətini davam etdirib.
1983–1988-ci illərdə Moskva 2 nömrəli Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında doktorantura təhsili alıb. 1988-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib, yenidən Azərbaycana qayıdır. Azərbaycan Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında professor vəzifəsində çalışır. 1998-ci ildən bu günə kimi həmin kafedranın müdiri olub.
Respublikada ən müasir müalica metodlarının ətrafların sınıqlan zaman tətbiq etmək professor Əhməd Əhmədzadəyə məxsusdur. İlizarov aparatını Azərbaycanda ilk dəfə tədbiq edib.
Allah rəhmət eləsin!