Bu il martın 10-da Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi, professor Əli Həsənovun 60 yaşı tamam olur.Bu yazıda onun 30 illik ictimai-siyasi fəaliyyəti və 25 illik məmur həyatının izləyə bildiyim ən mühüm məqamları haqda qənaətlərimi, eləcə də tanınmış qələm adamlarının rəyləri əsasında hazırladığım ümumiləşdirməni bölüşməyə çalışacağam.
Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində dövlətçi təfəkkürə, milli əxlaqa və güclü iradəyə malik, intellektual, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, xalq üçün gərəkli saydığı kadrlara üstünlük verirdi. Ümummilli liderin müstəqil Azərbaycanın yeni siyasi elitasına qazandırdığı belə kadrlardan biri də Əli Həsənov idi. Ümummilli lider Heydər Əliyev onu 1990-cı ildən tanıyrıdı, vətəndaş mövqeyinə, iradəsinə, ictimai fəallığına, mükəmməl təhsilinə və səmimiyyətinə bələd idi, Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində isə Naxçıvan şəhərində partiya quruculuğuna cəlb edərək sınaqdan çıxarmış, işgüzar keyfiyyətlərini, geniş əhali kütləsi və ictimai-siyasi qurumlarla effektli ünsiyyət qurmaq qabiliyyətini müşahidə etmişdi. Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkədaxili idarəçiliyin ən çətin sahəsini Əli Həsənova etibar etməsinin də əsas səbəbi məhz bu idi.
1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasının qəbulundan sonra ölkədə başladılan müstəqil dövlət quruculuğu prosesinə uyğun olaraq Əli müəllimin məsul olduğu media sahəsində də islahatlara rəvac verildi. Əli müəllim həm də jurnalistlərlə hakimiyyət orqanları arasında yaranmış kəskin qarşıdurmanı aradan qaldırmağa və qarşılıqlı münasibətləri sahmana salmağa başladı. Qısa müddətdə dövlət tədbirlərində jurnalistlərin, media tədbirlərində isə hakimiyyət təmsilçilərinin iştirakı təmin edildi. Bunun ardınca hakimiyyətin daim ciddi tənqid olunduğu senzuranın ləğvi, KİV-lərin dövlət qeydiyyatının asanlaşdırılması, azad söz üzərindən dövlət tənzimləmə mexanizmlərinin aradan qaldırılması istiqamətində addımlar atıldı, media qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırıldı.
2003-cü ildə mətbuatın özünütənzimləmə orqanı olan və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası təsis edildi. Milli KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi və bu sahəyə dövlət dəstəyinin artırılması ilə bağlı çoxsaylı qərarlar qəbul olundu.Məhz bu islahatların və mətbuatın inkişafına göstərilən dövlət qaygısının nəticəsi idi ki, “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin media işçiləri arasında keçirdiyi sorğuda Prezident Heydər Əliyev “Jurnalistlərın dostu” mükafatına layiq görüldü.
Heydər Əliyevin təməlini qoyduğu siyasi plüralizm və azad media siyasəti 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən müəyyən korrektələrlə davam etdirilmiş və zamanın tələblərinə uyğun yeni pozitiv addımlar atılmışdır. Əli müəllimin qeyd etdiyi kimi, “Azərbaycanda hazırda elə bir liberal vəziyyət yaradılıb ki, istənilən vətəndaş müvafiq dövlət qurumuna sadəcə xəbərdarlıq edərək mətbuat sahəsində fəaliyyətə başlaya bilər. Elektron media sahəsində fəaliyyət göstərmək üçün yalnız xüsusi domen almaq tələb olunur…Ölkədə azad internet istifadəçilərinin sayı hazırda əhalinin 80%-ini ötüb. Ölkə əhalisinin 3 milyona qədəri sosial şəbəkə istifadəçisidir. “Az.” domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötüb. KİV-lərin ümumi sayı isə 5000-ə çatıb.”
2008-ci il iyulun 30-da KİV sahəsində yeni bir pozitiv addım atıldı- Prezident İlham Əliyev “KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyası”nı təsdiq etdi. 2009-cu il aprelin 3-də isə konsepsiyanın tələblərinə uyğun olaraq Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu günə kimi Fond vasitəsilə KİV-lərə 40 milyon manatdan çox vəsait ayrılıb. Prezidentin sərəncamlarına əsasən, jurnalistlər üçün 410 mənzildən ibarət iki yaşayış binası tikilərək istifadəyə verilib. Hazırda 255 mənzildən ibarət 3-cü binanın tikintisi davam edir. Əlbəttə, bütün bu qeyd edilənlər Əli Həsənovun KİV siyasətini kurasiya etdiyi dövrdə yaşanan çoxsaylı pozitivlərin hamısı deyil. Təsadüfi deyil ki, 2010-cu ildən sonra Prezident İlham Əliyev jurnalistlər arasında keçirilmiş əksər sorğuların nəticələrinə əsasən, hər dəfə ölkə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildən başlayaraq siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində də atılcaq addımların başlıca istiqamətləri müəyyənləşdirilildi. Avropa standartlarına uyğun yeni qanunvericilik bazası formalaşdırıldı, qeyri-hökumət təşkilatlarının qeydiyyatı sadələşdirildi, bu sahədə fəaliyyət göstərən insanların maariflənməsi, təşkilatların qanunvericiliyin tələblərinə müvafiq fəaliyyət göstərməsi məqsədilə BMT ilə tərəfdaşlıq çərçivəsində xüsusi QHT Resurs və Təlim Mərkəzi yaradıldı, vətəndaş cəmiyyəti institutlarına müvafiq dövlət qurumlarının dəstəyi stimullaşdırıldı. 2008-ci ildə Prezidentin sərəncamı ilə QHT-lərə Dəstək Konsepsiyasının qəbulu və QHT Şurasının yaradılması vətəndaş cəmiyyəti institutlarının sonrakı inkişafını təmin etdi, mövcud inkişafı stimullaşdırdı, sistemləşdirdi və arzuolunmaz xarici təsirlərdən xilas etdi. Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 3 mindən çox QHT fəaliyyət göstərir.Əli Həsənov Prezident Administrasiyayasına gələnə qədər QHT-lər daha çox “antihökumət” və ya “antidövlət” imici ilə assosasiya olunurdusa, onun dövründə- cəmi beş il müddətində bu rəy tamamilə aradan qalxdı və QHT-lər siyasətdən kənar azad vətəndaş cəmiyyəti institutlarına və dövlətin mühüm tərəfdaşlarına çevrildi.
Ölkənin əsas siyasi partiyaları ilə hakimiyyət arasında siyasi dialoqun və konstruktiv əməkdaşlığın yaradılmasına da nail olundu. Əli Həsənovun peşəkarlığı, müasir dünyanın və ölkənin siyasi palitrasına və əsas trendlərə dərindən bələdliyi, dövlətçi yanaşması,dialoq aparmaq qabiliyyəti, ən nəhayət, siyasi prinsipallığı keçirilən görüşlərin həmişə konstruktiv nəticə ilə bitməsinə səbəb olurdu. Bu gün Azərbaycanda siyasi partiyaların sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb. Onların fəaliyyəti Konstitusiya, Mülki Məcəllə, Seçki Məcəlləsi, “Siyasi partiyalar haqqında” qanun, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” qanunlar və s. normativ-hüquqi aktlarla, habelə Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrlə tənzimlənir.Ölkədə 55 siyasi partiya dövlət qeydiyyatından keçib. Son seçkilərin nəticələrinə görə Milli Məclisdə 11 partiya, o cümlədən 8 müxalifət partiyası təmsil olunur.
Sirr deyil ki, xarici ölkələrdə erməni diasporunun sistemli fəaliyyəti nəticəsində dünyanın əksər nüfuzlu KİV-lərinin, beynəlxalq və regional QHT-lərin, tanınmış ictimai-siyasi xadimlərin, təsirli lobbi təşkilatlarının və s. birləşdiyi ciddi bir anti-Azərbaycan platforması formalaşmışdı. Əli Həsənovun məsul olduğu strukturlar bu sahədə dərhal ciddi addımlar atmalı idilər. Elə bu məqsədlə də, yaxın və uzaq xarici ölkələrdə azərbaycanlıları birləşdirən diaspor təşkilatlarının formalaşdırılması və onların vasitəsilə ölkəmizin maraqlarının qorunması istiqamətində ciddi işlərə start verildi. ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çinin, qardaş Türkiyənin, qonşu İran və digər İslam ölkələrinin, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Gürcüstanın təsirli KİV və QHT-ləri vasitəsilə milli maraqlarımızın təbliği və təşviqi istiqamətində ciddi koordinasiya təşkil olundu. 2005-ci ilə doğru situasiya xeyli dəyişdi və ermənilərin xarici aləmdə neçə illər yaratdığı, anti-Azərbaycan platforması yavaş-yavaş dağıdılmağa başlandı, Azərbaycanın maraqlarının təbliği işi qaydaya salındı.
Əli Həsənovun əsas fəaliyyət sahələrindən biri ölkənin rəsmi ideoloji təbliğat sisteminin qurulub idarə edilməsi: ümummilli liderin həyata keçirdiyi siyasi kursun, azərbaycançılıq ideologiyasının və demokratik dövlət quruculuğu siyasətinin təbliği, müstəqil dövlətimizin banisinin xidmətlərinin öyrənilərək ölkə və dünya ictimaiyyətinə çatdırılması idi. 2003-cü ildən sonrakı dövrdə müəyyən korrektələrlə eyni kurs davam etdirilmiş, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin əsas istiqamətləri və prinsipləri, gördüyü işlərin ölkəmiz üçün əsas nəticələri də eyni uğurla təbliğ edilmişdir. Əli müəllim bu işi həm rəhbərlik etdiyi şöbənin əməkdaşları, həm də ölkənin malik olduğu siyasi-ideoloji və informasiya resursları vasitəsilə həyata keçirsə də, yaradıcı bir insan kimi özünün də kifayət qədər şəxsi və intellektual əməyi olmuşdur. Müsahibələrindən birində qeyd edir ki, “Ümummilli Liderin siyasi kursunun və dövlətçilik irsinin, Prezident İlham Əliyevin gördüyü işlərin və dövlət siyasətinin müxtəlif aspektlərinin təbliğatı üçün bu dövrdə KİV-lərdəki şəxsi çıxış və müsahibələrimin həcmi çap ekvivalenti ilə-hər biri 1000 səhifə olmaqla 28 cilddən ibarət olub. İndiyə qədər ölkəmizin ictimai-siyasi həyatı, dövlət siyasətinin ayrı-ayrı istiqamətləri, görülən və görülməkdə olan işlər, dövlət başçısının fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsi və s. haqqında ölkə daxilində və xarici ölkələrdə yüzlərlə müsahibələr vermiş, müxtəlif dillərdə 40 kitab, 400-ə yaxın məqalə çap etdirmişəm”.
Əli Həsənovun son beş ildə kifayət qədər uğurlu olduğu və ölkənin milli maraqlarını təmin etmək istiqamətində həyata keçirdiyi fəaliyyət istiqamətlərindən biri də sosial şəbəkələr sayıla bilər. Bu fəaliyyət anti-Azərbaycan platformasında birləşənlər və iqtidarın opponentləri tərəfindən xüsusi narahatlıqla qarşılanırdı, sosial mediada məhz onun xüsusi hədəfə alınması da Əli Həsənovun bu istiqmətdəki işinin effektivliyinin doğurduğu narahatlıqdan irəli gəlirdi.
Söz yox ki, ölkənin sabit inkişafının arxasında 1993-2003-cü illərdə Ümummilli Lider, 2003-2020-ci illərdəsə Prezident İlham Əliyevin əzmi, iradəsi və effektiv siyasəti dayanıb. Hakim siyasi komandanın xalq arasında etimad reytinqi daha da yüksəlib(uzun müddət hakmiyyətdə olan qüvvə üçün isə bu, olduqca ciddi və çətin əldə edilən göstəricidir), xalq-iqtidar vəhdəti təmin edilib. Əli Həsənovun əsas vəzifəsi isə prezidetlərin verdiyi tapşırıqları dürüst və effektli icra etmək, görülən işləri hakimiyyətin sözçüsü kimi geniş ictimaiyyətin diqqətinə çatdırmaq, hakimiyyətin opponentləri ilə fəal dialoq apararaq görülən işlərə onların kölgə salmasının qarşısını almaqdan ibarət olub.
İbrahimi dinlərə aid mətnlərdən dünya dillərinə keçmiş bir frazeologiya var-“Əyyub səbri”. Ona qarşı edilən haqsızlıqları, səbəbsiz imtahanları soyquqqanlıqla qarşılayıb, öz əqidəsinə sadiq qalan adamlar haqqında işlənir bu ifadə. Bu ali keyfiyyət Əli Həsənovda var-o, çox səbirli və təmkinli bir məmur idi. Heç zaman ona qarşı çirkin kampaniya aparan məkirli dairələrə, ölkədaxili və xarici anti-Azərbaycan qüvvələrinə xüsusi fikir verməyərək, iş başında olduğu son günə qədər öz vəzifəsinə ciddi məsuliyyətlə yanaşıb, xalqı, dövləti və Prezidenti üçün əzmkarlıqla çalışıb. Əli müəllimin bütün məmur karyerası məhz onun prinsipallığı, işgüzarlığı, biliyi, ağlı, dönməz siyasi əqidəsi və öz əqidəsinə olan sədaqəti ilə bağlı idi…
Məhz peşəkarlığı, dialoq və əməkdaşlıq nöqtələri tapma bacarığı sayəsində Azərbaycan mediasında, QHT və siyasi partiyalar sistemində bir anlaşma mühiti, münaqişəli durumların mədəni dünyanın qəbul etdiyi yollarla çözümü üçün müstəvi yaranıb. Azərbaycanımız, dövlətimiz adına belə bir nəticə əldə etmək üçün “Əyyub səbri” nümayiş etdirməyə, son 25 ilin gərgin əməyinə dəyərdi. 60 yaşınız mübarək, Əli müəllim! Tanrı Sizi qorusun!…
Cəmaləddin Quliyev