Bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yenidən ifadəsi alınıb.
Yenicag.az xəbər verir ki, sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə 3 saata yaxın dindirilib.
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudovun son bir neçə gündə ikinci dəfə prokurorluğa çağırılması onun haqqında yaranan şübhələri daha da artırıb.
Görəsən, baş verən bu proseslərdən sonra sabiq naziri hansı cəzalar gözləyə bilər? Ümumiyyətlə, onun həbsi gözlənilirmi?
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən hüquqşünas Vamiq Şükürov bildirib ki, mətbuatda onunla bağlı olan məlumatlar öz əksini tapsa, sabiq nazirin həbsi gözlənilə bilər. O, həmçinin bu proseslər təsdiqləndikdən sonra sabiq nazirin 20 il azadlıqdan məhrum oluna biləcəyini də vurğulayıb:
“Bunun üçün əvvəlcə istintaqda ona qarşı olan ittihamlar öz təsdiqini tapmalıdır. Çünki ondan əvvəl müavinlərinin, idarə rəislərinin işlərində rüşvətxorluq, hədə-qorxu ilə pul tələbetmə, qanunsuz və əsassız saxlama, insanları qanunsuz olaraq azadlıqdan məhrumetmə, qanunsuz qulaqasma halları aşkarlanıb. Həbs olunma ehtimalına gəlincə, bu haqda dəqiq fikir bildirmək olmaz. Bunun üçün istintaqda onun həbs olunması ilə bağlı ilkin sübutlar öz təsdiqini tapmalı, daha sonra həqiqətən bu cinayətləri onun törətdiyinə dair sübutlar toplanmalıdır. Əgər bu proseslər öz təsdiqini tapsa, həmin şəxs həbs oluna bilər. Çox güman ki, sabiq nazirə bu maddələrlə cinayət işi açılsa və onları toplasaq, 20 il azadlıqdan məhrum edilə bilər”.
Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov isə qeyd edib ki, Azərbaycan Respublikasının qanunvericiliyi icazə verir ki, qanun pozuntusuna yol verən hər bir şəxs cəzalandırılsın və məsuliyyətə cəlb olunsun. Həmçinin, sabiq nazir Eldar Mahmudovun da ləğv olunmuş “Milli Təhlükəsizlik Nazirliyi”nin həbs olunan digər əməkdaşları kimi cinayətləri törətməsinə dair istintaqda məlumatları öz təsdiqini tapsa, azadlıqdan məhrum edilə bilər:
“Bir müddət öncə də sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmışdı. Səbəb kimi onun qardaşı oğlunun həbs olunması göstərilir. Yəqin ki, yenidən çağırılmasına səbəb həmin məsələ ilə bağlıdır. Müzakirələr gedirdi ki, Eldar Mahmudov haqqında heç bir məlumat yoxdur, heç bir məsuliyyətə cəlb olunmayacaq. Həbs olunması məsələsini vurğulasaq, bu barədə dəqiq fikir bildirmək mümkün deyil. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi icazə verir ki. qanun pozuntusuna yol verən hər bir şəxs məsuliyyətə cəlb olunsun. Son hadisələr də göstərir ki, sabiq nazir haqqında istənilən an gözlənilməz bir qərar eşitmək olar”.
Qeyd edək ki, 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov gözlənilmədən vəzifəsindən azad olunduqdan sonra nazirliyin 10-dək əməkdaşı məhkəmə qarşısına çıxarılıb və onlar barəsində həbs qətiimkan tədbiri seçilib. Belə ki, onlar haqqında Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb.
Elvin Paşazadə