Ekofəalların etiraz aksiyası və beynəlxalq ictimai rəy: “Azərbaycanın daxilində də, ölkədən kənarda da…” – MÖVQE
“Qarabağ ərazisindəki ermənilərin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunmasını əngəlləyən qüvvə məhz Rusiya sülhməramlılarıdır”.
Bu fikirləri azərbaycanlı ictimai fəalların Şuşa-Xankəndi yolunda keçirdikləri fasiləsiz etiraz aksiyasının beynəlxalq platformalarda təqdimatı haqda danışan media eksperti Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, müxtəlif seqmentlərin nümayəndələri sözügedən aksiya ilə bağlı real durumu yetərincə geniş miqyasda beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar:
“İlk əvvəl onu demək lazımdır ki, bu aksiyanın təşkili yüksək qiymətləndirilməlidir. Çünki həqiqətən də, Azərbaycan ictimai rəyi ötən iki ildə Rusiya sülhməramlılarının fəaliyyətindən çox narazı qalıb, onlara münasibətdə tam etimadsızlıq hökm sürüb. Bunun da səbəbkarı sülhməramlıların özləridir. Onlar neytral qüvvə kimi tərəflər arasında sülhə nail olunmasına töhfə vermək əvəzinə sülhyaratma prosesinin qarşısını almaqla məşğuldurlar.
Yəni Qarabağ ərazisindəki ermənilərin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunmasını əngəlləyən qüvvə məhz Rusiya sülhməramlılarıdır. Təbii, bu da narazılıq və narahatlıq doğurmalı idi. Eyni zamanda sülhməramlıların nəzarəti altında olan torpaqlarda Azərbaycanın təbii sərvətlərinin aşkar şəkildə talanması baş verirdi və bu dağıdıcılıq davam etməkdədir. Buna görə də Azərbaycan ictimaiyyətinin ayağa qalxaraq belə bir aksiya keçirməsi təqdirəlayiqdir.
Aksiyanın beynəlxalq platformalarda təqdimatına gəldikdə, müşahidələrimiz belə göstərir ki, Azərbaycanın daxilində də, ölkədən kənarda da bizim fəallarımız, diplomatlarımız, jurnalistlərimiz, QHT sektoru baş verənləri yetərincə geniş miqyasda beynəlxalq ictimaiyyətə çatdırır. Əlbəttə ki, ermənilər də bu məsələdə boş dayanmırlar, yalan təbliğatlarını yenə sürətləndiriblər. Biz də gerçəkdə ermənilərin bu təbliğatını darmadağın edirik.
Məsələn, ermənilərin iddialarından biri budur ki, guya Qarabağda hazırda yüz iyirmi min erməni var və Azərbaycan yolu bağlayaraq onlara qarşı “soyqırımı” həyata keçirmək istəyir. Təbii ki, biz də, dünya da bu cəfəng iddianı gülüşlə qarşıladı. Hər halda, dünyanın ağlı başında olan kəsimi başa düşür ki, belə bir vaxtda, bu cür dinc aksiya ilə “soyqırımı” gerçəkləşdirmək mümkün deyil.
Azərbaycanın heç vaxt belə bir niyyətinin olmadığını dünya yaxşı bilir. O cümlədən, qaz xəttinin kəsilməsi ilə bağlı da səs-küy salmağa çalışdılar. Əslində isə Xankəndinə gedən qaz xəttini də özləri kəsmişdilər, özləri də açdılar. Amma bu yalan da bir işə yaramadı.
Düzdür, Amerika və Avropadakı müəyyən ermənipərəst dairələr guya bu iddialara inandılar və bu yöndə mövqe bildirdilər. Əlbəttə, biz də bununla bağlı fəaliyyətsiz qalmadıq və onlara gərəkən cavabları verdik. Ümumi yanaşdıqda, fikrimcə, bu aksiya nəticə etibarilə onu göstərdi ki, Qarabağdakı ermənilərin tək xilas yolu Azərbaycan dövlətinin qanunları çərçivəsində yaşamaqdır. Bu prosesə kənardan müdaxilə etmək istəyənlərə bundan sonra da heç bir imkan verilməyəcək”.
A.Zeynalov