Ekspert: “Gecə təlimləri ordunun döyüş hazırlığının ən vacib mərhələsidir”

“Gecə təlimləri bütün qoşun növlərinin ən əhəmiyyətli təlimi olduğunu desək yanılmarıq. Hərbi nizamnamə və komandirlərin göstərişləri mənz bu dönəmdə daha diqqətli olmağı və bu təlim, yaxud döyüş əməliyyatlarına daha ciddi hazırlaşmağı tələb edir”.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Ordusunun gecə təlimlərini şərh edən hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, gecə təlimləri əsasən düşmənə məhdud görünmə şəraitində gözlənilməz zərbənin vurulması və ona psixoloji təsirin yüksəldilməsi məqsədi daşıyır.

“Açıq görünüş olan gündüzdən fərqli olaraq gecə vaxtı düşmənin obyektlərini görmək, hiss etmək, aşkarlamaq və təyin etmək üçün böyük miqdarda texniki vasitələr və avadanlıqlar tələb olunur. Bunların da istifadəsi gündüzə nisbətdə daha çox vaxt və diqqət tələb edir. Dünya praktikasında bu kimi əməliyyatlar məhz qarşı tərəfin gözləmədiyi, yaxud daha ağır psixoloji çətinlik yaratdığı döyüş teatrıdır ki, burada hücumda olan tərəfdən də ciddi, dəqiq və mütləq tədbirlər toplusuna hazır olmaq tələb olunur. Çünki yuxarıda göstərilən aspektlər müdafiədə olan tərəflə birlikdə, hücumda olan tərəf üçün də müəyyən çətinliklər yaradır. Bu düşmənin atəş nöqtələrinin, komanda mərkəzlərinin, silah və texnika anbar və saxlanclarının, aerodrom və infrastrukturların məhdud görünmə şəraitində təyin edilərək dəqiq atəşlə sıradan çıxarılmasıdır”, – A.Əbilov vurğulayıb.

Hərbi ekspert gecə təlimlərində yarana biləcək çətinliklərdən də danışıb: “Bura aşkaretmə, təyinetmə, görmə və nişanlama qurğularının hər hansı bir təbii və texniki amillərdən düzgün işləməmi yaxud səhv istifadə zamanı ortaya çıxa biləcək problemlər, şəxsi heyətin məhdud görünmə şəraitində yerli maneələrdən xəsarət alması, fəsilə uyğun olaraq gecə zamanı təbiət şıltaqlıqlarını və başqa halları aid etmək olar”.

Onun sözlərinə görə, gecə təlimləri və gecə döyüşlərinin uğurlu olması ilk növbədə hərbçinin fiziki durumundan, texniki vasitələrin düzgün istismarından asılıdır: “Burada aşkarlama, tuşlama, təyinetmə, müşahidə və müşayət cihazlarının dəqiq öyrənilməsi, məhdud görünmə şəraitində yerli maneələrin ziyansız keçilməsi, göz ilə görünən atəş vasitələrinin atıcı silahlarla dəqiq sıradan çıxarılmasının kimi amillər də vacib rol oynayır. Gecə təlimləri zaman şəxsi heyət gecəgörmə cihazlarından istifadəni, işıq maskalanmasının sirlərini, döyüş texnikasının gecə nişangahları ilə atəş açmasını, adi gözlə görünən siluetlərin atıcı silahla sıradan çıxarılmasını, qaranlıqda səmt təyin etməni, düşmənin atəş nöqtələrini “kor” edərək sıardan çıxarmanı öyrənir. Bundan əlavə gecə təlimləri Hərbi Hava Qüvvələri və Pilotsuz Uçuş Aparatları operatorlarının qarşısında da müxtəlif ciddi və məsuliyyətli tapşırıqlar qoyur ki, bunlar da komanda mərkəzlərinin dəqiq göstərişlərinə əməl etməklə yerinə yetirilir”.

 Abuzər ƏbilovHərbi ekspert Abuzər Əbilov:

“Azərbaycan Ordusu bir neçə ildir gecə təlimləri keçirir və bu təlimlər uğurlu alınır”.

A.Əbilov vurğulayıb ki, Azərbaycan Ordusu bir neçə ildir gecə təlimləri keçirir və bu təlimlər uğurlu alınır: “Azərbaycan Ordusunun mayın 18-də start verilən genişmiqyaslı təlimləri zamanı ilk mərhələdə gecə vaxtı qoşunların yerdəyişməsi taktikaları icra olunub. Bu təlimlər zamanı qoşunların şəxsi heyətinin və texnikaların əməliyyat rayonuna hərəkəti və çatdırılması təmin edilib. Bu zaman hərbi hissələrdə dislokasiya olunmuş özüyeriyən artilleriya sistemləri, yaylım atəş sistemləri, piyadaların döyüş maşınları, operativ taktiki raket sistemləri, zirehli texnika, köməkçi vasitə və texnikalardan istifadə edilərək şəxsi heyət həyəcan siqnalı ilə qaldırılaraq şərti əməliyyat zonasına hərəkət etdirilib. Bu zaman gecə hərəkət zamanı texnika karvanlarının işıq maskalanması, qorunması, şəxsi heyətin gecikmədən təlim zonasına çatması aspektləri üzərində təlimlər aparılıb. Növbəti mərhələdə komandanlığın qarşıya qoyduğu təlim tapşırıqlarına uyğun olaraq gecə hücum taktikaları, atəşin idarə olunması və yerinə yetrilməsi, atəş təlimləri, artilleriya və yaylım atəş sistemlərinin məhdud görmə şəraitində hədəfləri təyin edib zərərsizləşdirmək, kəşfiyyat və digər təlimlər yer tutacaq. Bu təlimlərin əvvəlkilərdən spesifik fərqi də ondadır ki, bu dəfə düşmənin dərinliyində hücum əməliyyatları icra olunur”.

Qeyd edək ki, Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimlərində qoşunlar döyüş təyinatı rayonlarına gecə vaxtı çıxarılması tapşırıqlarını icra ediblər.

Qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində yürüş ediblər.