“Pandemiya onların bizneslərini də batırdı. Hələ özləri də batdı”.
Bunu Yenicag.az-a açıqlamasında müğənni Əli Mirəliyev özünə biznes quran həmkarlarından danışarkən deyib.
O, indiki müğənniləri dünyasını dəyişən məşhur sənətkarlarla müqayisə edib:
“Şövkət Ələkbərova, Xan Şuşinski, Əbülfət Əliyev, İslam Rzayevin biznesi var idi bəyəm? Sənətə qulluq edən adamın biznesi olmur. Mən həmişə deyirəm ki, ay bala, əgər gözəllik salonun varsa, sən artıq müğənni deyilsən. Sənin məqsədin bilinmir. Ona görə oxumusan ki, özünə biznes qurasan. Sən orada artıq dayanmısan. O vaxtlar biz bağlı yaşayırdıq, sonradan ki, Türkiyəyə yollar açıldı, bizimkilər gedib gördülər ki, İbrahim Tatlısəsin avtobusları, şirkətləri var. Bizim sənətçilər də başladılar özlərinə biznes qurmağa. Pandemiya onların bizneslərini də batırdı”.
Müğənni bəzi xanım sənətçilərin bostanını da daşlayıb:
“Bir də görürsən hansısa qadın müğənni çıxıb efirə, deyir ki, mən belə yaşamışam, belə zəhmət çəkib özümə iş qurmuşam. Gülmək tutur məni. Ay qız, sənin bütün bioqrafiyanı əzbər bilirəm e, sən kimi aldadırsan? Axı bilirəm sənin anan-bacın kim olub, hansı yolun yolçusudurlar, hansı oyunlardan çıxıblar. Bunlar tamamən özlərini başqa cür qələmə verirlər. Rastıma çıxanda deyirəm ki, o gün efirdə yaxşı danışırdın. Yavaşca deyir ki, neyniyim efirdir də”.
Cəvahir