Eldar Mahmudov ismi uzun zaman insanların hafizəsindən silinməyəcək. Özünü “Qara kəmər” əməliyyatı ilə qəhrəman elan edən, ancaq xüsusilə, iş adamlarına qarşı amansızlığı ilə seçilən Mahmudovla bağlı cinayətlər işıq üzünə çıxarkən, iki şəxsin adı ön plana çıxırdı:
Akif Çovdarov və Vidadi Məmmədov.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin sabiq rəisi Vidadi Məmmədov Eldar Mahmudovun Vergilər Nazirliyindəki “sağ əli” kimi təqdim olunurdu. Eldar Mahmudovla ”OBXSS”də bir yerdə işləyən Məmmədovla bağlı bildirilirdi ki, 2007-ci ildə Vidadi Məmmədov Vergilər Nazirliyinə gəlib və 2012-ci ildə Eldar Mahmudovun əli ilə general rütbəsi alıb. Belə ki, Vidadi Məmmədov Vergilər Nazirliyində uzun illərdən bəri MTN şefi olan Eldar Mahmudovun adamı kimi fəaliyyət göstərib. Vidadi Məmmədovun iş adamlarını öz otağına çağıraraq, istədiyi rüşvəti ala bilmədiyinə görə qandallatdıra da bilməsi Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə narahatlıqda qarşılanıb. Ona özünü yığışdırması haqda göstərişlər verilsə də, vergi generalının “qoruyucu mələyi” Eldar Mahmudov araya girərək onu hər dəfə xilas edə bilib.
Maraqlıdır ki, Vidadi Məmmədov Eldar Mahmudov “vurulduq”dan sonra Vergilər Nazirliyində tutduğu vəzifədən uzaqlaşdırılsa da, “görünməz əl” onu həbsdən qorudu. Belə ki, o da Eldar Mahmudov kimi sərbəst gəzməyə başladı. Hətta sabiq nazirdən fərqli olaraq, o, hər gün Dənizkənarı Parkdakı idmanından da geri qalmadı. Dəstəsi də bir müddət kölgəyə çəkildi.
Hazırda isə V.Məmmədov və “sağ əli” Elmir Şirinov yenidən aktivləşiblər. Maraqlıdır ki, hər iki şəxsin Eldar Mahmudov çətəsi ilə əlaqəsinə dair cinayət işi materiallarında kifayət qədər məqam olsa da, Vergilər Nazirliyindəki qrup hazırda fəaliyyətini başqa qurumlarda davam etdirir.
Belə ki, ironik səslənsə də, Vidadi Məmmədov hazırda Milli Elmlər Akademiyasında ümumi işlər üzrə direktor müavinidir. AMEA Memarlıq və İncəsənət İnstitutunun fəlsəfə doktorları arasında Vidadi Qoca oğlu Məmmədov da var. Bu yetmirmiş kimi, V.Məmmədov direktor müavini təyin olunub. Fəaliyyətinə parodiya kimi “Korrupsiyaya qarşı mübarizənin problem məsələləri” mövzusu üzrə dissertasiya müdafiə etmiş Vidadi Məmmədovun elmi əsərləri bölməsində isə bunlar göstərilib:
Elmi əsərlərinin adları
1.Korrupsiyaya qarşı mübarizənin problem məsələləri.
2.Vergi cinayətləri.
Yəni, V.Məmmədov öz fəaliyyətindən, sahibkarlara qarşı necə divan tutmasından bəhs etsəydi, bu “əsərlər” “memuar” kimi əldən-ələ gəzərdi.
Vidadi Məmmədovun yenidən yüksəlişi sayılan bu vəzifəyə təyinatının arxasında qohumu Eldar Həsənovun yoxsa başqa gücün olması sual altındadır. Lakin görünən odur ki, Vidadi Məmmədovun iş adamlarının siyahısını verdiyi MTN-nin sabiq idarə rəisi Sübahir Qurbanov 14 il azadlıqdan məhrum edilsə də, V.Məmmədova “gözün üstə qaşın var” deyən olmayıb.
Təkcə, “vergi cəlladı” olaraq ad çıxarmış Vidadi Məmmədov deyil, onun Vergilər Nazirliyindəki ən yaxını olan Elmir Şirinov da yüksələnlər arasındadır. Belə ki, ən son Polis Akademiyasında özünə yer tapsa da, polisimizin sayıqlığı nəticəsində oradan uzaqlaşdırılan Şirinov hazırda Dövlət Gömrük Komitəsində iş yeri tapıb. Burada da sevimli işi olan iş adamlarına qan uddurmağa davam etmək niyyətindədir.
DGK bağırsaqlarını rüşvətxor məmurlardan, köhnəliyin qalıqlarından təmizləmək istədiyi bir vaxtda adı Eldar Mahmudovla bağlı cinayət işlərində keçən, Vergilər Nazirliyində sahibkarlara qan udduran Elmir Şirinovun Gömrük Komitəsinin İstintaq İdarəsinə müstəntiq təyin olunması doğrudan da anlaşılmazdır.
Maraqlıdır ki, Dövlət Gömrük Komitəsi son aylarda rüşvətxor işçilərini həbs etdirmək, daxilini təmizləmək məsələsində digər qurumlardan xeyli fərqlənir. Yəni, DGK başqa qurumun onun daxilinə nüfuz etməsinə imkan vermədən, özü “çürüklər”i çıxdaş edir. Elə dünən iki gömrük əməkdaşı qaçaqmalçılıq suçlaması ilə gömrük orqanlarından çıxarılıb.
Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Ariz Behbud oğlu Hüseynlinin qulluq mövqeyindən istifadə etməklə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşı, post rəisi Rəhman Qasım oğlu Əliyev ilə birlikdə 500 ABŞ dolları müqabilində dəyəri külli miqdar təşkil edən ətriyyat və kosmetik ləvazimatlarının, o cümlədən mobil telefonların gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaratdıqları üzə çıxıb. Bu səbəbdən də, sədrin müvafiq əmrinə əsasən, Ariz Behbud oğlu Hüseynli və Əliyev Rəhman Qasım oğlu dərhal tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən gömrük əməkdaşları barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb.
Ancaq Vergilər Nazirliyində bu suçdan daha betərlərinin icraçısı olmuş Elmir Şirinov hansısa yollarla fəaliyyətini Gömrük Komitəsində davam etdirməkdədir.
Sadəcə, Vidadi Məmmədovla Elmir Şirinovdur yenidən “dirilən”? Bəs V.Məmmədovun Vergilər Nazirliyindəki “çətə”si tamamilə təmizləndimi? Bu və digər sualların cavablarını növbəti yazılarımızda cavablandırmağa çalışacağıq.