Eks-prezidentdən QƏZƏBLİ TƏLƏB: “Rusiya, taun və cəlladlar, rədd olun” – Viktor Yuşşenko yazır

Yenicag.az Ukraynanın eks-prezidenti Viktor Yuşşenkonun öz “Facebook” səhifəsində paylaşdığı və işğalçı Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılması tələbini irəli sürdüyü yazısını təqdim edir:

“Mənim qısa fərdi qeydlərim (daha doğrusu, emosiyam) bir nəfərə – fikrimcə, heç vaxt əsl kişilik keyfiyyətlərinə və ləyaqətinə malik olmayan şəxsə ünvanlanıb.

Yuxarıda vurğuladığım səbəbə görə o fikirdə deyiləm ki, sözlərim həmin ünvan tərəfindən başa düşüləcək və qəbul ediləcək. Amma hələ Allahdan qorxan 140 milyon insan da var.

O üzdən mənim bu qeydlərimi həmin 140 milyondan kimlərinsə – ola bilsin, heç düşünməyən, buna görə də kilsənizin çərənləməsində adı davamlı çəkilən Tanrının və vicdanın buyurduğu hərəkətlərə hazır olmayanların oxumasına etiraz etmirəm.

Keçək əsas mətləbə.

Bu gün Ukrayna od içindədir və qərbdən şərqə, şimaldan cənuba hər tərəfi yanır. Bizim uşaqlar, qadınlar, kişilər, dünyanın ən ləyaqətli hərbçi kişi və qadınları həlak olur.

Düşmənimiz – 7 gün əvvəl işğalçı müharibə ilə Millətimin və Ukrayna Dövlətinin üstünə gələn Moskva xuntası, Rusiya faşist rejimi, “rus dünyası”dır.

Heç nəyi gizlətmək istəmirəm, açıq danışacağam.

Ukrayna – ən azı indiki nəsil bunu sizə heç vaxt bağışlamayacaq!

Siz lənətlənmisiniz!

Siz xilaskar yox, taunsunuz. Siz müqəddəs Ukrayna torpağına zülm gətirən, mənim sevimli Ukrayna Millətimi və Dövlətimi ölümə sürükləyən cəlladsınız. Sizi buraya heç kim çağırmır və Ukraynanın bir evində, kəndində və şəhərində heç kəs sizi görmək istəmir. Bu gün sizi yalnız nəm Ukrayna torpağı sevinclə öz bağrına gömər. Yeri gəlmişkən, torpağımız artıq 7-ci gündür, bunun öhdəsindən çox uğurla gəlir.

Bizim gələcəyimiz sizinlə olmayacaq!

Əminəm ki, sizin üzərinizdə çox sərt insani və İlahi məhkəmə qurulacaq. Cəhənnəmdə yanacaqsınız. Ora sizin rejim və onun qulu olanlar üçün ən yaxşı və layiqli yerdir. Allah eləsin, bu deyilənlər mümkün qədər tez baş versin.

Yetmiş ilə ərzində “böyük və sarsılmaz SSRİ” vətəndaşlarının ağlına gələn və düşüncələrini qarışdıran o müqəddəs sual bundan ibarət olub: “Ruslar müharibə istəyirlərmi?”

Rusiya üçün ritual sayılan sualın cavabı bu gün aydın və konkretdir: “İstəyirlər!”

“İstəyirlər” və bu müharibələri Dnestryanı, Cənubi Osetiya, Abxaziya, Krım, Donbasda aparırlar. Yaxın vaxtlara qədər isə Dağlıq Qarabağda da aparırdılar.

Rusiyanın apardığı müharibələrin göstərilən coğrafiyası Avropanın ucqarları deyil, birbaşa Avropa ölkələridir.

Maraqlıdır, bu gün “əcəl zəngi” kimin üçün çalınır?

Hə, bu, artıq Moskoviyanın Rus-Ukraynaya qarşı apardığı sayca 25-ci müharibədir. Bu da əvvəlkilər kimi işğal və qəsbkarlıq müharibəsidir.

İndi isə əsas məsələ haqqında.

Rusiyalılar (yenə düşünə bilən və vicdanını itirməyənlərə üz tuturam)! Sizdən və adınızdan istifadə edərək hərəkətlənən cinayətkar rejimi qoruyub saxlayırsınız. Siz bu günün və baş verənlərin şərikisiniz.

Danışmazdan əvvəl düşünməyi, sonra isə sadə bəndə olaraq, Tanrının vicdan və məsuliyyət hissi verdiyi, bu dünyaya xeyirxah əməllər üçün gətirdiyi insan kimi məsuliyyət daşımağı öyrənin.

Sizin vicdanınızın və borcunuzun oyanmasını, səsini ucaltmasını gözləyirik.

Bu, sizin öhdəliyinizdir.

Müraciətimin ünvanına isə maniakal ağılsızlığına özünəməxsus tərzdə son qoymasını arzulayıram.

Cəhənnəm ol (qeyri-senzura ilə – red.)!

Yaşasın Ukrayna!”.

COP29