Elektrik enerjisinə görə borcların ödənilməsində YENİLİK

Bölgələrdə poçtlar vasitəsilə ödənilən elektrik enerjisinə görə borclar bundan sonra terminallarda ödəniləcək.

Yenicag.az xəbər verir ki, bu barədə APA-nın Mil-Muğan bürosu məlumat yayıb.

Qeyd edilir ki, respublikanın 11 şəhər və rayonunda mövcud elektron tipli sayğaclara elektrik enerjisinə görə ödəmələr yalnız poçt şöbələri vasitəsilə həyata keçirilirdi. Elektrik enerjisi istehlakçıları olan fiziki və fərdi abonentlər elektron sayğac kartlarını yalnız poçtlarda yükləməklə balanslarını artıra bilirdilər. Bu da soyuq havalarda və ya elektrik enerjisinə tələbat çoxaldıqda böyük növbələr yaradırdı. Eyni zamanda, insanların vaxt itirmələrinə səbəb olurdu.

Həmçinin şənbə günü günortaya qədər, istirahət günü isə xidmət, ümumiyyətlə, işləmirdi. Əgər həmin günlər abonentin elektrik enerjisi kəsilirdisə, o, məcburən bazar ertəsini gözləməli olurdu. Artıq yeni tətbiq olunan ödəmə vasitəsi bu problem aradan qaldırıb. Adıçəkilən rayon və şəhərlərdə “MilliÖN” ödəniş sistemində yenilik tətbiq edilib. Mövcud terminallar yenisi ilə əvəzlənir. Terminallara quraşdırılan yeni qurğu vasitəsilə elektron sayğac kartlarının balansını artırmaq mümkündür. Bunun üçün həmin qurğuya sayğac kartını salmaqla, kommunal xidmətlər bölümünə daxil olmaq və pulu ödəməklə, balansı artırmaq olur.

COP29