Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin nümayəndələri ilə görüşüb.
Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycanda yaşayan Axısxa Türklərinin vəziyyəti, Gürcüstana köç prosesi, təhsil və iş məsələləri müzakirə edilib.
Azərbaycan dövlətinin Axısxalı Türklərin yanında olmasından məmnunluğunu dilə gətirən “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov bu diqqət və qayğının Ulu Öndər Heydər Əliyevin zamanında da hər zaman hiss etdiklərini ifadə edib.
“Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, Gürcüstan dövləti tərəfindən 11 iyul 2007-ci il tarixdə “XX əsrin 40-cı illərində Gürcüstandan sürgün olunmuş şəxslərin vətənlərinə dönmələri” haqqında qəbul edilən qanuna əsasən bu günə kimi 1800 nəfərə qədər Axısxa Türkünə repatriant (vətənə dönüş icazəsi) statusu verildiyini, onlardan isə sadəcə 497 nəfərə şərti Gürcüstan vətəndaşlığı verildiyini bildirib.
Şərti vətəndaşlıq alan Axısxalı Türklərin Gürcüstan vətəndaşlığını əldə edə bilmələri üçün isə Azərbaycan vətəndaşlığından imtina etmələri gərəkdiyini diqqətə çatdıran İbrahim Məmmədov, Axısxa Türklərinin Azərbaycanı öz vətənləri kimi sevdiklərini, ona görə də Azərbaycan vətəndaşlığından imtina etmək istəmədiklərini qeyd edib.
İbrahim Məmmədov bildirib ki, Azərbaycan vətəndaşlığından imtina etməmələri səbəbindən Gürcüstan vətəndaşlığı əldə edə bilmirlər və bu da Axısxa Türklərinin tarixi vətənlərinə köç prosesini ləngidir.
“Vətəninizə dönmək sizin haqqınızdır” deyən Prezidentin köməkçisi daha sonra bunları qeyd edib: “Biz Axısxa Türklərinin tarixi vətənlərinə köç prosesində yaxından iştirak edirik. Ərizələrin toplanması prosesində də əlimizdən gələn dəstəyi verdik. Biz köç prosesini Türkiyə dövləti ilə birlikdə həyata keçirməliyik. Türkiyə regionda söz sahibi olan bir dövlət kimi bu məsələnin müsbət həll edilməsində böyük rol oynaya bilər. O bölgələr bizim tarixi torpaqlarımızdır. Ona görə də oraları sahibsiz qoymaq olmaz”.
Prezidentin köməkşisi Əli Həsənov, tarixi vətənlərinə köç prosesinə mane olan məsələlərin həllində Axısxa Türklərinə dəstək olacaqlarını bildirib. Bundan əlavə Əli Həsənov Axısxa türklərinin çox zəhmətkeş insanlar olduğunu da qeyd edib.
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov bildirib ki, Axısxa Türkləri illərlə Azərbaycanda yaşayır və ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edir. O, bundan sonra da dövlətimizin və millətimizin yanında olmağa davam edəcəklərini açıqlayıb.
Sonda isə “Vətən” İctimai Birliyinin nümayəndələri görüş üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Prezidentin köməkçisi Əli Həsənov ilə görüşdə Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri ibrahim Məmmədov, Birliyin Bakı Komitəsinin sədri Məhəmməd Şamilov və “Axısxa” qazetinin baş redaktoru Mövlud İşık iştirak edib.