Əks-göstəriş sertifikatı belə alınmalıdır – QAYDALAR

Səhiyyə Nazirliyi vaksinasiya olunmayan şəxslərin əks göstəriş sertifikatı alması prosesində qaydaları açıqlayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, əks göstəriş sertfikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir: “Poliklinika həmin müraciət edən şəxsdən vaksinin əks göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epiqriz və ya digər sənədləri təqdim edir. Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və həmin qərar vətəndaşa göndərir”.

Məlumatda bildirilir ki, komissiyadan müsbət cavab alan vətəndaş (https://kabinet.its.gov.az/) saytında təklif olunan 4 üsuldan biri vasitəsi ilə qeydiyyatdan keçməlidirlər: “Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir. Daha sonra vətəndaşlar sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər”.