Elektron pul təşkilatı üçün lisenziya tələbi müəyyənləşdi

Ödəniş təşkilatı, elektron pul təşkilatı və operator (Mərkəzi Bank istisna olmaqla) ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyəti bu Qanuna uyğun olaraq lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.

Yenicag.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, operator fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında “ödəniş sistemi”, ödəniş xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında isə “ödəniş təşkilatı” və ya “elektron pul təşkilatı” sözlərinin istifadə edilməsi qadağandır.

Müstəsna olaraq hesab üzrə məlumat xidmətinin göstərilməsi üçün ödəniş təşkilatı bu Qanuna uyğun olaraq Mərkəzi Bankda qeydiyyata alınmaqla hesab üzrə məlumat xidmətini göstərə bilər. Həmin ödəniş təşkilatı digər ödəniş xidmətlərini göstərmək istədikdə bu Qanuna uyğun olaraq lisenziya almalıdır.

Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, habelə poçt rabitəsinin milli operatoru ödəniş xidmətlərini “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun aldıqları lisenziya əsasında həyata keçirirlər. Həmin təşkilatlar elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidmətinə başlamazdan azı 1 (bir) ay əvvəl Mərkəzi Bankı bu barədə yazılı formada məlumatlandırmalıdırlar.

Lisenziya müddətsizdir və verildiyi gündən qüvvəyə minir, yalnız onu almış şəxs tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə ötürülə bilməz.

Bu Qanunla vətəndaş qüsursuzluğu tələbi müəyyən olunmuş şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir. Həmin şəxslər əcnəbi olduqda, cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə rezidenti olduğu ölkənin aidiyyəti dövlət orqanlarından əldə edilmiş arayış təqdim edilir. Lisenziyanın alınması üçün əcnəbilər və xarici hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılır və ya onlara apostil verilir. Mərkəzi Bank xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və operatorun yerli filialına lisenziyanın verilməsi üçün təqdim edilən sənədlərə baxılması zamanı, sənədlərə dair məlumatların dəqiqləşdirilməsi üçün xarici ölkələrin aidiyyəti orqanına müraciət edə bilər.

Ödəniş təşkilatı, elektron pul təşkilatı və operator fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya verildikdən sonra Mərkəzi Bank 5 (beş) iş günü müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.

Lisenziya verilməsi üçün müraciət edən Mərkəzi Banka lisenziya tələb olunan fəaliyyət üzrə ödəniş xidmətlərinin növü göstərilməklə ərizə təqdim edir.Əizəyə aşağıdakı məlumat və sənədlər əlavə edilir:

-hüquqi şəxsin səlahiyyətli orqanının qərarı;

-nizamnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;

-nizamnamə kapitalının miqdarı, hər bir iştirakçının payı (səhmi) və payın (səhmin) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;

– Mərkəz Bank tərəfindən müəyyən edilmiş minimum miqdardan az olmamasını təsdiqləyən sənəd;

– mühüm iştirak payının sahiblərinin qanuna uyğunluğunu təsdiq edən sənədlər;

– müraciət edənin idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin vətəndaş qüsursuzluğuna dair məlumat, o cümlədən icra orqanının rəhbərinin bu Qanunun müəyyən edilmiş tələblərinə cavab verməsini təsdiq edən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” qanuna uyğun olaraq təsdiq edilmiş surəti;

– müraciət edənin təşkilati strukturu, idarəetmə orqanları, Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçıları arasındakı münasibətlər və benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat;

– göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və ilk 3 (üç) il üçün biznes-plan;

– müraciət edənin daxili nəzarət və risklərin idarə edilməsi sistemi, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi zamanı fırıldaqçılıq hallarından və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiəsi üçün təhlükəsizlik tədbirlərinə dair məlumat;

– fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı;

– həssas ödəniş məlumatlarının yazılması, monitorinqi, izlənilməsi və bu məlumatlara girişin məhdudlaşdırılması üzrə prosedurlar.

Göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və biznes-planına, daxili nəzarət və risklərin idarəetmə sistemlərinə, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirlərinə, fövqəladə hallarda fəaliyyətin davamlılığına və bərpa planına, habelə bu Qanunda nəzərdə tutulan prosedurlara dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.

Lisenziyanın verilməsi üçün müraciətə təqdim edildiyi tarixdən 60 (altmış) təqvim günü müddətində baxılır. Mərkəzi Bank baxılmaq üçün təqdim olunmuş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, bu barədə ərizənin qeydiyyata alındığı tarixdən 15 (on beş) iş günü müddətində müraciət edənə yazılı bildiriş təqdim edir və ya göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini izah edir. Müraciət edən çatışmazlıqları yazılı bildiriş alındığı tarixdən ən geci 15 (on beş) iş günü müddətində aradan qaldırmalıdır. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi və ya göndərilməsi müraciətə baxılması üçün müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılması barədə Mərkəzi Banka yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur. Mərkəzi Bank lisenziyanın verilməsi barədə qərar qəbul etdikdə müraciət edənə 2 (iki) iş günü müddətində dövlət rüsumunu ödəməsi haqqında məlumat verir. Lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd Mərkəzi Banka təqdim edildikdən sonra lisenziya 2 (iki) iş günündən gec olmayaraq müraciət edənə təqdim edilir və ya göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd 5 (beş) iş günü müddətində təqdim edilmədikdə lisenziya Mərkəzi Bank tərəfindən ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində müraciət edənə təqdim edilir və ya göndərilir.

Mərkəzi Bank lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edir:

– Müraciət edən ona yazılı bildirişdə qeyd olunmuş çatışmazlıqları bu Qanunla müəyyən olunan müddətdə aradan qaldırmadıqda və ya təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

– göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və biznes-plan, nizamnamə kapitalının miqdarı, daxili nəzarət və risklərin idarəetmə sistemləri, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirləri, fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı, habelə bu Qanunda nəzərdə tutulan prosedurlar müəyyən edilən tələblərə cavab vermədikdə;

– müraciət edənin idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri vətəndaş qüsursuzluğu tələbinə cavab vermədikdə;

– mühüm iştirak payının sahibləri müəyyən edilmiş tələblərə, benefisiar mülkiyyətçilər isə vətəndaş qüsursuzluğu tələbinə cavab vermədikdə;

– mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin müraciət edənə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya müraciət edənin ilkin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda.

Mərkəzi Bank lisenziya verilməsindən imtina barədə qərar qəbul etdikdə, qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü müddətində imtina səbəbləri göstərilməklə ərizəçiyə təqdim edilir və ya göndərilir. Lisenziyanın verilməsindən imtina cavabı almış müraciət edən aşkar edilmiş səhvləri və çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziya verilməsi üçün təkrar ərizə ilə Mərkəzi Banka müraciət edə bilər. Bu halda müraciətə yeni müraciət kimi baxılır. Müraciət edən lisenziyanın verilməsindən imtina haqqında qərardan məhkəməyə şikayət verə bilər. Ödəniş təşkilatı və ya elektron pul təşkilatı yenidən təşkil edildikdə, onun adı və ya hüquqi ünvanı dəyişdirildikdə, o, reyestrdə müvafiq dəyişikliklərin edilməsi və lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə ilə Mərkəzi Banka müraciət edir. Sənədlər daxil olduqdan sonra 5 (beş) iş günü müddətində Mərkəzi Bank lisenziyanın yenidən rəsmiləşdirilməsi haqqında müraciətə baxır və təqdim olunan sənədlərdə çatışmazlıq olmadıqda müraciət edənə yenidən rəsmiləşdirilmiş lisenziya verir. Təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə yenidən rəsmiləşdirilmiş lisenziyanın verilməsindən imtina haqqında qərar qəbul edilir və 2 (iki) iş günü müddətində səbəbləri göstərilməklə imtina barədə qərara dair müraciət edənə yazılı məlumat verilir. Yenidən rəsmiləşdirilmiş lisenziya ödəniş təşkilatına və ya elektron pul təşkilatına təqdim edilir və ya göndərilir.

Lisenziya itirildikdə, zədələndikdə və ya məhv olduqda ödəniş təşkilatı və ya elektron pul təşkilatı lisenziyanın dublikatının verilməsi üçün Mərkəzi Banka ərizə ilə müraciət edir. Zədələnmiş lisenziyanın dublikatının verilməsi ilə bağlı müraciət edildikdə, ərizəyə zədələnmiş lisenziya əlavə olunur. Ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan sonra 7 (yeddi) iş günü müddətində Mərkəzi Bank itirilmiş, zədələnmiş və ya məhv olmuş lisenziyanın dublikatını hazırlayaraq ödəniş təşkilatına və ya elektron pul təşkilatına təqdim edir və ya göndərir.

Ödəniş təşkilatı və elektron pul təşkilatı bu Qanunun tələbləri nəzərə alınmaqla filial və nümayəndəlik açmaqda sərbəstdirlər. Qanunda müəyyən edilən tələblərə uyğun olan, habelə filialda aparılan əməliyyatlar haqqında məlumatların real vaxt rejimində ödəniş təşkilatına və elektron pul təşkilatına ötürülməsi üçün informasiya sistemləri mövcud olan ödəniş təşkilatı və elektron pul təşkilatı Azərbaycan Respublikasının ərazisində filial aça bilərlər. Ödəniş təşkilatı və elektron pul təşkilatı filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 (yeddi) iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərirlər. Bildirişə filial açmaq barədə səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın müvafiq qaydada təsdiqlənmiş surəti və filial rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin, bu Qanunun tələbləri nəzərə alınmaqla, notariat qaydasında və ya “İnzibati icraat haqqında” qanuna uyğun olaraq təsdiq edilmiş surəti əlavə olunur. Bildirişdə filialın ünvanı, fəaliyyətə başlaması vaxtı və filialın həyata keçirəcəyi ödəniş xidmətləri barədə məlumat əks etdirilir. Mərkəzi Bank tərəfindən 14 (on dörd) təqvim günü müddətində bildirişə münasibət bildirilmədikdə və ya bu Qanunun təshih tədbirlərinə əməl edilməməsi ilə bağlı, habelə ödəniş təşkilatı və ya elektron pul təşkilatı tərəfindən yerli filialın açılması üçün bu Qanunda nəzərdə tutulmuş tələblərə riayət edilməməsi ilə bağlı yazılı məlumat göndərilmədikdə yerli filial fəaliyyətə başlaya bilər. Ödəniş təşkilatı və elektron pul təşkilatı Azərbaycan Respublikasının ərazisində nümayəndəliyin açılması barədə yazılı məlumatı bu barədə qərarın qəbul edildiyi gündən 5 (beş) iş günü müddətində Mərkəzi Banka təqdim edirlər. Məlumatda nümayəndəliyin adı və ünvanı göstərilir və nümayəndəliyin rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin, bu Qanunun tələbləri nəzərə alınmaqla, notariat qaydasında və ya “İnzibati icraat haqqında” qanuna uyğun olaraq təsdiq edilmiş surəti məlumata əlavə olunur.

Xarici ölkədə filialını və nümayəndəliyini açan ödəniş təşkilatı və elektron pul təşkilatı onların yerləşdiyi ölkədə fəaliyyətə başladıqdan sonra bu barədə Mərkəzi Banka 5 (beş) iş günü müddətində yazılı məlumat təqdim edirlər. Ödəniş təşkilatı və elektron pul təşkilatı filial və nümayəndəliklərinin fəaliyyətlərinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdikdə, səbəbi göstərilməklə bu barədə Mərkəzi Banka 5 (beş) iş günü müddətində yazılı bildiriş göndərməlidirlər. Bildirişdə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş struktur bölməsinin aktiv və öhdəliklərinin ödəniş təşkilatı və elektron pul təşkilatına və ya onların digər struktur bölməsinə ötürülməsi qaydası göstərilir.

COP29