“Əks halda, növbəti addımlar döyüş meydanlarında atılacaq” – Politoloqdan Minsk qrupunun fəaliyyətsizliyinə ETİRAZ 

“ATƏT-in Minsk qrupundan gözləntilərimiz mənasız danışıqları bir tərəfə qoyub, real addımların atılması istiqamətindədir”. 

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin yerli kanallara müsahibəsində “Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir” fikrini şərh edən politoloq Yusif Bağırzadə deyib.

Politoloq bildirib ki, prezidentin səsləndirdiyi fikirlər birbaşa ATƏT-in Minsk qrupu həmsədrlərinə verilmiş mesaj kimi qəbul olunmalıdır:

“Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparması fonunda ATƏT-in bu məsələdə susqun mövqe tutması qəbuledilməzdir və prezidentin də bu məsələ ilə bağlı iradları kifayət qədər əsaslıdır.

ATƏT-in axırıncı faktaraşdırıcı missiyasının işğal altındakı ərazilərimizdə son dəfə 10 il bundan əvvəl olması, bu müddət ərzində Ermənistanın Suriyadan və başqa ölkələrdən erməniləri kütləvi şəkildə o torpaqlarda məskunlaşdırmasına, şəhərlərimizin tarixi adlarının dəyişdirilməsinə, yaşayış məntəqələrimizdə kilsələr tikməsinə və sair hallara səsinin çıxarmaması onu deməyə əsas verir ki, Minsk qrupu yalnız və yalnız danışıqların imitasiyası ilə məşğuldur.

Lakin cənab prezidentin də dediyi kimi, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil. ATƏT-in Minsk qrupundan gözləntilərimiz də mənasız danışıqları bir tərəfə qoyub, real addımların atılması istiqamətindədir. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq və işğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində addımlar döyüş meydanlarında atılacaq”.

Səxavət Məmməd

COP29