Əkin sahəsində raket hissəsi tapıldı

Sentyabrın 27-də saat 15:53-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 16:03-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Yenicag.az-a bildiriblər ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7 raketinin motor hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.