Əli Həsənov veteranlarla görüşdü

18 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla veteranların görüşü keçirilmişdir.

Əli Həsənov çıxışına başlamazdan öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin veteranlara xüsusi salamlarını və ən xoş arzularını çatdırmış, dövlət başçısının veteranlarla bağlı məsələləri daim diqqət mərkəzində saxladığını və bu gün də məhz Prezidentin tapşırığı ilə onlarla görüşə gəldiklərini bildirmişdir.
Prezidentin köməkçisi bu il yanvar ayının 3-ü və 25-də 95 yaşları tamam olmuş İkinci Dünya müharibəsi veteranları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aleksandr Aleksandroviç Qritçenkonun və Səttarova Fatma Hüseyn qızının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərancamı ilə 30 yanvar 2017-ci il “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduqlarını xatırlatmışdır. O, hər iki qocaman veteranın bu yüksək dövlət mükafatına ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə layiq görüldüklərini vurğulayaraq, veteranların daim fəal olmalarından qürur duyduqlarını, onların yalnız mənsub olduqları ailələrin deyil, bütün xalqın ağsaqqalı, ağbirçəyi olduqlarını qeyd etmişdir.

Azərbaycanda müharibə əlillərinə və veteranlarına yüksək dövlət qayğısı göstərildiyindən danışan Ə.Həsənov respublikada bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyətinin canlandığını, veteranlara münasibətin kardinal şəkildə dəyişməsinin şəxsən şahidi olduğunu bildirmişdir. O, xüsusilə 1994-cü ildən etibarən bu istiqamətdə ardıcıl və məqsədyönlü addımların atıldığını, Ümummilli lider Heydər Əliyevin imzaladığı ilk Qanunlardan birinin məhz veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olduğunu qeyd etmişdir. Bunula da yüksək səviyyəyə qaldırılan veteranlara dövlət qayğısının hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu məqsədlə təkcə cari ilin əvvəlləindən artıq bir neçə sərancamın imzalandığını bildirən Ə.Həsənov bu günki təqdimatların da bu sahədə növbəti addım sübutu olduğunu vurğulamışdır.
Prezidentin köməkçisi Azərbaycan Respublikası Prezidentinin fəxri diplomlarını İkinci Dünya müharibəsi veteranları Səttarova Fatma Hüseyn qızına və Aleksandr Aleksandroviç Qritçenkoya təqdim etmiş, onlara cansağlığı, gəlcək işlərində uğurlar arzulamışdır.

Fatma Səttarova və Aleksandr Qritçenko çıxış edərək yüksək təltifə və diqqətə görə Azərbaycan Respublikası Prezidentinə öz dərin minnətdarlıqlarını buildirmiş, İkinci Dünya müharibəsi cəbhələrində qazandıqları yaraların bu gün göstərilən belə yüksək qayğıdan sonra sanki sağaldığını vurğulamış, ölkənin ictimai həyatında və gənclərin vətənpərvərlik tərbiyəsində bundan sonra da səmərəli fəaliyyət göstərəcəklərinə əmin etmişlər. Hər iki veteran dövlət başçısı, Ali Baş Komandana, şanlı ordumuza, eləcə də bütün xalqımıza Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi istiqamətindəki fəaliyyətlərdə uğurlar arzulamışlar. Onlar bütün veteranlar adından Azərbaycan xalqının qələbə gününün uzaqda olmadığına inandıqlarını ifadə etmişlər.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin ölkə veteranlarını həmişə diqqət mərkəzində saxlamasından, onların problemlərinin birinci növbədə həll olunmasından danışmış, müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl sərancam və fərmanlar imzalandığını qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan veteranları bu baxımdan bütün MDB məkanında ən çox qayğı və diqqətlə əhatə olunmuşlar və Ulu öndərin dediyi kimi veteranlara sözün həqiqi mənasında Azərbaycanın xəzinəsi kimi yanaşılır.

C.Xəlilov veteranların maddi rifah halını yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsinin onları daim ruhlandırdığını, özlərini daim sırada hiss etdiklərini vurğulamışdır. Azərbaycan veteranlarının dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı dəstəklədiklərini və bu siyasətin gələcəkdə də uğur qazanması üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildirmişdir.
Görüşün sonunda Əli Həsənov Veteran Təşkilatının qarşısında duran vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə inandığını, və bu gün də Təşkilatın fəaliyyətinin ümumən ölkə ictimayyəti tərəfindən razılıqla qarşılandığını qeyd etmişdir. O, Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin xususi diqqətdə saxlandığını ifadə etmişdir.

Yeniçağ.az

Loading...