“Eldar Quliyevi durdurun!” – Deputatlığa namizəddən dövlət qurumlarına ÇAĞIRIŞ

“Bütün qanuni vasitələrdən istifadə edib 28-ci dairənin nəticələrinin ləğv edilməsinə çalışacağıq”.

Yenicag.az xəbər verir ki, bu fikri 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, jurnalist Aygün Muradxanlı “Facebook” hesabında yazıb.

Aygün Muradxanlı aidiyyatı dövlət qurumlarını Eldar Quliyevin yol verdiyi qanunsuzluqlarla bağlı təcili tədbirlər görməyə çağırıb:

“Bizim Daxili İşlər Nazirliyinə müraciətimizə qısa zamanda baxıldı və nazir müavini hörmətli Oruc Zalov məsələni yoluna qoydu. Bu haqda Prezident İlham Əliyevə videomüraciətimizdə də ətraflı danışmışdıq.

Daha sonra Sabunçu İH başçısı Adil Vəliyev bildirdi ki, heç bir basqıdan söhbət gedə bilməz, biz icra hakimiyyəti olaraq sizə təminat veririk – tərəfdarlarınızla istədiyiniz məkanda toplaşmaqda sərbəstsiniz.

Seçki başa çatsa da proses bitməyib. Çoxsaylı, kobud qanun pozuntuları ilə bağlı MSK-ya, polisə, prokurorluğa şikayətlərimiz var. Bütün qanuni vasitələrdən istifadə edib 28-ci dairənin nəticələrinin ləğv edilməsinə çalışacağıq.

Maştağa qəsəbəsində dostlarımızla, tərəfdarlarımızla toplandığımız kafedə Əmlak Komitəsi və Dövlət Dəmir Yol İdarəsi – kafe Maştağa dəmir yol vağzalı ərazisində yerləşir – yoxlamalara başlayıb. Kafeni bağlayırlar. Açıq şəkildə bildirilir ki, göstəriş 28-ci dairədən deputat elan edilmiş Eldar Quliyevdən gəlib.

Qanunları ayaq altına alan və özbaşınalıqları sərhəd tanımayan Eldar Quliyev dövlət orqanlarını öz ambisiyaları üçün istifadə etmək istəyir. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Dəmir Yolları QSC-nin rəhbərliyinə səslənirəm – hələ mandatı tanınmamış, haqqından MSK-da və prokurorluqda böyük sayda şikayət olan Eldar Quliyevin Azərbaycan dövlətinin təməlinə vurmaq istədiyi zərbələrdə onun yanında olmayın.

Millətə vəkillik iddiasında olan bir şəxsin mandatı tanınmamış bu cür qisasçılıq hərəkətləri Azərbaycan adına utancdır. Eldar Quliyevi durdurun!”