Suriyanın yeni prezidenti Əhməd əş-Şaraanın (Əbu Məhəmməd əl-Qolani) Türkiyə səfəri və onun Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşməsi haqqında yayılan informasiyaları hamımız gördük. Tipik Şərq mədəniyyətlərində bir başqasının hakimiyyətini devirib xalqa azadlıq, rifah və gözəl yaşam təminatı verənlərin bir çoxu, adətən, hakimiyyətin hərisliyi və güc zəhərlənməsinin nəticəsində özü də bir növ diktatora çevrilirlər.
53 illik Əsəd rejiminin devrilməsindən sonra iqtidara gələn və özünü bu il prezident elan etmiş Əhməd əş-Şaraanın bioqrafiyası barədə yazmışdım. Ona görə də onun məzhəbçi terrorist, “Heyət Təhrir əş-Şam” (HTŞ) lideri, yaxud cübbədən kostyuma keçid edən bir persona olması ilə bağlı uzun-uzadı nə isə deyəsi deyiləm. Ərdoğanla görüşündə əş-Şaraanın dedikləri isə nədənsə mənə çox da inandırıcı gəlmədi. Ərəblər tarix boyu türkləri arxadan bıçaqlayan bir millət olublar. Tarixə ekskurs etsək, Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasının İraq, Suriya, Fələstin və Hicaz cəbhələrində ingilislərə məğlub olmalarının ən başlıca səbəbi məhz ərəblərin xəyanəti olmuşdu. Britaniya zabiti və kəşfiyyatçısı Tomas Edvard Lourensin (Ərəbistanlı Lourens deyilir – red.) sözügedən ərazilərdə osmanlılılara qarşı apardığı əməliyyatlarda ən çox dəstəyi ona verənlər də ərəblər olub.
Niyə bu barədə yazdım, indi deyim: nə hikmətdirsə, əş-Şaraa Ərdoğanla birlikdə görüşün mətbuata açıq hissəsində Türkiyənin Suriya üçün önəmli bir dəstəkçi olduğunu dilə gətirmiş, hətta Qurtuluş savaşında suriyalılarla türklərin qanlarının bərabər axdığını iddia etmişdi. Necə də gülməlidir, hə? Qazi Mustafa Kamal Atatürkün Türkiyəni qurması yolunda ingilis, erməni, italyan, fransız və yunanlara qarşı başlatdığı hərbdə, sən demə, suriyalılar da savaşıb.
Bundan başqa, mənə maraqlı olan digər məsələ əş-Şaraanın Ərdoğanla görüşdə qoluna taxdığı 300 min dollarlıq brend saat oldu. 2 aya yaxındır hakimiyyətə gəlmiş, özünü prezident elan etmiş, darmadağın və ərazisinin bir hissəsi kürd separatçıları tərəfindən işğal edilmiş bir ölkənin rəhbərinin belə bir formada gündəmə gəlməsi müzakirələri bir qədər də genişləndirir. Bəzən deyirlər ki, hər bir insana mütləq şəkildə bir şans daha verilməlidir. Yəni əş-Şaraanın “əl-Qaidə”, İŞİD və digər terror şəbəkələri ilə bağlantılı olan keçmişindən imtina edib Suriyada sekulyar və demokratik bir dövlət quracağını iddia edənlər bu gün bəlkə də bir çox məsələlərdə yanılırlar. Tarix təkrardan ibarətdir, amma, mənə elə gəlir ki, bu gün əş-Şaraa nə qədər demokratik bir dövlət quruluşundan dəm vursa da, görünən odur ki, keçmişin qarabaqara izlədiyi əl-Qolani yaxın keçmişdə Bəşər Əsədin atasına rəhmət oxudacaq bir prezident olacaq…
Rafi Müslümov