Ramin Hacılı 3 minə cəbhəçi bileti satır? – AXCP-nin iddiasına sərt cavab

Sosial şəbəkədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı AXCP Gənclər Komitəsinin İdarə heyətinin üzvü Türkəl Azərtürkün Ümid Partiyasının üzvü Ramin Hacılı barəsində xoşagəlməz statusa rəy yazaraq, “Diqqət paylaşın, dostlar! Saxtakar rejimin əlaltılarını ifşa edin!” fikrini paylaşıb.

Yeniçağ.az həmin statusu olduğu kimi təqdim edir:

“Diqqiət, paylaşın dostlar! Saxtakar rejimin əlaltılarını ifşa edin!

Türkel Azerturk: Bu günlərdə təsadüfən Almaniyaya mühacirət etmiş bir həmvətənlimizlə görüşdük. Xeyli söhbət etdikdən sonra məlum oldu ki, adam “cəbhəçidir”. Dedim AXCP-nin hansı rayon şöbəsinin üzvüsən? Bir 5-10 adamın adını say: şöbədən görək kimləri tanıyırsan? Adam da çıxartdı vəsiqəsini ki, bəs inanmırsan, ala bax. Baxan kimi aydın oldu ki, sənəd saxtadır. Bunu siz də şəkildən aydın şəkildə görə bilirsiniz. (Rəngi daha açıq olan sənəddən gedir söhbət). Mənim də cəbhəçi olduğumu biləndə, qardaş başladı düzünü danışmağa ki, cəbhəçi-zad deyiləm. Sadəcə, Bakıda Ramin Hacılı adlı bir qardaş işimi düzəltdi. 3000 manata bu partiya biletini və naməlum şəxslər tərəfindən döyülməyimlə bağlı sənəd verdi. Ki, intervyuda təqdim edim. Bax belə. İndi Siyavuş kimi boşboğazlıq edincə, gedin bu qədər möhürün harada, necə, kimlər tərəfindən hazırlandığını araşdırın”.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Ümid Partiyasının Beynəlxalq Məsələlər üzrə sədr müavini Ramin Hacılı bildirib ki, məsələdən xəbəri yoxdur:

“Mənə qarşı hər zaman AXCP tərəfindən qərəzli münasibət olub. Xüsusən də Əli Kərimli tərəfindən. Ona görə hesab edirəm ki, bu da şər və böhtandır. Mən Ümid Partiyasının üzvüyəm, o vaxt onlar təklif etmişdilər ki, AXCP-yə qoşulum, mən də o partiyanı seçmədim deyə, bu tip qərəzli münasibətlər yaranmağa başladı. Onlar yalnız özlərini vəziyyətdən çıxartmaq üçün bu tip üsullara əl atırlar. Onlar hələ bundan sonra da müxtəlif şər-böhtanlardan istifadə edib, başqa adlar da çəkəcəklər. Bu xəbəri ilk olaraq sizdən eşitdim və çox pis oldum. Mən onlara qarşı və bu məsələyə reaksiya verəcəm”.

Ramin Hacılının sözlərinə görə, bu, hansısa səbəbdən doğan şər kampaniyasıdır:

“Açığı, baş verənlərin hələlik heç səbəbini də bilmirəm. Bu məsələ ilə bağlı günü bu gün məhkəməyə müraciət edəcəm. Gözəl xanımı və Türkəl Azərtürk bu statusa görə məhkəmədə mənə cavab verməli olacaqlar. Məhkəmədə xahiş edəcəyəm ki, həmin adam kimdirsə, o sənədi mənim verdiyimi sübut etsin. Bu, mənə qarşı təxribatdır. Yenə də deyirəm, hazırda şokdayam və heç nə başa düşə bilmirəm. Mənə elə gəlir ki, bu, özlərinə qarşı bir kompaniyadır və kompaniyanın izini azdırmaq istəyirlər. Bunun üçün də mənim üzərimə yönəldirlər. Yəqin ki, başqa istiqamətlərə də yönəldəcəklər”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az