!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”

!Reklam – Yazi

23437_rzaGüney Azərbaycan dil və mədəniyyəti tarixində böyük işlər görmüş doktor Cavad Heyətin 1979-cu ildən bəri çıxan “Varlıq” dərgisi hal-hazırda Anakaradan dünyaya yayılmaqdadır. İndi “Varlıq” dərgisinə Cavad Heyətin qardaşı oğlu, türkoloq alim, Ankara Univerisitetinin müəllimi Rza Heyət redaktorluq edir. Rza Heyətlə “Varlıq” dərgisinin keşməkşli yolu, İranda azərbaycan türkcəsinin indiki durumu, İran dövlətinin azərbaycanlıların dil və milli kimliyini əritmək üçün istifadə etdiyi metodlar, azərbaycanlıların ana dili uğrunda mübarizəsi və Azərbaycan dövlətinin bu mübarizədə rolu ilə bağlı söhbətləşdik.

– Rza bəy, Quzey azərbaycanlılar üçün ana dilini sərbəstcə istifadə etmək məsələsi uzun müddətdir həll olunub və demək olar ki, insanların beynini məşğul edən elə bir ciddi problem deyil.Bəs bir Güney azərbaycanlı üçün ana dili nədir?

– Dediyiniz kimi, öz dilində məktəbi olan, özünü ana dilində ifadə edən cəmiyyətlər üçün dil təəssübkeşliyi elə də böyük məsələ deyil, nəinki öz ana dilində təhsilin yasaq olduğu Güney Azərbaycan cəmiyyətində. Bildiyiniz kimi İranda 1925-ci ildən bəri Azərbaycan türkcəsində təhsil, hətta bir müddət məktəblərdə azərbaycanca danışmaq yasaq olunub. Bu üzdən dil mövzusu güneylilər üçün daim ağrılı mövzudur. İrandakı azərbaycanlılar arasında ana dili şüuru son 15-20 il ərzində, yəni Azərbaycan Respublikası müstəqil olandan sonra formalaşmağa başladı. Azərbaycanın müstəqil olması İrandakı soydaşlarımıza çox böyük təsir etdi, çünki insanlar bir anda onlarla eyni dildə danışan, öz dilində məktəbi, universiteti, parlamenti, televiziyası olan bir millətin varlığıyla qarşılaşdılar.

Sizlə doktor Cavad Heyətlə bağlı bir xatirəmi bölüşmək istərdim. Cavad Heyətin 70 illik yubileyində böyük yazıçılarımızdan Rza Bərəhani də TehrandanAzərbaycana dəvət olunmuşdu. O, Azərbaycan Parlamentində olmuş, teatra tamaşa etmiş və bundan möhkəm heyrət və sevinc hissi keçirmiş, Azərbaycan dilinin rəsmi və ədəbi dil kimi istifadə oluna bilməsi ona çox təsir etmişdi. Bax, bu məsələlərə görə ana dili bizim üçün çox önəmlidir. Dil olmasa millət olmaz.


“İlk növbədə İran dövlətindən təhsil və ictimai şüur vasitəsilə sürdürdüyü bu assimilyasiya, farslaşdırma siyasətini durdurmağı tələb etməliyik”.

– Sizcə, İranda azərbaycanlıların ana dili üçün apardığı mübarizə yetərlidirmi?
-İranda Ruhani prezident seçiləndən sonra Təbrizdə türk dili qurumu açma sözünü vermişdi, amma ona əməl etmədi və belə sözlərə əməl etməzlər, bizim illərlə belə sözlərdən yapışaraq mübarizəyə çalışmağımız vaxtımızı boşa aparır. Mənə görə, daha dəqiq hədəflər üçün mübarizə aparmaq lazımdır. Məsələn, indi İranın orta məktəb, univerisitet, tarix kitablarında açıq-açığına türklərin əleyhinə böhtanlar verilir. Bu assimilyasiyaya xidmət edən yazılardır. Məsələn, yüz illərlə İranda hökmran olmuş türk tayfaları “türk qulları” deyə anılır. Türklər, uzun illər ərzində İranın əsas xalqlarından biri olmasına baxmayaraq, yadelli işğalçılar kimi təqdim olunur. Yaxud Quzey Azərbaycan Aran adlanır və İranın bir vilayəti kimi qələmə verilir. Fikrimcə, bu məsələləri diqqətə alaraq ilk növbədə İran dövlətindən təhsil və ictimai şüur vasitəsilə sürdürdüyü bu assimilyasiya, farslaşdırma siyasətini durdurmağı tələb etməliyik.


– İranda olduğu kimi Azərbaycanda, Rusiyada, Avropanın bir çox ölkələrində də çoxlu sayda fərqli dillərdə danışan yerli xalqlar yaşayır. Demokratik ölkələr həmin xalqlara öz dillərində təhsil almaq, öz mədəniyyətlərini qorumaq haqqı tanıyır və bu, hərhansı bir problem yaratmır. Sizcə, İranın daxili iğtişaşlara, gərginliyə və xalqlararası düşmənçiliyə meydan olmaqdansa, xalqlara öz dillərində yazıb-oxumaq azadlığı verməsi nə problem yaradacaq ki?

– Əslində, bu heç bir problem yaratmayacaq. Nəzərə alaq ki,İranda fars millətçiliyinin vüsət almasında ingilislərin çox böyük rolu var. Çünki əsrin əvvəllərində Avropa ilə bitişik böyük bir türk coğrafiyası mövcud idi. Bir tərəfdə Türkiyə dövləti vardı, onun yanında Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılmış Demokratik Azərbaycan Cumhuriyyəti dayanmışdı, Azərbaycana bitişik İran isə türk tayfası olan Qacarlar tərəfindən idarə edilirdi. O zamanlar Avropanın qonşuluğundakı bu nəhəng türk coğrafiyası avropalıları narahat edirdi. Ona görə Azərbaycan rusların əli ilə, Türkiyə Avropa ölkələrinin əli ilə, İran isə fars millətçiliyinin əli ilə türklüyü zəiflətməyə çalışdılar. Beləliklə, İranda uzun əsrlərdən sonra ilk dəfə fars hakimiyyəti quruldu. İrandatürklərə qarşı yönəlmiş fars millətçiliyi təbii deyil. Çünki İranda çoxlu etnik qruplar ola bilər. Amma İran əhalisinin yüzdə 85-i türk və farslardan ibarətdir. Həmişə siyasi hakimiyyət bu iki xalq arasında bölünüb. İndi fars millətçiləri düşünürlər ki, türklər milli kimliklərinə sahib olsalar, iqtidarı ələ keçirəcək və təkrar fars dövləti qurmaq şansımız olmayacaq.

İran üçün hansı yol uyğundur deyə araşdırsaq, əlbəttə ki, həm türklərin, həm farsların, həm də digər İran xalqlarının hüquqlarının qorunduğu demokratik dövlət quruluşu labüd görünür. Lakin İranda demokratikləşmənin qarşısını kəsən ən böyük qüvvə fars millətçliyidir. Bu gün İran demokratikləşmək istəyir, tez-tez təşəbbüskar islahatçılar ortaya çıxır, amma hər dəfə fars millətçiliyi o təşəbbüsləri yarımçıq boğur.

“İranda fars millətçiliyinin vüsət almasında ingilislərin çox böyük rolu var. Əsrin əvvəllərində Avropa ilə bitişik böyük türk coğrafiyası avropalıları narahat edirdi”.

– Bəzən ilahiyyatçılar İrandan dünyaya yayılmış şiəliyi fars millətçiliyi ilə sıx bağlayırlar və bəzi güneyli siyasi fəallar şiəliyin İran azərbaycanlılarının farslaşmasında böyük rolu olduğunu deyirlər. Bəs sizcə, şiəlik assimilyasiyaya güc verirmi?

– Farslar özlərini dünyanın böyük Sasani imperatorluğunun və Zərdüştlük dininin varisləri sayırlar və müsəlmanlığı ərəblərin təbliğ etdiyi kimi yox, farslara xas şəkildə qəbul edirlər. Şiəlik digər üç xəlifəni qəbul etmir, dördüncü xəlifəyə biyət edir, halbuki dördüncü xəlifə İmam Əli özü digər üç xəlifəni qəbul edib.

Düşünürəm ki, azərbaycanlıları bir-birlərinə bağlayan inanc olmamalıdır, bu bağlar tarix, mədəniyyət, dil ola bilər. Çünki qədim zamanlardan inanc fərqliliyinin eyni xalq arasında necə böyük münaqişələrə səbəb olduğunu görmüşük. Həmçinin şiəliyin assimilyasiyaya böyük güc qazandırdığını demək də doğrudur. Azərbaycanlılar şiə olmasaydı, yalnız farslar şiə olsaydı, indi azərbaycanlıların assimilyasiyası bu qədər güclü getməyəcəkdi.
Amma indi İranda vəziyyət dəyişib, İran inqilabından 36 il keçib və bu 36 ildə İran xalqı dinin sui-istifadə vasitəsi olduğunu əyani gördülər. Bəlkə Quzey azərbaycanlı yaxud gürcüstanlı azərbaycanlılar üçün İran dindarlığı daha yeni bir qavramdır. Ancaq İrandakı türklər arasında məhzəb öz rəngini itirməkdədir.

– Bu nəylə bağlıdır?
– Çox sadə bir səbəb var. İran şiə dövlətidir və özünü dünyada şiəliyin himayədarı kimi təqdim edir. Ancaq əgər İranQarabağ savaşında şiə Azərbaycan dövlətinin deyil, ermənilərin yanında oldusa, burda yalan ortaya çıxır. Və bu təkrarlandıqca İran bütün güvənini itirir. Kaş İranşiə dövləti olaraq Azərbaycana münasibətdə deyəydi ki, biz müsəlmanların, şiələrin tərəfdarıyıq. Ancaq Azərbaycandan fərqli olaraq bu gün İran Suriyadakı Əsəd hökumətinə dəstək verir. Demək ki, İran şiəlik deyil, şəxsi çıxarlarını düşünür. Fars millətçiliyini əsas götürür.

“Cavad Heyət Xameneyiyə Qarabağla bağlı məktub yazmışdı”

– İran üzrə ekspertlər prezident Həsən Ruhani dövründə azərbaycanlılara qarşı bir həssaslıq yarandığını deyirlər. İndi İran siyasətçiləri üçün azərbaycanlıların önəmi nə dərəcədədir?
– Azərbaycanlıların önəmi çox artıb. O dərəcədə ki, bütün siyasətçilər seçkidən əvvəl azərbaycanlıların problemləri ilə bağlı vədlər verirlər. Əlbəttə, sonra o vədlərin çoxu yerinə yetirilmir. Məsələn, Ruhani azərbaycanlılara türk dili ilə bağlı, Urmu gölünün vəziyyəti ilə bağlı və Güney Azərbaycanın iqtisadi yüksəlişi ilə bağlı çoxlu vədlər vermişdi ki, o vədlərin heç biri yerinə yetirilmədi. Məsələ ondadır ki, İran hökumətinin içində azərbaycanlıların problemlərini həll etmək istəyənlər çoxdur, amma hakim güc buna imkan vermir. Məsələn, Ruhaninin azərbaycanlılarla bağlı problemlərə cavabdeh olan müavini Əli Yunisi bir açıqlamasında dedi ki, sentyabr ayından məktəblərdə azərbaycanlı şagirdlər öz ana dilində oxuyacaq, Türk Dil Qurumu yaranacaq. Buna ən çox qarşı çıxanlar da elə sistemin öz içərisindən oldu. Beləlikl,ə həmin vəd yerinə yetirilmədi,ya onun bu fikri səmimi deyildi, ya da ona mane olanlar vardı. Amma biz hər dörd ildən bir seçkilərdə belə vədlərə aldansaq, bu bizim zəifliyimizdir.

– İranda türk dilinin qorunmasında əvəzsiz rolu olan Cavad Heyət və onun “Varlıq” dərgisi artıq bir əfsanəyə çevrilib. Siz İranda “Varlıq” dərgisinin yeri və rolunu necə qiymətləndirərdiniz?
– “Varlıq” dərgisi İranda 1979-cu ildən bəri çap olunur. Onun İran azərbaycanlılarına bir neçə yöndən təsiri oldu. Birincisi, o dərgi Quzey Azərbaycanda işlənən yazı dilini rusca sözlərdən təmizləyib öz sözlərimizi qoyaraq altı ilə qədər yazı dili kimi insanlarımıza çatdırdı. Bu, İranda Azərbaycan türkcəsinə bir prestij, etibar qazandırdı. Farsların arasında bizim dilimizə olan aşağılayıcı düşüncəni tamam qırdı.“Varlıq” dərgisinin davamçıları kimi yeni bir nəsil yetişdi, bu nəsil İranın yeni azərbaycanlı yazarlarıydı ki, bir qismi “Yaşmaq” dərgisinin ətrafında toplaşmışdı.

– Cavad Heyət Azərbaycan kimliyinə, cəmiyyətinə necə təsir edib?
– Cavad Heyətin bir dil və mədəniyyət, bir də siyasi yönlü təsirləri var. Məsələn, ordan başlayım ki, Qarabağ savaşı başlayanda Cavad bəy böyük narahatçılıq və sarsıntı keçirib, xüsusilə də Kəlbəcər işğal olunandan sonra o, səssiz qala bilmirdi. O günlərdə “Varlıq” dərgisinin yazarlarını bir yerə toplayır və Seyid Əli Xameneyiyə uzun bir məktub yazırlar.Məktubda Qarabağda azərbaycanlılara qarşı törədilən zülmlərdən, cinayətlərdən bəhs edir və ondan rica edir ki, İrandan Qarabağa könüllü əsgərlər yollamağa, ikincisi isə Qarabağa pul yardımı toplamağa icazə versin. Ancaq dini liderdən həmin məktuba heç bir cavab gəlmir. Ondan sonra Cavad bəy Süleyman Dəmirələ yardım üçün müraciət etdi, Süleyman Dəmirəl isə öz səfirinin vasitəsilə Cavad bəyə xəbər yolladı ki, heç narahat olmasın, Türkiyə əlindən gələn yardımı əsirgəməyəcək.

– Azərbaycanda İran həm mediası, həm mədəni qurumları vasitəsilə kifayət qədər fəaliyyət göstərir, bəs Azərbaycan dövlətinin İranda fəaliyyəti nə dərəcədə qənaətbəxşdir?
– Mən bir güney azərbaycanlı olaraq Azərbaycan dövlətinin Güney Azərbaycan məsələsi ilə bağlı fəaliyyətindən qətiyyən razı deyiləm. Sanki İrana münasibətdə yersiz bir qorxu var. Əlbəttə, İrandan çəkinmək məntiqlidir. Amma Azərbaycan lazım olan bir məsafəyə qədər addımlayıb orda dayana bilər, halbuki biz Azərbaycanın tamam fəaliyyətsizliyiylə qarşılaşırıq. İndiyədək İranla Azərbaycan arasında münasibətlərə baxsanız görərsiniz ki, İrana təktərəfli imtiyazlar verilib. Məsələn, İranın daim Azərbaycanı tənqid edən “Səhər” kanalı var, ancaq Azərbaycanın onun cavabını verəcək bir kanalı yoxdur. Azərbaycan hökuməti İranın ona qarşı fəaliyyətini görməzdən gəlir. Elçibəy zamanında Tehranda Azərbaycan kitab mağazası açılmışdı, orda Azərbaycandan gətirilmiş ədəbiyyat, tarix kitabları, Azərbaycan qəzetləri satılırdı, mən özüm o mağazaya tez-tez baş çəkirdim. Sonra həmin mağaza bağlandı, Azərbaycanda yeni hökumət hakimiyyət başına keçdi, İranla münasibətlər istiləşdi, lakin nə Azərbaycan kitab mağazası, nə mədəniyyət mərkəzi, nə azərbaycan dili kursları yaradılmadı. Belə hallar istər-istəməz insanı soyudur. Azərbaycandan gözlədiyimizi ala bilmirik.
Cavad Heyətlə bağlı bir kədərli xatirəmi sizinlə bölüşmək istərdim. Cavad Heyət dünyasını dəyişməzdən öncə dəfn olunması üçün iki yeri vəsiyyət etmişdi:yaTəbrizdə şairlərin dəfn olunduğu “Məqbərəti Şüarə” yəni Şairlər qəbristanlığı, ya da Bakıdakı “Birinci fəxri xiyaban” idi. Cavad bəy vəfat edən kimi Bakıdakıİran səfiri ilə görüşdük, o, cənazə üçün Təbrizdəki “Şairlər qəbristanlığında” deyil, “Sənətkarlar qəbristanlığında” yer ayrıldığını dedi. Biz buna da razı olduq. Bir neçə gün sonra guya güvənlik məsələlərinə görə onu İrana aparmağa icazə vermədilər. Onda biz Bakıya üz tutduq. Azərbaycan dövləti Cavad bəyin Bakıdadəfninə yardımçı oldu. Amma iki şey məni narahat etdi. Birincisi, İranın basqısı ilə sönük bir dəfn mərasimi keçirdilər. İkincisi isə yenə İranın təsiri ilə Cavad bəyi əvvəl vəd etdikləri kimi Birinci Fəxri Xiyabanda deyil, İkinci Fəxri Xiyabanda dəfn etdilər. Mən Azərbaycan dövlətindən həm məmnunam, həm də inciyəm.(Xəbər365)

www.yenicag.az

1119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv