Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əli Əlirzayev: “Neft Fondundan büdcəyə transferlərin artmasının səbəbi...” – Müsahibə

“Ötən ilin büdcəsində neftin qiyməti 45 dollardan hesablanırdısa, bu il artıq o rəqəm 50 dollar civarında göstərilib”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində 2019-cu ilin dövlət büdcəsi layihəsini dəyərləndirən sabiq millət vəkili, professor Əli Əlirzayev deyib.

Bu həftədən etibarən, Milli Məclisin komitələrində 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb. Layihə açıqlandığı gündən sözügedən sənəd ətrafında müzakirələr tədricən genişlənməkdədir.

Layihəyə əsasən, gələn ilin dövlət büdcəsinin gəlirləri 22,917 milyard manat (Ümumi Daxili Məhsulun (ÜDM) 28 faiz həcmində) göstərilib. Bu, ötən ilin büdcəsi ilə müqayisədə 3,5 faiz çoxdur.

Qeyd olunur ki, proqnozlaşdırılan büdcə gəlirlərinin 7,316 milyard manatı (31,9 faiz) vergilər, 11,364 milyard manatı (49,6 faiz) Neft Fondundan transferlər, 3,451 milyard manatı (15,1 faiz) gömrük rüsumları, 785,6 milyon manatının (3,4 faiz) digər gəlirlər hesabına təmin olunması nəzərdə tutulur.

Bununla belə, gələn ilin büdcə layihəsində xərclərin həcmi ötən illə müqayisədə 1,68 milyard manat (7,3 faiz) artırılaraq, 24,780 milyard manata (UDM-in 30,2 faizi) çatdırılıb. Büdcə kəsiri isə 1,862 milyard manat nəzərdə tutulub. Bu, ötən ilin analoji göstəricisindən 911,6 milyard manat (95,9 faiz), 2018-ci ilin faktik büdcə kəsirindən isə 784,8 milyard manat (72,8 faiz) çoxdur.

2019-cu ilin dövlət büdcəsi layihəsində diqqəti cəlb edən məqamlardan biri də Neft Fondundan büdcəyə transferlərin həcminin təqribən 2 milyard manat artırılmasıdır: 2018-ci ildə 9,216 milyard manat, 2019-cu ildə isə 11,364 milyard manat. Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclaslarında müzakirə olunduqdan sonra qəbul ediləcək. O baxımdan, yuxarıda göstərilən bəzi rəqəmlərin dəyişəcəyi istisna deyil.

Professor Əli Əlirzayev Yenicag.az-a müsahibəsində gələn ilin büdcə layihəsi ilə bağlı yaranan sualları cavablandırıb.

– 2019-cu il dövlət büdcəsi layihəsini necə qiymətləndirirsiz? Sənədi optimal hesab etmək olar?

– Bildiyiniz kimi, gələn ilin büdcə layihəsi hələlik müzakirə mərhələsindədir, qəbul olunmayıb. Layihədə göstərilənlərə əsasən, dövlət büdcəsinin gəlirlərində ötən illə müqayisədə təqribən iki milyard manat həcmində artım nəzərdə tutulub. Eyni zamanda, Ümumi Daxili Məhsulun (ÜDM) 2,6 faiz artması gözlənilir. Yəni bütün sahələrdə artım var.

– Ancaq gələn ilin büdcə gəlirlərinin tam yarısını – 11,364 milyard manat – Neft Fondundan transferlər təşkil edəcək…

– Bunu deyərkən nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiyməti də artıb. Neft bahalaşdığına görə neft gəlirləri, buna müvafiq olaraq da Neft Fondundan dövlət büdcəsinə transferlərin həcmi artıb. Ötən ilin büdcəsində neftin qiyməti 45 dollardan hesablanırdısa, bu il artıq o rəqəm 50 dollar civarında göstərilib. Digər tərəfdən, Neft Fondundan büdcəyə daxilolmalar qarşıya qoyulan vəzifələrdən asılıdır. Gələn il bir sıra sahələrin, əsasən də, qeyri-neft sektoru üzrə inkişafın sürətləndirilməsi planlaşdırılır. Həmçinin əhalinin sosial müdafiəsinə yönəlik xərclərin və həyat səviyyəsinin artırılması, sahibkarlığa ayrılan yardımların genişləndirilməsi və sair nəzərdə tutulur. Büdcənin xərcləri artdığına görə gəlirlərin də artırılması zəruri olur.

– 1,86 milyard manatla ifadə olunan büdcə kəsirinin həcmi də ötən ilə nisbətən 70 faiz artıqdır. Bu qədər kəsir büdcənin icrasına problem yaratmayacaq?

– Büdcə kəsiri hər zaman problemli məsələdir. Ancaq unutmayaq ki, büdcə kəsiri bütün ölkələr üçün xarakterik haldır. Büdcə kəsirinin çoxalması təbii ki, xərclərin artırılması ilə əlaqədardır. Adətən, büdcə kəsiri bəzi xərclərin ödənməsi üçün gəlirlərin bəs eləmədiyi hallarda yaranır. Gələn il may ayında yəqin ki, büdcəyə bir daha baxılacaq və əlavə nə qədər gəlirin olduğu müəyyənləşəcək. Daha doğrusu, burada əlavə yox, büdcədə nəzərdə tutulmayan gəlirlərdən söhbət gedir. O gəlirləri yenidən hesablayaraq, bölmək olar. Ancaq büdcə kəsiri sadə dillə söyləsək, pulun çox xərclənməsi deməkdir.

– Cari ildə gömrük rüsumları üzrə yığımın təqribən 1 milyard manat olduğu açıqlandı. Ancaq gələn ilin büdcəsində gömrük rüsumları 3,45 milyard manat göstərilib. Bu, nə dərəcədə realdır?

– Bu, ölkədə maliyyə nəzarətinin gücləndirilməsinə, yeni vergi sisteminə keçidə və gömrük sahəsində aparılan dəyişikliklərə hesablanıb. Yəni vergidən yayınma halları azalacaq və bu da vergi bazasının genişlənməsinə yol açacaq. Ümumi Daxili Məhsul artdıqca dövriyyədəki vəsaitin həcmi də artır. Nəticədə yığılan pulların miqdarı da çoxalır. Həmin proqnoz də məhz o vəsaitlərin hesabına təmin olunacaq.

– Büdcə gəlirlərinin müxtəlif sahələr üzrə bölgüsü mövcud ehtiyac reallığına uyğundur?

– Bu məsələyə bir qədər nisbi yanaşılmalıdır. Azərbaycanda sosialyönümlü siyasət hər zaman prioritet elan olunub və büdcəmiz də sosial yönümlüdür. Odur ki, təhsil, səhiyyə, elm, mədəniyyət və digər sahələrə iri həcmdə dövlət vəsaiti ayrılır. Xatırladım ki, ölkədə təqribən 1,4 milyon təqaüdçü var. Ancaq bir sahə inkişaf edirsə, onun hesabına digər sahə də inkişaf etməlidir. Ola bilməz ki, kənd təsərrüfatı inkişaf eləsin, ancaq onun məhsulunun emal sənayesi inkişaf eləməsin. Eynilə də digər sahələr. İndi elə bir vəziyyət yaranıb ki, Azərbaycan öz iqtisadiyyatını xarici investisiyalar yox, daxili imkanları hesabına inkişaf etdirməlidir.

A.Zeynalov

www.yenicag.az

5260
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100