“Əli Kərimliyə göndərilən pulların arxasından başqa niyyət çıxarsa…” – Sərdar Cəlaloğlu

“AXCP-nin xaricdən maliyyələşdirilməsi haqda söhbətlər yeni deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O,Rusiyadan Xalq Cəbhəsi Partiyasına (AXCP) 412 min dollar dollar göndərilməsi faktı ətrafında aparılan təhqiqata münasibət bildirib.

Cəlaloğlunun fikrincə, AXCP-yə göndərilmiş bu pulların arxasında başqa məqsədlərin dayandığı üzə çıxarsa, bu, artıq həmin iş çərçivəsində yeni situasiya demək olacaq:

“Əli Kərimli müsahibədə dedi ki, bəli, o pul gəlib və həmin vəsaitləri öz kasıb, imkansız və həbsdə olan üzvlərinin ailələrinə yardım kimi veriblər. Əlavə etdi ki, onlara gələn o pullar ianədir və buna görə məsuliyyət daşımırlar. Mən bütün bunları özüm Kərimlinin dilindən eşitdim.

Xatırlayırsınızsa, ötən prezident seçkiləri vaxtı Qüdrət Həsənquliyev “Texnikabank”la bağlı Əli Kərimliyə aid bəzi sənədləri açıqlamışdı. O sənədlərdə milyonlarla vəsaitin olduğu bank hesablarından, o hesablardan hər ay 25 min dollar çıxarılması öz əksini tapmışdı.

Kərimli o vaxt bildirmişdi ki, həmin pullar baldızına məxsusdur, guya baldızının əri ərəbdir, pulları da o verib. İndi də məlum oldu ki, Kərimlinin Rusiyadakı yaxın adamları da ona pul göndəriblər.

Yadınıza salım ki, Milli Şura yaradılanda da o qurumun Rusiya tərəfindən maliyyələşdirilməsi haqda məlumatlar yayılmışdı. Yəni AXCP-nin xaricdən maliyyələşdirilməsi haqda söhbətlər yeni deyil. Sadəcə, bunlar yeni faktlardır.
Amma bütün hallarda hesab edirəm ki, bu məsələ qanun çərçivəsində həll olunmalıdır. Əgər o vəsaitlər həqiqətən də ianə kimi göndərilbsə, buna görə cinayət işinin açılması doğru deyil. Çünki partiyaların maliyyə qaynaqlarından biri məhz ianədir. Burada yalnız həmin ianələrin sənədləşdirilməsi və maliyyə hesabatının düzgün tərtib olunmamasına görə məsuliyyət müəyyən edilə bilər.

Lakin Əli Kərimliyə göndərilmiş o pulların arxasında başqa niyyətlərin olduğu üzə çıxarsa, bu, artıq tam başqa söhbətin mövzusudur. O baxımdan, aparılan təhqiqatın sonunu gözləmək lazımdır. Düzdür, hüquq-mühafizə orqanlarının bəyanatları birmənalı qarşılanmır. Ancaq dediyim kimi, Əli Kərimli özü Rusiyadan pul daxil olduğunu etiraf edib. Gözləyək, görək, hansı yeni detallar üzə çıxacaq”.

A.Zeynalov