Ekoloji və xarici siyasətdə yeni İMKANLAR: “COP29 Azərbaycanın beynəlxalq mövqeyinə müsbət təsir göstərəcək”

COP29 tədbiri iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin önündə duran mühüm beynəlxalq platformadır. Bu tədbir Azərbaycanın ekologiya və ətraf mühitin qorunması sahəsindəki strategiyalarını beynəlxalq müstəvidə təkmilləşdirmək və inkişaf etdirmək üçün vacib imkanlar yaradır.

Xüsusilə COP29 Azərbaycanın karbon emissiyalarını azaltma, bərpa olunan enerji mənbələrinə keçid və ekosistemin qorunması üzrə layihələrini genişləndirməsi üçün yeni investisiya və texnoloji əməkdaşlıq imkanları təqdim edir.

Azərbaycan Xəzər dənizinin ekosistemi, neft və qaz sənayesinin yaratdığı ekoloji təsirlər və təbiətin qorunması sahəsində konkret hədəflərə malikdir. COP29 çərçivəsində bu məsələlərə xüsusi diqqət yönəldiləcək, ölkənin iqlim dəyişikliyi strategiyalarına dəstək olaraq qlobal tərəfdaşlarla əməkdaşlıq imkanları gücləndiriləcək.

Yenicag.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi mühüm bir hadisədir və bununla bağlı artıq kifayət qədər məlumatlar mediada gedib.

“Ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 tədbirindən sonra yekdil səs çoxluğu ilə Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi qərara alınıb. Bu tədbirin keçirilməsinin həm ekoloji, həm də siyasi baxımdan bizim üçün ciddi anlamı mövcuddur. COP29 tədbiri beynəlxalq səviyyədə keçirilən ən önəmli və ən genişmiqyaslı tədbirlərdən biridir. Dünya dövlətləri iqlim dəyişikliyi kimi bəşəriyyət və insanlıq üçün mühüm problem olan məsələ ilə bağlı bir yerə toplaşır və həmin problemin həlli, bundan çıxış yolları ilə bağlı məsələləri müzakirə edirlər”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, nəzər almalıyıq ki, dövlət və hökumət başçılarının toplaşdığı bu tədbir siyasi baxımdan da önəm kəsb edir:

“Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın siyasi və diplomatik müstəvidə atdığı addımların qəbul etdirilməsi baxımından COP29 tədbiri bizim üçün siyasi olaraq ciddi anlama gəlir.

Həm də nəzərə alaq ki, bəzi dövlətlər Azərbaycana qarşı COP29 tədbirinin ölkəmizdə keçirilməməsi, eləcə də tədbirin pozulması üçün bir sıra addımlar atırlar. Bu baxımdan da anlamaq mümkündür ki, Fransa və digər anti-Azərbaycan mövqeyi tutan dövlətlər COP29-un Azərbaycanda keçirilməsindən narahatdır. Eyni zamanda, bu, beynəlxalq səviyyədə Azərbaycanın, xüsusilə də ərazi bütövlüyü və suverenliyi təmin edilmiş, işğala son qoymuş güclü, qalib Azərbaycan dövlətinin beynəlxalq səviyyədə təqdimatı baxımından çox önəmli bir tədbirdir”.

Analitik vurğulayıb ki, bunu anlayan güclər məhz bu səbəbdən müvafiq tədbirin Azərbaycanda keçirilməsini qəbul edə bilmirlər:

“Hər bir halda, nəzərə alaq ki, bu, artıq qəbul edilmiş və razılaşdırılmış bir qərardır. Azərbaycan ciddi şəkildə COP29 tədbirinə hazırlaşır, bu istiqamətdə kifayət qədər addımlar atıb. Düşünürəm ki, COP29-un Azərbaycanda keçirilməsi həm də iqtisadi baxımdan bizim üçün önəmlidir. Bilirik ki, belə mühüm tədbirdə 100 minə yaxın əcnəbi vətəndaşın Azərbaycana toplaşması, təbii ki, iqtisadi baxımdan dövlətimiz üçün önəm kəsb edir. Hər bir xarici vətəndaşın Azərbaycana gəlməsi ölkəmizə müəyyən vəsaitlərin daxil olması deməkdir. Bu da iqtisadi baxımdan bizim üçün önəmlidir.

Bu məqamlarla paralel olaraq, həm də iqlim dəyişikliyi məsələsində Azərbaycanın töhfə verməsi, bu prosesdə müsbət rol alması və ümumilikdə bəşəriyyət üçün ciddi problem olan bu məsələdə hər hansı bir yardımın göstərilməsi beynəlxalq aləmin tərkib hissəsi kimi Azərbaycan üçün də önəmlidir”.

Ekoloq Rövşən Abbasov isə xatırladıb ki, COP29 beynəlxalq bir tədbirdir və dünyanın müxtəlif ölkələrində keçirilir:

“Adından da göründüyü kimi, 29-cu COP tədbiri noyabrda Azərbaycanda keçiriləcək. COP-ların əsas məqsədi ondan ibarətdir ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkələrin səylərini, imkanlarını və resurslarını daha da səfərbər etsinlər, inkişafda olan, kasıb ölkələrə həmin mübarizə çərçivəsində müxtəlif yardımlar etsinlər. 2015-ci ildə imzalanmış Paris sazişinə görə, ölkələr milli töhfə öhdəliklərini öz üzərlərinə götürüblər. Bu çərçivədə Azərbaycan da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40% azaltmağı planlaşdırır. Bu, o deməkdir ki, biz yeni “yaşıl texnologiyalar”a keçid etməliyik, atmosferə atılan karbon emissiyalarının miqdarını azaltmaq üçün müxtəlif planlar üzərinə işləməliyik. Məhz COP29-da bu keçid üçün maliyyə vasitələrinin mənbəyinin axtarılması və müəyyən edilməsi istiqamətində addımların atılacağı gözlənilir”.

“COP29-un Azərbaycan üçün digər əhəmiyyəti isə budur ki, bütün dünyanın diqqəti noyabrda Azərbaycanın üzərində olacaq. Bu barədə müxtəlif fikirlər də səsləndirilir. Hamı bu tədbirin ölkəmizdə necə keçiriləcəyinin də fərqindədir. Dünyanın diqqətini ölkəmizə cəlb etmək baxımından mən prosesləri müsbət qiymətləndirirəm. Hesab edirəm ki, vətəndaşlarımız həmin günlərdə özlərini qonaqpərvər kimi göstərib ölkəmizin yaxşı şəkildə tanıdılmasında iştirak edəcəklər. Buraya gələnlər də ölkəmizdən xoş xatirələrlə ayrılacaqlar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.

Rafi Müslümov

COP29