Ekoloq COP29-un önəmindən DANIŞDI: “Azərbaycana ekologiya sahəsinə dair xüsusi dəstəklər olmalıdır”

“Azərbaycan ekologiya sahəsində dünyanın zərərçəkmiş ölkələrindən biridir. Bildiyimiz kimi, 2020-ci ilə qədər 20% işğal altında olan Azərbaycan torpaqlarında mənfur düşmən ekoloji terror törətmişdi. Təbii ki, COP29 tədbirinin bu kimi problemlərə həll yolu olacağını düşünmək olar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, COP29 tədbirinin gedişatında ekoloji cəhətdən problemli olan dövlətlərə, o cümlədən Azərbaycana yardımlar edilməlidir:

“Müxtəlif tullantıların Kür və Araz çaylarına, o cümlədən Xəzər dənizinə tökülməsi, bitki və heyvan aləminin məhv olması, kənd təsərrüfatında susuzluğun baş verməsi, iqlimi dəyişikliyi və bir sıra problemlər Azərbaycanın ekologiyasına mənfi təsirlər göstərir. Bunun üçün də COP29 tədbirinin gedişatında Azərbaycana ekologiya sahəsinə dair xüsusi dəstəklər olmalıdır. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərimizdə düşmənin basdırdığı milyonlarla minalar ekologiyamıza, o cümlədən insan həyatına böyük təhlükədir. Bu problemlər müəyyən qədər öz həllini tapsa da, yenə də qalmaqda davam edir. Ən azından, bu problemlərin həll yoluna dəstək olmaq lazımdır”.

Ə. Əliyev Azərbaycanda və o cümlədən regionda baş vermiş ekoloji problemlərin digər səbəblərindən də danışıb:

“Məlum məsələdir ki, Qafqazın ən böyük iki çayı – Kür və Araz çayları Azərbaycan ərazisindən də keçir. Təbii ki, digər Respublikaların bu çaylara buraxdığı zibillər, kimyəvi maddələr Azərbaycan ərazidən keçərək Xəzər dənizinə tökülür. Bu da öz növbəsində çay və dənizdəki heyvanların, əsasən də, balıqların məhvinə səbəb olur. Bu da Azərbaycanın balıqçılıq iqtisadiyyatına mənfi təsir edir. Digər bir səbəb isə Azərbaycanda bəzi ərazilərimizin şoranlaşaraq dövriyyədən çıxmasıdır. Bu da nə qədər olmasa, ekoloji problem və o cümlədən iqtisadiyyata olan bir ziyandır”.

Ekoloq bir sıra yeni addımlardan da söz açıb:

“Bildiyimiz kimi, faydalı qazıntılarımız, o cümlədən elektrik enerji balansımız getdikcə inkişaf edir. Doğrudur, bunlar iqtisadiyyatımız üçün, maddi gəlişimiz üçün çox böyük imkanlar olsa da, ekoloji baxımdan gələcəkdə böyük problemlərə səbəb ola bilər. Bunun üçün də müxtəlif prinsiplərlə işləmək, hər şeyə qənaət etmək lazımdır”.

Mayıl Soltanov

COP29