!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudovu bitirən əsas SƏBƏB

!Reklam – Yazi

AzNews.az_mtn_eldar_hebs2Sabiq nazirin görünməyən gücü; Siyasi və dini müxalifətə ən müxtəlif üsullarla təsir imkanları yaratmış Eldar Mahmudov ölkənin siyasi nəbzini müəyyənləşdirən “Ag evi” qabaqlamağa, özünün prezident üçün önəmini qabartmağa çalışıb; müxalifət-iqtidar görüşlərini təşkil edən Prezident Administrasiyasına qarşı da çıxan məhz MTN şefi olub və həm də gizli səsyazısı ilə…

 
Milli Təhlükəsizlik Nazirliyində (MTN) Eldar Mahmudovun işdən çıxarılmasından sonra sahibkarların incidilməsi və həbslərlə bağlı yayılan ən müxtəlif səpkili xəbərlər “ipin ucunu” tapmağa imkan vermir. Ola bilsin ki, müəyyən dairələr də bütün ölkəni silkələyən hadisələrin əsl mahiyyətinin aşkara çıxmaması üçün mediaya müxtəlif “yem materiallar” ötürməkdə maraqlıdır.

İqtidar rəsmiləri niyə susur?

Hakimiyyət rəsmiləri 12 gündür müəmmalı şəkildə susur, dövlət qəzetləri sanki bu boyda həngaməni görməzdən gəlir, bu mövzuda danışan bir-iki deputatın da səsləri daha çıxmır. YAP başının seçkiyə qarışdığını iddia edərək hakimiyyətin mühüm bir strukturunda baş vermiş olayları guya ki, diqqətə almır. Halbuki Eldar Mahmudovun istefası ilə başlamış “təmizləmə” təkcə MTN-lə məhdudlaşmır, sabiq nazirin və onun general heyətinin hətta ən xırda bir dövlət görəvində çalışan qohumları işdən çıxarılır, biznesləri, sirləri, mülkləri ortaya tökülür. Elə təəssürat yaranır ki, MTN çekistlərinin sanki ortada elə bir xain planı, xəyanəti olub ki, nəinki onları, hətta bütün qanbağı olanları belə cəzalandırırlar. Telekanallar 2005-ci ildə iki hökumət üzvünün qandallanmasından fərqli olaraq sabiq nazirin bağı-villasını nümayiş etdirmir, əvəzində isə Eldar Mahmudovun cəmi 20 gün əvvəl üzərindən quş uça bilməyən topdağıtmaz villasının fotoları “medianın yeminə” çevrilir. “MTN bulmacası” davam etdikcə, ortaya yeni-yeni faktlar, fotolar, hətta bəlkə videolar da çıxacaq.

Eldar Mahmudovun gücü nədə idi?

“MTN işi”nin üzə çıxardığı ən ciddi “ip ucu” Eldar Mahmudovun elə özü, daha doğrusu, görünməyən gücüdür. İstisna hallarda xəbər proqramlarında epizodik görünən, nazirlərin müşavirəsində özünü çox arxayın hiss edən, qələmini belə qarşısına qoyduğu dəftərçəyə az hallarda yaxınlaşdıran Eldar Mahmudov hakimiyyət içərisində ən məğlubedilməz nazir imiş, sən demə…
Onun barəsində tənqidçi media son illər nə isə yazmağı özünə qadağan da etmişdi, çünki ortada MTN-in şər maşının altında qalmış onlarla jurnalist nümunəsi vardı. Eldar Mahmudov haqda hökumət də, deputatlar da heç nə danışmırdılar. Bəzi nazirləri Milli Məclisdə tənqid etməyə həvəsli olanlar, unudurdular ki, axı onların oturduğu binadan 100 metr aralıda ölkənin təhlükəsizliyi etibar edilmiş bir nazirlik, bir qamətli nazir də var. Müharibə şəraitində olan, kəşfiyyatların daima burnunu soxmaq istədiyi bir ölkənin milli təhlükəsizlik naziri niyə bir qapalı toplantıda hesabat belə vermir axı? İndi iddia olunur ki, MTN naziri nəinki hesabat, hətta ən qüdrətli nazir və komitə sədrlərindən “hesab” alırmış, yəni aylıq xərac yığırmış…
Eldar Mahmudovun mübhəm nazirliyə başçılığı ilə onun qüdrəti arasında bərabərlik işarəsi qoymaq əvvəldən də mümkün deyildi, çünki o, peşəkar xəfiyyəçi yox, keçmiş OBXSS idi və reputasiyası da kristal olmamışdı. Fəqət, “prezidentə bağlı və sadiq” kadr kimi tanınması onun bütün yollarını açıq etmişdi və ta o vaxtadək ki…

Zamanı yetişmişdi…

“MTN işi”ndə ikinci ip ucu da məhz zamanla bağlıdır. Nazirin 1 noyabr ərəfəsi vurulması, hakimiyyətin ən vacib bir strukturunda təmizləmənin niyə məhz seçkiyə sayılı günlər qalmışa təsadüf etməsi ilə bağlı neçə-neçə versiyalar yazılıb. Məntiqlə hakimiyyət bunu 20 gün ertələyə də bilərdi. Amma E.Mahmudovu “ipə” aparan zaman seçki ərəfəsi yox, lap çoxdan da başlamışdı.
“Qara kəmər” əməliyyatının qəhrəmanı hesab olunan E.Mahmudov və rəhbərlik etdiyi nazirlik zaman keçdikcə, prezidentdən başqa digər dövlət rəhbərliyinə itaətsizlik göstərməyə başlamışdı. Sabiq səfir Arif Məmmədov da nazirin istefasına səbəb kimi məhz bu məqamı qabardaraq “Eldar Mahmudovun özünə klan yaradığını və Prezident Administrasiyasına qarşı çıxdığını” açıqlamışdı. Bu barədə əvvəllər də xəbərlər vardı, media yazmasa da, müşahidələr onu göstərirdi ki, Eldar Mahmudov Prezident Administrasiyasına qarşı savaşdadır.
MTN şefinin hər yerə əli çatırdı, çünki rəhbərlik etdiyi strukturun “əli uzun” və “qulağı” ölkənin bütün nazirliklərində idi. MTN həm siyasi, həm dini müxalifətin də içinə sıza, orada şəbəkə yarada və istənilən əməliyyatı həyata keçirə bilirdi. Siyasi və dini müxalifətə ən müxtəlif üsullarla təsir imkanları yaratmış MTN sefi ölkənin siyasi nəbzini müəyyənləşdirən Bakıdakı “Ag evi” qabaqlamağa, özünün iqtidar üçün önəmini qabartmağa çalışırdı. Müxalifətə təsir imkanları və “yaçeyka”lar yaratmaq cəhdi artıq başqa bir strukturun – Prezident Administrasiyasının səlahiyyətlərinin mənimsənilməsi demək idi. Eldar Mahmudov MTN həddini çoxdan aşmışdı…
Məlumata görə, müxalifət-iqtidar görüşlərini təşkil edən Prezident Administrasiyasına qarşı da çıxan məhz MTN şefi olub. Real görünməyə də bilər, çünki ortada dialoqla bağlı prezidentin iradəsi və tapşırığı vardı. Amma günlərin birində məhz MTN agenturası dialoqda iştirak edən bir partiya sədrinin iqtidarla bağlı sərt mövqeyini əks etdirən audioyazını ortaya qoyub dövlət rəhbərliyindən “bu adamlarla bir masada oturmağa ehtiyac varmı” soruşarsa, nə cavab vermək olar? Xatırladaq: böyük ümidlərlə başladılmış dialoq yarımçıq qaldı, heç bir tutarlı səbəb göstərilmədən bitdi. İddia olunur ki, bu siyasi prosesi MTN-in məlum audioyazı avantürası bitirib. Administrasiyanın iradəsindən kənar, onların işinə “agentura” müdaxiləsi ilə…
***
Yeri gəlmişkən, MTN rəhbərliyinin əsas suçunun həm də hakimiyyətin daxilinə müdaxilə edərək, telefon danışıqlarını dinləməsi olduğu da aydındır. Tutulanların hamısı “telefonçu” şəbəkəyə daxildir. Bu şəbəkə siyasi hakimiyyəti sanksiya ilə dinləyibsə, indi gərək Eldar Mahmudov baş nazir, bir-iki nazir də həbsdə olardı. Əgər gizli dinləmələr iddiası doğrudursa, şübhə yoxdur ki, Eldar Mahmudov bu danışıqları yalnız və yalnız daha çox güclənməsi üçün edib. Amma daha nə qədər güclü ki?
***
MTN rəhbəri ölkənin siyasi mühitinə təsir imkanlarını artırmaqla yanaşı, iqtisadi qüdrətini də gücləndirirdi. Dövlətin ən varlı bankının rəhbəri ilə qohum olmaqla pula da, bank sektoruna da nəzarətini artırmışdı. O pulların hesabı illər sonra sorulanda məlum olacaqdı  ki, pullar xaricdə zavod-fabriklərin qurulmasına xərclənib, offşor hesablara yatırılıb, ölkədən qaçaq yolla çıxarılıb.
***
Məlum “deputat alveri” qalmaqalında MTN-in də rol aldığını indilikdə iddia etmək olmaz. Amma düşünək: niyə nazir işdən çıxarıldıqdan sonra video qalmaqalının əsas qəhrəmanı Elşad Abdullayevin qardaşı da Respublika Prokurorluğunda işdən qovuldu. Məgər E.Abdullayev Prezident Administrasiyasını sərt hədəfə çıxaran bəyanatlar verəndə qardaşını işdən çıxarmaq olmazdımı? Axı E.Abdullayevin neçə vaxtdır səsi də çıxmır, əcəba, onun qardaşı indi niyə yada düşdü? 
Onda “ipləri” bağlamağa çalışaq: məlum video qalmaqalında MTN-in də ciddi rolu  olub. Amma o zaman E.Abdullayevin qardaşını işdən qovmaq güclü dəstəkçisi sayəsində mümkün olmayıb. İndi isə zamanıdır…
***
Eldar Mahmudov maddi olaraq “şişmə” həddini bəlkə də keçməmişdi, bəlkə də 11 il ərzində topladığı sərvətinə görə hakimiyyətini davam etdirən nazirlər arasında heç “lider” də deyil. Onun siyasi hakimiyyət iştahasına düşüb amerikalıların aldatdığı Fərhad Əliyev kimi özünü güdaza verdiyi də inandırıcı deyil. Çünki dünyanın hər yerində rəsmən “qulağı” olan MTN-in rəhbəri boy göstərmək üçün siyasi dəyişikliyin nə zaman yetişdiyini “cırtqoz müxalifətdən” daha yaxşı bilərdi. Amma E.Mahmudovun siyasi komandada bu dərəcədə təsirli rol alması, görünür, onu hakimiyyətin daxilində “çevriliş” etməyə meylləndirib. Unudub ki, kimisə devirmək, vəzifədən almaq, zəiflətmək üçün yalnız bir şəxs var: onu 17 oktyabrda vəzifəsindən çıxaran prezident İlham Əliyev. 
“Yeni Müsavat”

www.yenicag.az

969
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv