“Ölkələr bir-birinin ardınca düyü ixracını məhdudlaşdırır. Hindistanın qabığı təmizlənmiş düyü ixracına qadağa qoymasından yaranan panika dünyanın bir sıra ölkələrində analoji addımların atılmasına gətirib çıxarıb. Hindistanın ardınca Birləşmiş Ərəb Əmirlikləri ölkədən düyü ixracı və reixracını qadağan edib. Rusiya da düyü və düyü ununun ixracına 2023-cü ilin 31 dekabrına qədər qadağa qoyub.
Təbii ki, Azərbaycan mütəmadi olaraq atdığı addımlar ilə digər ölkələrdə ixracatın məhdudlaşdırılması ilə bağlı qərarların istehlak bazarında təsirlərini minimumlaşdırmağa çalışır. Digər bazarlardan düyü idxalının həyata keçirilməsi sözsüz ki, əsas prioritetlərdən biridir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, hələlik düyünün qiyməti idxal olunan məhsulların xərcinə uyğun olaraq müəyyənləşir. Nəzərə alsaq ki, Azərbaycan düyüyə olan tələbatın əsas hissəsini idxal hesabına ödəyir, buna görə də növbəti dövrlərdə idxal olunan düyünün xərci birbaşa qiymətə təsir göstərən faktor olaraq qalacaq:
“Amma Azərbaycan hökuməti və Nazirlər Kabineti çalışır ki, digər mənbələrdən düyü idxalını stimullaşdıraraq, istehlak bazarında düyüyə olan tələbatın ödənilməsində çətinliklər olmasın. Eyni zamanda qiymətlərin optimallığının da qorunub saxlanması mümkün olsun”.