“Elə bildi dilənçiyəm, üstümə 20 qəpik atdı” – Arabasının təkərləri yeyilən əlil tələbə

Məmmədlilər ailəsini təsadüfən tanımışam. O qədər mehriban, səmimidirlər ki… 3 övladı olan Kəmaləddin bəy və Raya xanım əsl fədakarlıq nümunəsidir. Balalarını sağlam cəmiyyət üçün yetişdirən valideynlər diqqətlərini daha çox sonbeşik Rəsula yönəldiblər. Çünki o, bu ailəyə Tanrı tərəfindən göndərilən bir sınaqdır. Düz 21 ildir ki, bu sınaqdan hər gün böyük səbr, məhəbbət və qayğı ilə çıxır Məmmədlilər ailəsi… Başqa cür ola da bilməz. Axı sevgi və diqqət olmasaydı anadangəlmə uşaq iflici olan Rəsul çoxdan tələf olmuşdu.

Bu gün isə onun dostları, tələbə yoldaşları var. Yaşamaq üçün mübarizə aparan I qrup əlil Rəsul Məmmədli evdə ancaq anasının köməkliyi ilə bir yerdən başqa tərəfə keçir, yaşadıqları 5 mərtəbəli binanın sonuncu mərtəbəsindən isə atasının qucağında düşür. Sağ əli və ayaqları tamamilə işləməyən Rəsul fenomenal yaddaşa sahibdir. 5 dil bilən 21 yaşlı bu gənc Bakı İslam Universitetinin “Dinşünaslıq” fakültəsinin sonuncu kurs tələbəsidir.

3 dekabr – Beynəlxalq Əlillər Günündə Rəsula baş çəkməmək, onun problemlərini, arzularını eşitməmək sadəcə qəbahət olardı…

xxx

Yeriyə bilsəydim, bütün dünyanı gəzərdim

Görən kimi tanıdı, gülümsədi. “Xoş gəlmisiz, Zakirə xanım, məni yad etməyinizə sevindim”, dedi.

– Necəsən Rəsul?

– Allaha şükür, yaxşıyam.

– Deyəsən, bu il məzun olursan?

– Bəli, bildiyiniz kimi mən Bakı İslam Universitetinin tələbəsiyəm. Artıq bir neçə aydan sonra təhsilimi bitirirəm.

– Planların nədir?

– Allahın izni ilə öz ixtisasım üzrə magistratura təhsili də almaq fikrim var. Sonra da işləmək istəyirəm. Düşünürəm ki, pul qazanmaq vaxtıdır. Valideynlərimin mənim qayğımı çəkdikləri bəsdir.

– Tələbə yoldaşlarından narazı deyilsən?

– Qətiyyən. Mənimlə əsl dost kimi davranırlar. Aramızda heç bir fərq hiss etmirəm. Allah onlardan razı olsun.

– Boş vaxtını necə keçirirsən?

– Feyzbukda. Orda dostlarım çoxdur. Yazışıram, fikirlərimi bölüşürəm. Bir də saytlardakı xəbərləri izləyirəm.

– Hansı xəbəri oxuyanda əhvalın pozulur?

– İntihar xəbərlərini… Mən başa düşmürəm axı, insanlar niyə intihar edir? Allah axı onlara sağlamlıq, gözəllik verib. Bu ki əsl cənnətdir. Ondan necə vaz keçmək olar ki?

– Həyatla mücadilə edən Rəsul canına qəsd etmək istəyənlərə nə deyərdi?

– O cür insanlara demək istəyirəm ki, həyat o qədər gözəldir ki… Quranda deyilir ki, heç bir çətinlik daimi deyil, hər şey sınaqdır. Əsas insanın bu sınaqdan çıxmağıdır. Hər bir sıxıntıdan sonra bir rahatlıq var. İntihar çıxış yolu deyil. Problemin həlli heç də özünü öldürməklə bitmir. İnsan intihar edirsə, bu o deməkdir ki, sən problemə yox, problem sənə qalib gəldi. Məncə, adamlar bu qədər zəif, aciz olmamalıdır.

– Rəsulun ən böyük arzusu nədir?

– Kaş yeriyə biləydim,bütün dünyanı gəzərdim. Bir də çox istərdim ki, sərbəst olum. Heç kimin köməyinə möhtac qalmayım.

– Əziyyətini ən çox kim çəkir?

– Valideynlərimin hər ikisi. Heç birinin haqqını yerə vura bilmərəm. Atam olmasa, instituta gedə bilmərəm. Anam olmasa ümumiyyətlə, necə yaşayacağımı təsəvvür belə etmirəm. Çünki evdə də, bayırda da, hətta institutda da anam mənimlədir. Mən dərsdə oturanda rahat oluram. Bilirəm ki, anam dəhlizdədir. O, dərs bitənə kimi məni orda gözləyir… Düz 4 ildir…

– Səninçün həyat nədir?

– Yaşamaq və Allaha güvənmək.

– Allahla söhbətlərin çox olur?

– Hər dəqiqə mən onunla söhbətləşir, dua edirəm. Arzularımı deyirəm. Deyirəm ki, ay Allah, düzdür mən yerimirəm, amma xoşbəxt olmaq istəyirəm.

– Rəsul üçün xoşbəxtlik nədir?

– Bir az şikayət kimi çıxmasın… Mən bu həyatda çox əziyyət çəkdim. İstəyirəm, heç olmasa bundan sonra bir az xoşbəxt olum. Çünki böyüdükcə görürəm ki, problemlər, qayğılar artır. İstəmirəm kiməsə yük olum. İstəyirəm, bir möcüzə olsun və mən heç kimə möhtac olmadan yaşaya bilim. Mən buna inanıram. Çünki bilirəm ki, bütün möcüzələr Allahın əlindədir.

Apar, bu uşağı “detdoma” ver

Rəsulu çox yormaq istəmirəm. Raya xanım çay gətirir. Divanda oturan oğlunu qucağına alıb, stula əyləşdirir. “Bax, elə bunu çəkə bilərsiz”, deyir. Gec idi… artıq həmin anlar kameraya həkk olunmuşdu.

– Raya xanım, Rəsulu şəhərə tez-tez çıxarırsız?

– Hava yaxşı olan kimi gəzməyə gedirik. Metrodan istifadə edə bilmirik. Çünki əlil arabasını düşürtmək üçün orda yer yoxdur. Yaxşı ki bu London taksiləri var. Ən çox ondan istifadə edirik.

– Axı şəhərə yeni gətirilən avtobuslarda əlillər üçün xüsusi yerlər var və ordan istifadə də əlverişlidir…

– Rəsul camaat çox olan yerlərdə özünü yaxşı hiss etmir, sıxılır.

– Niyə? Məgər kimsə nəsə deyir?

(tərəddüdlə) Bilirsiz, Zakirə xanım, hamının tərbiyəsi eyni deyil. Mənimlə Rəsul elə sözlər, elə atmacalar eşitmişik ki… Mənən sındığımız anlar çox olub. Elə qadınlar olub ki, mənə irad tutub, “neynirsən, bu uşağı, apar ver “detdoma”” deyiblər. Bəzən cavan qızlar yanımızdan keçəndə “Allah iraq eləsin” deyib, qulaqlarını çəkiblər. Sizə deyim ki, elə bil əvvəllər bu cür uşaqlar heç cəmiyyət içərisində görünmürdülər. Valideynlər əlil övladlarını gizlədirdilər. Amma son vaxtlar bir az buzlar əriməyə başlayıb.

Rəsul bu məqamda söhbətə qoşulur…

– Hətta bir dəfə anamla şəhərə çıxmışdıq. Bir qadın elə bildi ki, dilənçiyəm, üstümə 20 qəpik atdı. Anam dedi ki, xanım, pulunuzu götürün, biz dilənçi deyilik, gəzməyə çıxmışıq.

Raya xanım:

– Vallah, kimin nə dediyi heç vecimə də deyil. Rəsul mənim övladımdır, onunla fəxr edirəm. Maşallah, 5 dil bilir. Avazla çox gözəl Quran oxuyur. Sağ olsun, müəllimləri. İslam Universitetinin bütün kollektivinə minnətdaram. Rəsulu bir an belə diqqətdən kənarda qoymurlar.

– Rəsul nə qədər müavinət alır?

– 144 manat. Bu, heç onun bircə iynəsi deyil. İl ərzində də 2 dəfə reabilitasiya keçməlidir. O reabilitasiya mərkəzi də Şağanda yerləşir. Düzdür, adı pulsuz olsa da hər dəfə bir xeyli xərcimiz çıxır. Həmin mərkəzin çox peşəkar həkimləri var, amma şərait və yeməkləri bərbaddır. Hər dəfə ora gedəndə Rəsul deyir ki, mən burda acından və üfunətdən öləcəm.

Təkərləri yeyilmiş araba… və bir iynəyə çatan müavinət

– Qarşıdan Yeni il gəlir, şəhərdə yarmarkalar qurulub. Yəqin ki, Rəsulu gəzməyə aparacaqsınız…

– Elə Yeni il demişkən… Sizə bir hadisəni danışım. Demək, bir-iki il bundan əvvəl Yeni ildə bulvara getmişdik. Yolkanın yanında dayanıb, Şaxta Baba ilə şəkil çəkdirdik. Yenə bir qadın yaxınlaşıb, Rəsulun ovcuna pul qoydu. Dedim, “xanım, biz şəkil çəkdiririk, dilənçi deyilik”. Qadın da qayıtdı ki, dilənçi deyilsizsə, bu uşağı niyə çölə çıxartmısan? Soruşdum, “bəs sən niyə çölə çıxmısan?” Dedi, “çünki mən insanam”. Və bizim orda çox böyük bir sözümüz düşdü, nəticədə də kor-peşman evə qayıtdıq.

– Sözsüz ki, hər Yeni ildə də o hadisə yadınıza düşür.

– Bəli. Bu il də çox güman ki, Rəsulu şəhərə çıxarda bilməyəcəm.

– Səbəb?

– Arabasının təkərləri yeyilib, getmir. Mart ayından Nəsimi rayon “Əmək və əhalinin sosial müdafiəsi mərkəzi”nə ərizə ilə müraciət etmişik, hələ də gözləyirik. Çox yaxşı olardı ki, ona motorlu araba versinlər. Bəlkə onda Rəsul özünü bir az xoşbəxt və sərbəst hiss edər.

Zakirə Zakirqızı
Yenicag.az