Ekspert: “SOCAR-ı günahlandırmaq əsassız, məntiqsiz yanaşmadır və ara qızışdırmaq məqsədi güdür” – VİDEO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti gənclərlə son görüşündə ona ünvanlanan bir sıra sualları cavablandırıb.
Bunlardan biri Gürcüstan pravoslav kilsəsinin şirkətdən aldığı təmənnasız qazla bu ölkə ərazisində yerləşən erməni kilsələrini təchiz etməsinə dair idi. SOCAR rəhbəri cavabında kvotanın Gürcüstan pravoslav kilsəsinə verildiyini və onların özlərinin bu kvotanı böldüyünü deyib.
Bu məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov SOCAR-ın transmilli şirkət olaraq Gürcüstandakı fəaliyyətini həmin ölkənin qanunları çərçivəsində apardığını və həmin qanunların tələblərinə tabe olduğunu deyib:
“Regiondakı geosiyasi durumdan dolayı, ölkəmiz tərəfindən müəyyən strateji layihələrin reallaşmasında Gürcüstanla əməkdaşlığın alternativi olmayıb. Bu ölkə Azərbaycanın dünya bazarına çıxışında mühüm kanaldır. Nəzərə almaq lazımdır ki, Gürcüstan fərqli millətlər, fərqli dini konfessiyalar, fərqli siyasi baxışların olduğu və fərqli ölkələrin maraqlarının toqquşduğu bir ölkədir.
Bu isə zaman-zaman istər daxili, istərsə də xarici auditoriyaya yönəlmiş bu və ya digər məsələlərin spekulyasiya predmetinə çevrilməsinə gətirib çıxarır. Bunun nümunəsini SOCAR-ın zamanında dünya bazarına ekspansiyasını Gürcüstandan başladığı dövrlərdə görmüş olduq.
Həmin vaxt şirkətə qarşı çox aqressiv və əsassız bir kampaniya başlanmışdı. Əhaliyə SOCAR-ı boykot etmək, ondan benzin almamağa dair çağırışlar edilirdi və bu prosesə müəyyən mənada dini çalarlar da əlavə edilmişdi. Gürcüstanda isə din bizdəki qədər dövlətdən ayrı deyil. Əhali arasında kilsənin və onun dini rəhbərinin nüfuzu çox yüksəkdir. Bu təsisat siyasi proseslərə belə təsir etmək imkanına malikdir.
SOCAR transmilli şirkət olaraq Gürcüstandakı fəaliyyətini həmin ölkənin qanunları çərçivəsində aparır və onun tələblərinə tabedir. Son məlumatlardan da bəlli olur ki, kvotanı bölmək gürcü kilsəsinin yurisdiksiyasına aiddir və elə həmin qurumun verdiyi məlumata görə, SOCAR-dan alınan pulsuz qaz yalnız pravoslav kilsələrinə verilir.
Kilsənin təmənnasız aldığı qazı kimlərəsə ötürməsi kimi məsələləri ortaya atmaq və SOCAR-ı günahlandırmaq əsassız, məntiqsiz yanaşmadır və ara qızışdırmaq məqsədi güdür.
Regionda maraqlı olan bütün tərəflərə bəllidir ki, Azərbaycan qonşu ölkəyə əhəmiyyətli həcmdə investisiyalar edib və onun enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rola malikdir. Gürcüstanla münasibətlərin müəyyən olunmuş xətdən kənara çıxması isə yolverilməzdir”.