Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi səlahiyyəti verilib.
Yenicag.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilən “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisinin istehsalçıları, ötürücüləri, paylayıcıları və istehlakçılarına (məişət abonentləri istisna olmaqla),qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləşdirilməsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, sınağı və sertifikatlaşdırılması fəaliyyətini həyata keçirənlərə və istehlakçılara nəzarət edəcək.
Nazirlər Kabineti 9 ay müddətində yerli və xarici ekspertləri, habelə beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə elektrik qurğularının quraşdırılması, elektrik və istilik qurğularının texniki istismarı və elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını müəyyən edəcək.
Nazirlər Kabineti bu müddət ərzində elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması və yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydasını da müəyyən etməlidir.