!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudovun ''tikinti bossu'' niyə tarana gedir? - İlham Qasımovun həbs olunandan sonrakı aktivliyinin pərdəarxası

!Reklam – Yazi

Ötən ilin iyununda dələduzluqda və külli miqdarda vəsaitlərin mənimsənilməsində ittiham olunaraq, həbs edilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun azadlıqdakı əlaltıları qanunsuz əməllərinə son qoymur. 

Yeniçağ.az xəbər verir ki, 2016-cı il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş İ.Qasımovun cinayətkar fəaliyyətində yeni detallar üzə çıxır.

Dələduzluq ittihamı ilə uzunmüddətli həbs cəzasına məruz qalan İ.Qasımov sabiq MTN rəhbəri Eldar Mahmudova arxalanaraq, statusundan asılı olmayaraq, istənilən şəxsi özünün “əhatə dairəsi”nə salmaqdan çəkinməyib. Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və onun müavinlərinə 4 milyon rüşvət verdiyini iddia edən İ.Qasımov və dəstəsi hətta Milli Məclisin deputatı İqbal Məmmədovu da “quru yer”də qoymağa çəhd göstərib. Bildirilir ki, deputat İ. Məmmədov İ.Qasımova məxsus “Sahil-D Kompani MMC”-nin inşa etdiyi binadan aldığı mənzilinə baxmaq üçün gələndə, şirkət rəhbərinin qoçuları onu öz evinə buraxmayıblar. Təbii ki, bundan qəzəblənən İ.Məmmədov hüquqlarını qorumaq üçün İ.Qasımovun qoçularına yerlərini göstərib.

Bundan başqa, İ.Qasımov və “qoçubaşı” Ədilağa Hüseynov Sahib İbrahimova qarşı da kampaniya aparmağa başlayıblar. Doğrudur, S.İbrahimov mahiyyətcə İ. Qasımovdan fərqlənmir və onun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmaqdadır. Ancaq qeyd olunmalıdır ki, S. İbrahimovun sözügedən binalarla bağlı qanunsuz əməlləri 2010-cu ilə qədər davam etmişdir və sonrakı bütün fırıldaqları İlham Qasımov və onun direktor təyin etdiyi Ədilağa Hüseynov həyata keçirtmişdir.

Lakin İ. Qasımov və dəstəsi özlərinin yol verdikləri bütün qanunsuzluqları S. İbrahimovla əlaqələndirməkdədirlər. Məsələn, Ə.Hüseynov və İ.Qasımov Bakının Xətai rayonu Fəzail Bayramov küçəsi 11/56 ünvanında yerləşən “Sahil D Kompani MMC”-nin tikintisini başa çatdırmadığı binalarda öz mənzilinə girmək istəyən deputat tərəfindən döyülmələrinin ictimailəşdirilməsində və işıqlandırılmasında S. İbrahimovun əlinin olduğunu iddia edirlər.
Eyni zamanda, bir mənzilin bir neçə nəfərə satılması, vətəndaşlardan adambaşına toplanan 3000 manatın binaların tikintisinə sərf edilmədiyi, o pulun bir hissəsinin İ.Qasımovun birgə dələduzluq etdiyi şəxslərə verilməsi, insanlardan aldıqları mənzilləri təmir etdirməyə şərait yaratmaq üçün 1200 manat pul tələb etmək, ancaq bu halda da onları öz mənzillərinə buraxmamaq kimi qanunsuzluqlara yol verilib.

Bütün bunlar İ.Qasımovun həqiqətən, peşəkar fıqıldaqçı olduğunu, adamın “pul kisəsi” sayılan Ə. Hüseynovun da onun yolunu ustalıqla davam etdirdiyini göstərir. Daha bir məsələyə də toxunmaq lazım gəlir. İ.Qasımov artıq özünü elə bir vəziyyətə salıb ki, ana-bacısını mediaya çıxararaq, ölkə başçısına müraciət etdirir. Ancaq prezident belə dələduzları niyə əfv etməlidir ki? Hər halda, aldığı 15 illik həbs cəzası onun əməllərinin nəticəsidir. İ.Qasımovun ana-bacısı onun hansı əməllərdən çıxdığını öyrənsələr, vəziyyəti başa düşərlər.

Çünki İ.Qasımov başqalarının ana-bacılarını illərlə küçələrdə süründürüb, onlara halal mənzillərini verməyib və ya mənzillərindən çıxartdırıb, onlardan külli miqdarda əlavə vəsait tələb edib və s. Vicdanı olan ana və bacı bunun nə demək olduğunu anlayacaq. Ancaq İ.Qasıvov özünü təmizə çıxartmaq üçün sadəcə, doğmalarını irəli verməyib, başqalarının adlarını hallandırmaqdan da qalmayıb. Bəli, söhbət məşhur iş adamı, şair Gülağa Tənha və Baş prokurorluğun vəzifəli şəxsi Müqəddəs Sultanovdan gedir. İ.Qasımov onların xanımlarının adlarını Ə. Hüseynov vasitəsi ilə mətbuata sızdıranda düşünməli idi ki, bunun hansı nəticələri ola bilər.

Bu qədər cinayət törətmiş İ. Qasımovun mülkiyyətinin hələ də müsadirə olunmaması, “Real MTK”-nın səhmlərinin digər səhmdarlara verilməməsi də maraq doğuran məsələdir. İ.Qasımov qanunsuz əməlləri sayəsində özünə dəbdəbəli şərait yaratmaqla bərabər, ailə üzvlərinə də bahalı maşınlar, təmtəraqlı evlər və sair bağışlayıb. “Sahil D MMC”- də payçı olan İ. Qasımov o şirkətdə payı olan çox sayda vətəndaşı, eyni zamanda, ölkə iqtisadiyyatına sərmayə qoyan Türkiyəli Mərcan ailəsini də illərdir ki, didərgin vəziyyətinə salıb. Ona görə də İ. Qasımovun əmlakı zərərçəkən sakinlərin lehinə müsadirə edilməlidir.

Bu günlərdə yolumuz sözügedən ərazidəki binalardan düşmüşdü və sakinlərdən öyrəndik ki, İ.Qasımovun azadlıqdakı adamları o binalara elektrik enerjisini istədikləri vaxt kəsirlər. Həmin binalara qaz verilmədiyini nəzərə alsaq, bunun indiki qış aylarında sakinlərə nəyin bahasına başa gəldiyini təsəvvür etmək çətin deyil. Binada yük liftinin olmaması, sərnişinlər üçün yeganə lifti məhz sakinlərin öz vəsaitləri ilə quraşdırmaları, pullarını ödədikləri qapı-pəncərə və digər materiallar üçün əlavə pul xərcləmələri isə başqa söhbətin mövzusudur. Sakinlərdən onu da öyrəndik ki, İ. Qasımovun sağ əli sayılan Ə. Hüseynov orada yaşayanlara hələ də kələk gəlməkdədir.

Xatırlatmaq yerinə düşər ki, Ə. Hüseynov və İ. Qasımovun qohumları sonuncunun məhkəməsi ərəfəsində guya Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi və İ.Qasımovun prosesinə sədrlik edən Zeynal Ağayevə 350 min dollar pul verərək, İ. Qasımovu azadlığa buraxdıracaqlarını iddia edirdilər. Onlar bu tip məlumatları indi də mediaya ötürərək, Z. Ağayevin “işini bilmədiyini, vəzifə səlahiyyətindən sui-istifadə etdiyini, Baş Prokurorluğun vəzifəli şəxsi Müqəddəs Sultanovla xalaoğlu olması və s” kimi xəbərləri yayırlar. Məlumata görə, İ.Qasımov özünün azadlıqdakı əsas adamı olan Ə.Hüseynovun “əziyyət”ini nəzərə alaraq, onun maaşını 4 dəfə artırıb. Təbii ki, Ə.Hüseynov bunun müqabilində İ.Qasımovun bütün gizli işlərini ört-basdır etmək, vergidən yayınmaq məsələlərini “həll etmək”, qeyri-qanuni idxal və ixrac əməliyyatlarını, pul köçürmələrini idarə etmək, qanunsuz sənədlər hazırlayıb, imzalamaqla vətəndaşları aldatmaq kimi “iş”ləri görür. Ə.Hüseynov həmçinin, bəzi media orqanları ilə şübhəli işbirliyinə gedərək, İ.Qasımovun lehinə materiallar da dərc etdirməkdədir. O materiallarda İ.Qasımovu təmizə çıxartmaq cəhdi ilə yanaşı, Baş Prokurorluq yanında Korrupsiya İdarəsinin rəisi Kamran Əliyev də hədəfə götürülür.

İ.Qasımovun və adamlarının Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə və onun rəisi Kamran Əliyevə qarşı bu hücumları əlbəttə ki, səbəbsiz deyil. Çünki İ.Qasımov və onun əhatəsi uzun müddət məhz keçmiş MTN şefi Eldar Mahmudova arxalanaraq, bu qurumu yumşaq desək, saymırdılar. Ancaq ölkə başçısının iradəsi ilə E.Mahmudov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra İ. Qasımovun da əl-qolu bağlandı və qanunsuz əməllərinə görə tezliklə həbs edildi. Bundan sonra aparılan araşdırma zamanı isə onun hansı miqyasda cinayətlər törətdiyi məlum oldu.

E.Mahmudova güvənərək, bu qədər geniş miqyasda ağlagəlməz qanunsuzluqlara yol vermiş İ. Qasımovun cinayət işində onun Türkiyəli iş adamı, qardaş ölkənin tanınmış tikinti brendi olan “Mərcansoy” Şirkətlər qrupunun sahibi Mövlanə Əli Mərcana qarşı fırıldaqları qırmızı xətlə keçir. 2007-ci ildə Azərbaycana gələrək, ölkənin tikinti sektorunda iş qurmaq istəyən M.Ə.Mərcan bu sahədə işbirliyi üçün münasibət qurduğu İ. Qasımov və onun şəriki S. İbrahimovdan həyatının zərbəsini alıb.

Azərbaycana sərmayə yatırtmaq və təbii ki, qazanc niyyətində olan Tükiyəli iş adamı hansı fırıldaqçılarla üzləşdiyini bilmədən, İ. Qasımov və S. İbrahimova külli miqdarda nağd pul verib. Təbii ki, M. Ə. Mərcanın Türkiyədən Azərbaycana gətirdiyi milyonlarla vəsaitin dövriyyəyə daxil edilməsi adları çəkilən dələduzların hamisi olmuş E.Mahmudovun iradəsindən kənar baş verə bilməzdi. Sabiq MTN şefinin vəzifədən çıxarılmasından sonra Türkiyə, Rusiya, Çin və ərəb ölkələrindən edilən nağd pul köçürmələrinin E.Mahmudovun və onun əsas adamı olan Akif Çovdarovun nəzarətində olması faktı geniş ictimaiyyətə məlum oldu.

Təsəvvür edin, E. Mahmudova güvənən İ. Qasımov – S.İbrahimov duetinin harınlığı o həddə çatıbmış ki, iş adı ilə milyonlarla dollar pul aldıqları M.Ə.Mərcanı onun vəsaiti ilə inşa edilən binaların tikinti ərazisinə də buraxmırmışlar. Bu azmış kimi, 10 milyon dollara qədər pul ödədiyi mənzilləri də ona verilməyib. Vəziyyətin onun üçün arzuedilməz inkişafını görən Türkiyəli iş adamı çıxış yolunu daxili işlər naziri Ramil Usubovla görüşərək tapmağa çalışıb. Nazirin göstərişi ilə M.Ə.Mərcanın şikayətini araşdıran Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsi İ. Qasımovun fəaliyyətindəki qanunsuzluqları – bir mənzili bir neçə şəxsə, həm də fərqli qiymətlərlə satdığı aşkarlanıb. M.Ə.Mərcan bir müddət əvvəl Yeniçağ.Az-a verdiyi müsahibədə başına gələnləri belə təsvir edib:

“ Məsələyə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində baxıldı. Sənədlər əsasında İlham Qasımovun bəzi mənzilləri başqalarına satdığı da təsdiq olundu. Tam da məsələ həllini tapırdı ki, başqa bir xəyanətlə üzləşdik. Belə ki, İlham Qasımov bizimlə bərabər Bakıya gələrək, Azərbaycan dövlətinin yüksək vəzifəli məmurları arasında əlaqəni quran Mehmet Şimşəki ələ aldı. Yəni, mənə yardımçı olacaq adam İlham Qasımovun tərəfinə keçdi. Belə ki, Mehmet Şimşəkə öncə 500 min, daha sonra da 1,5 milyon dollar pul verərək, adamı neytrallaşdırdılar. Ondan sonra da mənə qarşı cəbhəni genişləndirdilər. Nə inşaat işlərini həyata keçirə bilirik, nə də bu prosesdə bizə aid olan yerdən bir kvadratmetr belə sata bilirik. Beləcə, verdiyimiz bugünkü dəyəri ən az 15 milyon dollardan məhrum olduq. Bizə göstərdikləri yerlərin isə başqalarına satıldığını öyrəndik. Halbuki ilk olaraq, o yerlər 2007-2009-cu illərdə bizə satılmışdı. Sonradan isə ucuz qiymətlərlə başqalarına satıldı. Belə ki, bir yeri bir neçə adama satıblar. İlk alanlardan xəbərimiz vardı. O zaman kvadratmetri 800-900 dollardan satın alınırdı, sonra 1500 dollardan satın alındı. Son olaraq, alanlara isə bu yerlər 300-500 dollardan verilib. Yəni, konkret dələduzluq edilib və yüzlərlə insan, içi bizqarışıq aldadılıb. Bu aldadılma əməliyyatında isə hər iki ortağın günahı var: həm İlham Qasımovun, həm də Sahib İbrahimovun”.

İndi əsas məsələ adları çəkilən fırıldaqçıların M.Ə.Mərcana vurduqları maddi zərərin ödənilməsidir. İş adamı inanır ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələyə müdaxilə edərsə, problem həllini tapar:

“Çünki Əliyevin Türkiyəyə olan sevgisini və dostluğunu bilirik. O, həm də sözünün üstündə duran bir adamdır. Həm də Heydər Əliyevin oğludur ki, ona da özəl bir sevgim var. Buradakı böyüklərimiz yanlış bir şeyi bir-birlərindən istəməzlər. Bu problemimizin qarşı tərəfə söylənildiyi halda tez bir zamanda haqq-ədalətin zəfər çalacağına inanırıq. Çünki burada investisiya qoyan da bizik, aldadılan da, illərlə bu zülmə məruz qalan da. Eyni zamanda biz investorlar qardaş ölkənin bizim Kimi aldadılmış vətəndaşlarıyla da üzbəüz qalmaq niyyətində deyilik, yəni ki, bizi aldatmış şəxslərdən ancaq pul vəsaitimizi geri tələb edirik və bizə heç bir mənzil və s. verəcəklərini və yenə aldadacaqlarını düşünməsinlər”.

Ancaq tək onun deyil, İ. Qasımovun qanunsuz əməllərinə görə böyük maddi itkilərlə üzləşmiş hər kəsin haqqı bərpa olunmalıdır. Artıq E.Mahmudov-A.Çovdarov şəbəkəsinin ədalətin bərpasına mane olmaq imkanı yoxdur.

 

Araz Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1934
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv