!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ekspert: "İranla birgə avtomobil istehsalı risklidir"

!Reklam – Yazi

Azərbaycan son illər yerli avtomobil istehsalına xüsusi diqqət yetirməyə başlayıb. Bu barədə məsələ Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda da müzakirə mövzusu olub. Belə ki, Neftçalada “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə layihəsi ilə “Xəzər”avtomobil zavodu inşa edilir.

Forumda bildirilib ki, dəyəri 15 milyon ABŞ dolları və səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsus olan avtomobil zavodunda İran və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında müxtəlif avtomobil modelləri istehsal olunacaq.

İlkin mərhələdə, ildə 10 min, yaxın gələcəkdə isə 50 min avtomobilin istehsal ediləcəyi gözlənilir. Görəsən, “Xəzər” avtomobil zavodu rəqabətə davamlı, rentabelli ola biləcək, yoxsa onun da taleyi əvvəl yaradılan digər avtomobil zavodları kimi olacaq?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Yenicag.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanda İran avtomobil sənayesinin reputasiyası aşağı səviyyədədir. Bu səbəbdən ekspertin fikrincə, İranla birgə avtomobil istehsalı risklidir:

“Azərbaycan avtomobil sənayesinin inkişafına nail olmaq üçün bazarı və təcrübəsi olan şirkətlərin ölkəmizə gəlməsi mütərəqqi haldır. Amma problem ondadır ki, bu zaman əməkdaşlıq aşağı keyfiyyətli, eyni zamanda dünya bazarında özünü realizə edə bilməyən şirkətlərə yönəlir. Bu da böyük ehtimalla ondan irəli gəlir ki, iri avtomobil şirkətləri Azərbaycandakı biznes mühitindən razı deyillər. Ona görə də onlar burada istehsal təşkil etməyə maraq göstərmirlər. Azərbaycan hökuməti də görünür, aparıcı avtomobil şirkətlərilə əməkdaşlığa elə də ciddi maraq göstərmir. İranla Azərbaycan arasında avtomobil sənayesində əməkdaşlıq əvvəllər də olub. Bir vaxtlar onlar Şamaxıda birgə avtomobil istehsalına başlamışdılar. Hansı ki, onun da məhsulları məcburi şəkildə ancaq taksi şirkətlərinə satılırdı. Artıq taksi şirkətlərinin də həmin zavodun məhsuluna ehtiyacı qalmadığından həmin müəssisə bağlandı. Çünki yerli istehlakçılar həmin avtomobilin keyfiyyətindən narazı idilər.

Çünki ölkəmizdə həm Azərbaycan, həm də İran avtomobil sənayesinin reputasiyası yüksək deyil. Bənzər yanaşmanı Naxşıvan avtomobil zavoduna da aid edə bilərik. Burada da avtomobil sənayesində zəif tərəf olan Çinlə əməkdaşlıq edilirdi. Dövlət sifarişlərinin bitməsilə bu avtomobillərə də maraq qalmadı. Ümid edək ki, bənzər yanaşmanı Neftçalada müşahidə etməyəcəyik. Amma burada da zəif tərəf olan İranla əməkdaşlıq edilir. Bu avtomobillər bazarı da bəlli deyil. İranın özündə belə həmin avtomobillər istehsal olunmur.

Azərbaycan bazarı da avtomobil zavodu üçün çox kiçikdir. Burada yaradılan hər hansı bir zavodun Azərbaycan bazarına istiqamətlənməsi uzunmüddətli dövr üçün mümkünsüzdür. Ona görə də növbəti dövr üçün həmin zavodun dayanıqlı istehsalı həyata keçirə bilməsi ciddi risklərlə bağlıdır. Məhsulun keyfiyyət məsələsi də şübhəlidir. Düzdür, tərəflər nəsə etməyə çalışır. Lakin bazar konyukturu əsasında ən azından Orta Asiya bazarına çıxmaq üçün daha rəqabətli və keyfiyyətli məhsul yaratmaq lazımdır. Bütün hallarda Azərbaycan bazarında 50 min avtomobili yerləşdirmək çətin olacaq. Bunun üçün xarici bazarlara çıxışın olması mütləqdir. Naxçıvanda istehsal edilən avtomobilə 22, 25, 27 min dollar qiymət qoyulurdu. Bu qiymətə insanlar Avropadan daha keyfiyyətli, komfortlu, dözümlü avtomobillər gətirə bilirlər. Bu mənada Neftçalada yaradılan avtomobil istehsalı prosesinə də ənənəvi yanaşma tərzi davam edəcəksə, həmin zavodun rentabelli işləyəcəyi sual altındadır. İlk dövrlərdə ola bilsin ki, bəzi dövlət sifarişləri olsun. Amma təcrübəyə istinadən prosesin sona qədər dayanıqlı olacağını düşünmürəm”.

ELÇİN

www.yenicag.az

2013
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv