“Əli silah tutan 1 milyon suriyalı sabah Türkiyə üçün təhlükəyə çevriləcək” – Sinan Oğanla MÜSAHİBƏ

“Demoqrafik vəziyyət kəskin dəyişdiyi zaman Türkiyədəki ermənilərin əl-qolu açılacaq”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində son günlər Türkiyədə məskunlaşmış suriyalı qaçqınların, ermənilərin və terrorçu PKK tərəfdarlarının davamlı hədəfə aldıqları Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Sinan Oğan deyib.

– Türkiyəyə sığınmış suriyalı qaçqınlar sizi hədəfə götürüblər…

– Türkiyədə “suriyalılar rədd olsun”, – deyə heç kim heç vaxt bir söz demədi. Nə mən, nə bir başqası belə tələb səsləndirmədik. Bizim dəqiq dediyimiz bir söz var ki, Türkiyə 10 ildir, qadınlara, uşaqlara, yaşlılara baxır, bundan sonra 10 il də baxsın. Burada bir problem yoxdur. Türkiyədə əli silah tuta biləcək 1 milyon suriyalı kişi var. Onlar gedib dənizin kənarında qəlyan çəkib, Türkiyədən aldıqları yardım pulları ilə yaşayırlar. Biz deyirik ki, onlar öz ölkələrinə getsinlər, oranı qorusunlar, yaşasınlar. Artıq müharibə də bitib. Biz bunu deyirik, “suriyalılar rədd olsun”, demirik. Ancaq bəziləri suriyalıların getməsini istəmir.

– Kimdir onlar? Niyə istəmirlər?

– Çünki suriyalıların boşaltdığı torpaqlarda PKK və YPG özünə dövlət qurur, ərəblərin boşaltdığı torpaqlara PKK-çılar yerləşdirilir. Suriyalılar geriyə qayıtsa, PKK-çılar o torpaqları boşaltmalı olacaqlar. PKK-nı sevən, onun yanında olan bir qrup insan buna görə onların Türkiyədən getməsini istəmir. Adını da “qardaşlıq” qoyurlar.

– Nəyə görə məhz sizi hədəfə alıblar?

– Bu məsələləri deşifrə edən, “suriyalılar getməzsə, PKK-çılar orada məskən salacaq”, – deyən, bu yöndə ictimayyəti məlumatlandıran şəxs mənəm. O üzdən də, məni hədəf göstərirlər.

– Sosial şəbəkədə xüsusilə, ermənilər sizi “Azərbaycandan Türkiyəyə gedən miqrant” kimi təqdim edirlər…

– Türkiyəni quranlardan biri də Azərbaycan, oğuz türkləridir. Heç bir zaman oğuz türkləri ilə suriyalıları bir sıraya qoymarıq. Onlar Ərəbistana gedib, oranı müdafiə etsinlər.

– Suriyalılar hazırda Türkiyədə “yersiz gəldi, yerli qaç” məsəlinə uyğun davranırlar…

– Bir az elə oldu. Bu qədər qonaqlıq bəsdir. Artıq Suriyada da müharibə başa çatdığına görə hər kəs yurduna, yuvasına qayıtmalıdır. Biz Suriyanın ərazi bütövlüyünü müdafiə edirik. Əgər suriyalılar torpaqlarına dönməsələr, o zaman Suriyanın ərazi bütövlüyü pozulacaq. Biz Suriyanın da, suriyalıların da yaxşılığını istəyirik.

– Türkiyə dövləti bu yöndə hansı addımlar atmalıdır?

– Dövlətimizin, hökümətimizin suriyalılara münasibəti lap əvvəldən səhv olub. Əgər düzgün siyasət aparılsaydı, Suriya bu günə düşməzdi, 5 milyon suriyalı da Türkiyəyə gəlməzdi. Türkiyədəki iqtisadi çətinliklərin bir səbəbi də suriyalılara 40 milyard dollar xərclənməsidir. Ölkədə 5 milyon suriyalı, 1 milyon da əfqan var. Türkiyədəki 6 milyon qaçıqının sayı Avropadakı bəzi ölkələrin əhalisinin sayından çoxdur. Başqa sözlə, dünyanın 80 ölkəsində əhalinin sayı 6 milyondan azdır. Bütün bunların xərcləri Türkiyənin dövlət büdcəsindən ödənilir. Avropa İttifaqı, BMT, eləcə də ABŞ-dan heç bir maliyyə dəstəyi göstərilməyib. Türkiyəyə sadəcə, 2,1 milyard avro verilib. Lakin bu məbləğ Türkiyənin suriyalılara xarclədiyi 40 milyard dollarla müqayisədə heç nədir. ABŞ, Rusiya, İran və digər böyük ölkələr Suriyadakı proseslərdə fəal iştirak edir. O ölkələrin hansına suriyalıların axını olub? ABŞ-da maksimum 50-100 suriyalı var. Rusiyada varmı? Yox! Bəs İranda? Orada da yoxdur. Ərəb ölkələrində nə qədər suriyalı var? Orada yoxdur. Heç bir ölkə suriyalını istəmir, ərazisinə buraxmır. Öz ərəb qardaşları belə onları qəbul etmir. Türkiyə nəyə görə onlara baxmalıdır? Türkiyə ordusunun sayı 380 min əsgərdir. Türkiyədə əsgərlik yaşı çatan suriyalıların sayı isə 1 milyondur. Yəni əsgərlik yaşı çatan suriyalıların sayı Türkiyə ordusundakı əsgərlərin sayından 3 dəfə çoxdur. Bu amil də sabah Türkiyə dövləti üçün problemə çevrilə bilər. Onların öz aralarında qruplaşmalar yaradacağı, cinayətkar dəstələrlə iş görəcəyi şübhə doğurmur.

– Hətta İstanbulda mitinq etdilər…

– Mitinq keçirdilər və məni də hədəf göstərdilər. Ancaq biz öz yolumuzdan geri çəkilməyəcəyik.

– Sizə kimlər dəstək verir?

– Türk milləti bizim yanımızdadır. Bu gün sorğu keçirilsə, əhalinin 90 faizi, suriyalıların ölkədə qalmasını istəmədiyini bildirər. Son sorğuların nəticələrinə görə, AKP-nin İstanbulda seçkiləri uduzmasının başlıca səbəbi məhz suriyalılara olan münasibətdir. Türkiyədə heç kim suriyalıların ölkədə bundan sonra da qalmasını istəmir. Onların Suriyaya geri qayıtmalarını istəməyənlər isə ermənilər və PKK-çılardır. Hətta erməni millət vəkilləri suriyalıları açıq-aşkar müdafiə edirlər. Mənə ən çox hücum edənlər ermənilər, PKK-çılar və radikal dinçilərdir.

– Suriyalıların Türkiyədə qalmasını ermənilər niyə istəyirlər?

– Ermənilərin bunu istəməsinin səbəbi çox sadədir. Onlar Türkiyənin demoqrafik vəziyyətinin pozulmasını arzulayır. Demoqrafik vəziyyət kəskin dəyişdiyi zaman Türkiyədəki ermənilərin əl-qolu açılacaq.

– Sosial şəbəkələrdə sizə hücum edən və sizin də miqrant olduğunuzu yazanlar da ermənilər idi…

– Doğrudur. Ermənilər, PKK-çılar və radikal dinçilər Türkiyə dövlətinin düşmənləridir.

– Azərbaycandan mənəvi dəstək alırsınız?

– Azərbaycandan bəzi dostlar mənəvi dəstək olurlar. Ancaq bu, çox azdır. Daha çox dəstək olmalarını istəyirəm. Dəstək verdiyi üçün “Yeni Çağ” Media Qrupuna xüsusi təşəkkür edirəm.

Səxavət Məmməd

COP29