Əli Kərimlinin “liberal faşizm”i bizi hara aparır?

Doğrudanmı Əli Kərimli demokratdır?..

Dünyanın bir çox yerlərində radikal etiraz nümayişlərinin keçirilməsi ilə bağlı xəbərlər yayılır. Latın Amerikasından, Fransadan tutmuş İraqa, Livana və hətta İndoneziyaya qədər insanlar küçələrə tökülüb ətrafı oda verirlər və bu zaman təbii olaraq polislə qarşıdurmalar meydana çıxır.

Eyni vəziyyəti Əli Kərimli və komandası Azərbaycanda da yaratmağa çalışırlar. Buna artıq bir dəfə cəhd elədilər. Alınmadı. İndi ikinci cəhdə hazırlıq içindədirlər. Şiddət heç bir problemlərin həlli deyil, əksinə problemləri böyütməkdir. Əli Kərimli də buna can atır və xaosu Azərbaycana gətirməyə çalışır.

Bəs xaos nə deməkdir? Xaos sabit olan hər şeyin dağılması deməkdir. Yəni işimizi, çörəyimizi, təhlükəsizliyimizi, uşaqlarımızın normal böyümə imkanlarının yox olması, qorxuyla evdən çıxmaq və yolda ölmək, öldürülmək deməkdir. Xaos dövlətin zəifləməsi, bəlkədə yox olması və vətəndaş qarşıdurması deməkdir. Əli Kərimli və komandası buna çalışır, bunun üçün cəhd edir. Yəni bizim normal həyatımıza qəsd etməyə çalışır. Normal yaşamımızı əlimizdən almağa çalışır.

Maraqlıdır ki, Əli Kərimli ancaq bir yerlərdə inqilablar baş verərkən ortaya çıxır və adından danışmaq istədiyi bu xalqı fəlakətin içinə soxmaq üçün əlindən gələn hər şeyi edir. 2011-ci ildə “Ərəb baharı” başlarkən də Əli Kərimli bu “baharı” ölkəmizə gətirmək üçün bütün gücü ilə çalışdı. Amma olmadı. “Ərəb baharı” olan ölkələrin taleyini indi hamımız görürük. Onlar vətəndaş müharibəsi edir, bir-birlərini öldürürlər. Bu üzdən milyonlarla insan evindən dərbədər olub qaçqına çevrilir. Bu üzdən 10 minlərlə uşaq acından ölür. Bu üzdən terror ortaya çıxır. Və bütün bunları Əli Kərimli ölkəmizə gətirmək və bu xalqa “ərməğan” etmək istəyir.

Əli Kərimli normalda özünü demokratiyanın tək və yenilməz təmsilçisi hesab edir. Özünü bu şəkildə təqdim edir. Bu xalqa “qurtuluş” və “cənnət” vəd edir. Ancaq onun bu xalqa verə biləcəyi tək şey yuxarıda sadaladığımız şeylərdir. Yəni ölüm və fəlakət. Uşaqlarımızın ölümü və gələcəyinin olmaması.

O, Azərbaycanın maraqlarını xarici dövlətlərə satmağa həmişə hazır olub və bunu da xarici səfirlərlə görüşündə hər zaman biruzə verib. Əli Kərimli özünü demokrat olaraq, siyasi zorakılığa məruq qalan və hətta siyasi “məzlum” kimi təqdim edir. Bunun üçün vətəndaş qarşıdurması yaradır və çalışır ki, bu qarşıdurmada o məsum və əzilən tərəf kimi görünsün.

İndi Əli Kərimli özünü xaricə, ABŞ-a, Avropa Birliyinə yaxşı qiymətə sırımaq üçün özünü “əsl demokrat” kimi qələmə verir. Elə Avropa Birliyinin Azərbaycandakı səfiri Kestutis Yankauskas ilə görüşündə də demokratiyadan, fundamental insan hüquqlarından bəhs edib. Bəs Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də demokratiyanın “D”-sı varmı. Əli Kərimli öz ətrafına demokratiya aşılayırmı?

Bəs doğrudanmı Əli Kərimli demokratdır? Əli Kərimlini azacıq tanıyanlar onun necə bir “demokrat” olmasını da yaxşı bilirlər. Əli Kərimlinin bu gün öz ətrafında yaratdığı sistem də bunu deməyə əsas verir ki, Kərimli əsla demokrat deyil, liberal da deyil. Əli Kərimli hakimiyyətə can atan kiçik bir diktatordur. O öz diktatorluğunu təmin etmək üçün bu gün inqilaba can atır. Onun vəd etdiyi demokratiya sözdən başqa bir şey deyil.

Bunun isbatını istəyənlərə bir arqument irəli sürmək belə yetərlidir. Bu gün Əli Kərimlinin ətrafında olan gənclər hər şeyə qarşı siyasi dözümsüzlüklərini bir anda ortaya qoyurlar. Onlar üçün hər şey Əli Kərimlinin ətrafında fırlanır və və Əli Kərimliyə azacıq laqeyd olanlar və sevgi əsirgəyənlər sadəcə düşməndirlər. Və bu gəncləri Əli Kərimli yetişdirir. Özünü bütləşdirərək onlara ancaq bir şey aşılayır. Hər zaman haqlı olan “O”dur. Başqa haqlı və haqq yoxdur. Budur Əli Kərimlinin tərəfdaşlarına aşıladıqları və o gənclər “Əli bəydən başqa Əli bəy yoxdur” prinsipindən azacıq da olsa kənara çıxa bilməzlər.

Yəni Əli Kərimlinin bu gün ətrafında formalaşdırdığı siyasi mühiti terminlə adlandırsaq, bu termini “liberal faşizm” adlandıra bilərik. Məhz Əli Kərimlinin Azərbaycan siyasətinə gətirdiyi “liberal faşizm” bizim gələcəyimizi təhdid edir. Çünki Əli Kərimlinin “liberal faşizm”i gənclərimizin beynini yuyur və onları özünə tapınmağa zorlayır. Bu gənclərdən zombi formalaşdırıb ölkənin mövcud sabitliyini yox etmək istəyir.

Hədəf və məqsəd budur və Əli Kərimlinin içindəki nifrət bizim hamımızı fəlakətə götürəcək qədər böyükdür. Çünki bu nifrət ona qarşı olan hər şeyi yox etmək istəyir. Və sabah ya zəlzələdən, ya da vəlvələdən Azərbaycanda Əli Kərimli dönəmi başlarsa, o zaman Azərbaycan və Azərbaycan xalqı heç bir zaman görmədiyi bir diktatorla üz-üzə qalacaq. Bundan hər kəs əmin ola bilər. Əmin ola bilər ki, Əli Kərimli onlara demokratiya deyil, totalitarizm gətirəcək. Həm də heç kimim görmədiyi bir totalitarizm.

O üzdən də Əli Kərimlinin “liberal faşizm”inə yox deməliyik və bu ölkənin problemlərini Əli Kərimli olmadan çözməyə çalışmalıyıq. Sivil yolla. Danışaraq və bölüşərək…