Elektron tibbi arayışlar xidmətinin təqdimatı oldu – FOTO/VİDEO

Bakı Biznes Mərkəzində Elektron tibbi arayış xidmətinin təqdimatı ilə bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun, TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin, Azərbaycan Respublikasının Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi, Elm və təhsil nazirliklərinin, eləcə də media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib.

Yenicag.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, xüsusən də dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində yeni bir mərhələ başlandığını qeyd edib.

O, səhiyyə sahəsində rəqəmsallaşdırılmanın, tibdə innovativ texnologiyaların tətbiqi prosesinin əhəmiyyətindən danışıb.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Vüsal Məsiyev və Elm və təhsil nazirinin müavini Həsən Həsənli də çıxışlarında qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin dövlət siyasətinin prioritetlərindən olduğunu və bu sahədə son illərdə mühüm nailiyyətlər əldə edildiyini vurğulayıblar. Onlar yeni təqdim olunan elektron tibbi arayışlar xidmətinin bu istiqamətdə yeni mərhələ olduğunu qeyd edib və xidmətin vətəndaş məmnunluğunun artırılmasında dönüş yaradacağına əminliklərini ifadə ediblər.

“Rəqəmsal Tibbi Həllər” MMC-nin direktor müavini Misirxan Sadıqzadə elektron tibbi arayışlar barədə təqdimatla çıxış edib. Tibbi arayışların elektron tərtibatı, eləcə də onların elektron formada necə əldə olunması qaydasına dair geniş məlumat verib. O qeyd edib ki, elektron arayışlar kağız daşıyıcı ilə eyni hüquqi qüvvəyə malikdir.

Brifinq media nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşıb.

İsmayıl Bakuvi
Samir Məcidov

COP29