Ekspert Mikayıl Cabbarova önəmli təkliflər verdi

Vergilər Nazirliyi Vergi Məcəlləsinə yeni dəyişikliklər hazırlayır.

Son illər vergi dərəcələrinin optimallaşdırılması və daha dəqiqi aşağı salınması dəfələrlə gündəmə gətirilsə də, təəssüf ki, vergi dərəcələrinin aşağı salınması müşahidə edilməyib. Aydındır ki, vergi yükünün azaldılması və eləcə də vergi dərəcələrinin optimallaşdırılması sahibkarlığın inkişafı baxımdan çox vacibdir.

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sadələşdirilmiş vergi dövriyyəsinin artırılmasına ehtiyac var. 2015-ci ildən bəri manatın dollar qarşısında 2 dəfə ucuzlaşmasına baxmayaraq, sahibkarlar üçün sadələşdirilmiş dövriyyənin məbləği dəyişdirilməyib.

“Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsinin 200 min manatdan 400 min manatadək artırılması və buna uyğun olaraq müəssisələrin təsnifatının dəyişdirilməsi vacibdir. İkincisi, vəsaitin nağdılaşdırılması zaman tətbiq edilən 1 faizlik verginin ləğv edilməsinə ehtiyac var. Bu “qəribə vergi” xalis mənfəətdən ayırmadır ki, bu da həm vergi fəlsəfəsinə, həm də mövcud qanunvericiliyə ziddir. Sahibkar bütün vergiləri ödədikdən sonra yenidən vergi öhdəliyinə məcbur edilə bilməz. Nə qədər qəribə olsa da, vəsait nağdlaşdırılan zaman həm bank faizi tutulur, həm də sözügedən vergi tətbiq edilir”, – deyə ekspert vurğulayıb.

V.Bayramov qeyd edib ki, əlavə dəyər vergisinin differensial tətbiqinin həyata keçirilməsinə ehtiyac var: “Mövcud qanunvericiliyə əsasən, elmlə məşğul olan da, ticarətdə işləyən də eyni dərəcdə 18 faiz vergi ödəyir. Halbuki, sektorlardan asılı olaraq vergi dərəcələrinin fərqləndirilməsinə ehtiyac var. Prioritet sektorlarda daha aşağı dərəcəli ƏDV-nin tətbiq edilməsi lazımdır. Mənfəət vergisi daxil olmaqla digər vergi dərəcələrinin azaldılması çox vacibdir. Xüsusən də, fiziki şəxslərin gəlir vergisinin də azaldılması vacibdir. Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq təkliflərimizi hökumətə təqdim etdiyimiz üçün bütün qeydlərimizə bir statusda toxunmaq mümkün olmasa da, xüsusilə qeyd etmək lazımdır ki, vergiyığmada şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafının sürətləndirilməsi üçün vergi yükünün azaldılması qaçılmazdır”.

COP29