Eldənizdən SƏRT SÖZLƏR: “Onların puluna bədənlərini yığdırıb, efiri zəbt edirlər”

“Onlara xüsusi şarlı-güllü bir proqram hazırlayırlar, biz də muğam oxuyanda deyirlər, bir az qısa elə. Bayağı ifaçılar Azərbaycan tamaşaçısının zövqünü korlayırlar”.

 

Xanəndə, Əməkdar artist Təyyar Bayramovun “Efirlər dörd Xalq artistini bir verilişə yığır, bayağı oxuyana isə xüsusi buraxılış həsr edirlər” fikri sənət cameəsində də dəstəklənib.

Yenicag.az-a açıqlama verən tanınmış müğənni Eldəniz Məmmədov da bayağı müğənnilərin efirlərdə meydan sualamasından narahatlığını ifadə edib.

Sənətçi bunun səbəblərini belə izah edib:

“Təyyar Bayramov düz deyir. Bayağı müğənnilər efirə çıxanda onlara xüsusi şarlı-güllü bir proqram hazırlayırlar, biz də muğam oxuyanda deyirlər, bir az qısa elə. Bu, musiqimizə hörmətsizlikdir. Bu qədər əziyyət çəkib, təhsil almışıq, bəs muğamı harada oxuyaq? O gün müğənni Zaur Əmiraslanov efirdə bir fikir səsləndirdi ki, klassik musiqilərdən ibarət qəbiristanlıq yaratmışam. Mahnılarımın hamısını dəfn etdim, getdi. Ürək ağrıdan sözlərdir. Mənim də o qədər klassik əsərlərim var ki, imkan olmur efirdə oxuyum. Bir dənə bayağı mahnı oxu, onu istəyirlər. Düzdür, məclislərdə bu musiqiləri bizdən istəyirlər. Amma əsl musiqilərimiz efirlərdə səslənməlidir.

Bayağı mahnıları dinləyənlər bilməlidir ki, bizim belə dərin musiqilərimiz var. Bayağı ifaçılar Azərbaycan tamaşaçısının zövqünü korlayır. Bunun da səbəbi var. Müəyyən insanlar elə müğənnilərə pullar xərcləyirlər. İndi də “bədəndüzəltmə” dəbdədir axı. Onlar da pullanırlar, fotosessiyalar etdirirlər, bədənlərini “yığdırırlar”, sonra da efirləri zəbt edirlər. Başlayırlar, Azərbaycan xalqının zövqünü korlamağa. Əksəriyyətinin xətrini çox istəyirəm, onlara deyirəm, bəzi bəstəkar mahnıları var ki, oxuya bilərsiniz, efirdə belə mahnılar oxuyun, toyda-məclisdə də nə istəyirsiniz, onu oxuyun. Amma efirə çıxarmayın bu bayağı mahnıları, zövqləri məhv etməyin”.

Cəvahir

COP29