Əlaçı şagirdlərə qarşı HAQSIZLIQ: “Dərslərini yaxşı oxumayanlar sinifdən-sinfə adlamasın” – Ekspertdən TƏKLİF

“Baş verən hər bir hadisədə müəllimi günahlandırmaqdan yayınmalıyıq”.

Bu fikirləri son zamanlar təhsildə baş verən neqativ hallarla bağlı danışan təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında səsləndirib.

Ekspert dərslərini yaxşı oxumayan şagirdlərin sinifdən-sinfə keçəməli olduğunu vurğulayıb:

“Son dövrlərdə baş verən porseslərdə, təbii ki, cəmiyyətin özü günahkardır. Hər birimiz vətəndaş olaraq vəzifəmiz normal cəmiyyət formalaşdırmaqdır. Ümumi baş verəcək neqativ halların qarşısını almaq üçün müəyyən strukturlar var. Daxili kommunikasiyanın – müəllim-şagird və yaxud şagirlərin bir-birilə olan münasibətlərinin düzgün qurulması nəzarət mexanizminin, daxili qayda-qanunun olmasına əsaslanır.

Şagird və müəllimlər arasında mübahisələrin olması müxtəlif səbəblərdən qaynaqlanır. Bunun üçün mütləq tərəflərin biri kompramisə getməyi bacarmalıdır. Biri digərinə güzəştə getməyi bacarmadığına görə ciddi fəsadlara gətirib çıxarır. Biz bütün baş verən proseslərdə müəllimi günahlandırmalı deyilik. Şagirdlər məktəbəqədərki müəyyən dövrü öz valideynləri ilə keçirirlər, onların formalaşmasında valideynin xüsusi rolu var.

Ona görə də baş verən hər neqativ hadisədə müəllimi günahlandırmaq kimi fikirlərdən yayınmalıyıq. Təbii ki, elə situasiyalar var ki, müəllim məsuliyyət daşıyır. Əksər məsələlərdə müəllim amili cüzi rol oynasa da, müəllim günahlandırılır. Bu da cəmiyyətdə müəllim nüfuzuna ciddi xələl gəlməsinə, müəllimlərin prosesdən yayınmasına gətirib çıxarır. Elm və Təhsil Nazirliyi konkret olaraq vətəndaşlar arasında maarifləndirmə işlərini düzgün həyata keçirməli, bölgələrdə, paytaxtdan kənar ərzilərdə valideynlərlə, məktəb rəhbərliyi ilə çoxsaylı görüşlər təşkil etməli, paralel çalışılmalıdır.

Nəzarət mezanizmi elə qurulmalıdır ki, şagird hər hansı bir auditoriyadan video çəkib yaymağa, dərsin gedişatını pozacaq dərsdən kənar məsələlərə yox, dərsə meyilli olsun. Təklif edə bilərəm ki, dərslərini yaxşı oxumayan şagirdlər sinifdən-sinfə adlamasın. Biz görürük ki, şagird dərsə maraq göstərmir, amma yaxşı nəticələri olan şagirdlərlə birgə 11-ci sinifə çatıb attestat alır. Nə səbəbə? Bu da bəzi şagirdlərdə “mən nə etsəm də, sonda sənəd alacam” düşüncəsi yaranır. Ölkədə 1 milyon 600 mindən çox şagird təhsil alır. Biz baxsaq, hər birinin ayrı-ayrlıqda psixoloji xüsusiyyətləri var. Hər birinə fərdi yanaşılmalı, hamısına eyni cür davranılmamalıdır”.

İsmayıl Bakuvi

COP29