!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudov nurçuların mətbəəsinə necə şərik oldu? – Sabiq MTN şefinin “Nurlar” qalmaqalı – I Yazı

!Reklam – Yazi

nurlar___2222222

 

Bir müddət öncə Şərur Türk Liseyi adlanan məktəbdə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun atasının heykəlinin qoyulmasından daha çox dağıdılması müzakirə edildi. Əslində isə o heykəlin oraya hansı şərtlərlə qoyulması və fətullahçılarla sabiq nazirlə olan münasibəti araşdırılmalı idi. Lakin nədənsə, bu məqamın üzərindən sakitcə keçildi.

Eldar Mahmudov “vurulan”dan sonra ortaya çıxan bir məqam vardı. Deməli, dövlətin zirvəsini dinləyən eks-nazir addımlarını da ona görə atıb. Məsələn, kimi şantaj etmək, kimi “vurmaq”  lazım olduğuna “yuxarılar”ı dinləyərək qərar verib.

Burada bir haşiyəyə ehtiyac var. Belə ki, “Wikileaks” sənədlərində ABŞ-ın keçmiş səfiri Enni Dörsün 5 avqust 2008-ci ildə Vaşinqtona göndərdiyi bir teleqrafdan bəhs edilir.

Teleqrafdakı iddiaya görə, Azərbaycan dövləti 2006-cı ildə Fətullah Gülən Şəbəkəsini bitirmək qərarına gəlib: “Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin və Milli Təhlükəsizlik Nazirinin də içərisində olduğu qrup Gülən Şəbəkəsinin bitirilməsi məsələsində qərarlı idi. Bu məsələdə Prezident Əliyevin dini ekstremizmin güclənməsinə qarşı mövqeyi də əsas rol oynayırdı”.

Sənəddə bildirilir ki, o zaman Əliyevin Gülənin Azərbaycan Şəbəkəsini bitirməsinə Türkiyədən gələn zəng mane olub.

Yəni, yarımçıq qalsa da, o vaxt buna cəhd olub və Prezidentin bu məsələdə mövqeyini təkcə MTN şefi deyil, hər kəs bilirdi.

Və əslində Gülən Şəbəkəsinə qarşı olmasa da, digər nurçu qruplara qarşı fəaliyyət üstüörtülü də olsa başladı. Azərbaycanda Güləndən sonra ən böyük nurçu qrupuna sahib Mustafa Sunqurun 1992-ci ildən nümayəndəsi olan Abdurrahman Alkış və digərləri ölkədən deport edildi. Ölkə çapında mədrəsə və nur evlərinə edilən basqınlarla dindar nurçular dağıdıldılar.

Məsələ burasındadır ki, bütün bunlar yaşanarkən, nə fətullahçıların, nə də nurçular adlanan qrupun biznes strukturlarına toxunulmurdu. Bu barədə az sonra…

nurlar___222Deməli, bu basqınlardan öncə mərhum Mustafa Sunqurun (Səid Nursinin tələbəsi) Azərbaycana etdiyi səfərlə bağlı bediuzzaman.net saytı bunları yazırdı: “İlk olaraq Azərbaycandakı müşahidələrindən danışan Mustafa Sunqur 20-i Bakıda olmaq üzrə 70 evdə Risaleyi-Nur söhbətlərinin gerçəkləşdirildiyini, bu məkanları daha çox universitet tələbələri və məzunlarının doldurduğunu söylədi. Risaleyi-Nurun yavaş-yavaş iş dünyasında da oxunduğunu bildirən Sunqur Abi “Nurlar” Mətbəəsinin qurulduğuna dair şad xəbəri də verdi”.

Yəni, nurçu lider açıq şəkildə Bakıda fəaliyyət göstərən “Nurlar” mətbəəsinin onların camaatına məxsus olduğunu söyləyirdi. Sunqurun əsas adamlarının Azərbaycanda deport edildiyi, evlərinin hər dəfə basqına uğradığı halda dinçilərin obyektlərinin aqibəti necə oldu?

Əsl məsələdə “Nurlar”da çözülür. Belə ki, 2007-ci ilə qədər Mustafa Sunqur Camaatına məxsus olan mətbəə “əl dəyişdirir”. Həm də elə bir “əl” ki, dünənə qədər min bir dil tökərək, icarədə qaldıqları ərazini qanunsuz olaraq ələ keçirirlər. Bütün rəsmi sənədlər, hətta ilk məhkəmələr belə yerin əsl sahibini haqlı çıxarsa da, birdən birə hər kəs dəyişir və bütün hakimlər “Nurlar”ı müdafiə etməyə başlayırlar. Yer sahibinə isə öz halal yerindən əl çəkmək məsləhət görülür. Səbəb barədə isə kimsənin ağzını “bıçaq açmır”.

Səbəb isə sonra anlaşılır. Şəxsən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ciddi gəliri olan bu mətbəənin şəriki olub. Qısacası, Sunqurun adamları sorğu-suala çəkilərək, maliyyə qaynaqları barədə müfəssəl bilgi sahibi olduqdan sonra “evlər” dağıdılsa da, biznesə şərik olunub.

Şərikli biznesin ilk meyvələrindən biri də “Nurlar” Mətbəəsi, rəsmi adı ilə çağırsaq, “Nurlar” Nəşriyyat-poliqrafiya Mərkəzi olub.

Bundan sonra vaxtilə yer sahibi qarşısında mağmun görünüş alıb, bu yerdən əldə edilən gəlirlə guya kimsəsiz uşaqlara yardım etdiklərini bildirən və illərlə bu səbəbdən icarə haqqı verməyən “Nurlar” Nəşriyyat-poliqrafiya Mərkəzi rəhbərliyi yeri ələ keçirmək uğrunda qanunsuz mübarizəyə başlayıb. Ortada heç bir satış müqaviləsi olmadan sırf Eldar Mahmudovun tapşırığı ilə Ali Məhkəmədən qalib ayrılıblar.

Təbii ki, burada başqa isimlərin də rol oynadığı vurğulanır. Fəqət Eldar Mahmudov faktoru bütün bunları önləyib. Daha doğrusu, prezidentin nurçulara münasibətindən xəbərdar olan nazir növbəti dəfə biznes maraqlarını dövlət maraqlarından üstün tutub. İllərdən bəri dövlətin dini qruplara qarşı münasibəti bəlli olsa da, Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı bir nömrəli məsuliyyət daşıyan şəxs onlarla ticarətini qurub.

Maraqlıdır ki, Eldar Mahmudovun kurasiyasına keçənə qədər Azərbaycanda daha çox nurçu və fətullahçı şirkətlərin işlərini görən, ən yaxşı müştəri deyə, “Azərsun”dan başqasını göstərməkdə çətinlik çəkən mətbəəyə birdən birə böyük şirkətlərin sifarişləri axmağa başlayır. Qısa zamanda, ölkədəki neft və mobil şirkətləri də daxil olmaqla, bütün “divlər” “Nurlar”ın müştərisinə çevrilir. Yəni, Eldar Mahmudov şirkəti ələ keçirməklə yetinmir, oraya müştərilər cəlb etdirərək, daha çox qazanır. Bu səbəbdən də, qurduqları şirkətə eks nazirin ortaq olması oranı çalışdıranları məmnun edir. Bu həm də dövlətdən qorunmaq üçün ən etibarlı dayaq idi.

Qarşılarına çıxan bütün maneələri eks-nazirin əli ilə dəf edən “Nurlar”ın sahibləri onların qanunsuz fəaliyyətindən edilən şikayətləri də bu yolla ört-basdır etməyə müvəffəq olublar.

Bu barədə geniş təfərrüata və məhkəmə prossesində baş verən qanunsuzluqlara növbəti yazılarımızda toxunacağıq.

Yenicag.az Araşdırma Qrupu

P.S. Növbəti yazımızda Eldar Mahmudovun himayə etdiyi İsmayıl Allahverdiyev və “Nurlar” mətbəəsinin  “Kooplayihə-AHB” firmasının başına açdığı müsibətlərdən və qalmaqallı məhkəmə prossesindən bəhs edəcəyik.

www.yenicag.az

1411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv