Əlillik dərəcələrinin verilməsi ASANLAŞACAQ: Bu müddət gözlənilmədən göndərişlər veriləcək

“Xəstəliklərin təyinatı məsələsindəki prosedurların asanlaşdırılması insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Jalə Əliyeva deyib.

Deputat Nazirlər Kabineti tərəfindən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərarın qəbulu ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

“Dəfələrlə bizə bununla bağlı çoxlu müraciətlər olub ki, prosedurlar mürəkkəbdir və s. Əlbəttə ki, bunun nəzərə alınması və insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addım təqdiredicidir, o cümlədən, insan amilinə xidmət edir”, – deyə o əlavə edib.

J. Əliyevanın fikrincə, bütün bunlar alqışlanası hallardır və xəstəlik spektrinin artırılması və siyahıya salınması, yardıma, habelə köməyə ehtiyacı olan təbəqəyə göstərilən dövlət qayğısının bir nümunəsidir.

“Həmin qərardan sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ətrafında cərəyan edən tənqidi fikirlər, nazirliyin ünvanına səslənən etirazlar azala bilərmi” sualına isə həmsöhbətimiz belə cavab verib:

“Bu elə bir məsələdir ki, insanlarımızda tam məmnunluq hissi yaratmaq mümkün deyil. Çünki bəzən müraciət edən şəxsin sənədləri doğru olmur, tələblərə cavab vermir və dərindən məşğul olanda bu kimi hallarla rastlaşırıq. Lakin vətəndaş məmnunluğunu artırmaq və onların həyat səviyyəsinin yüksəldilməsi üçün dövlət tərəfindən sözügedən addım atıldı. Düşünürəm ki, bu qərar növbəti mərhələdə daha çox insana xidmət edəcək və dövlətdən yardıma ehtiyacı olan təbəqə bu qərardan istifadə edəcək”.

Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı sosial şəbəkə hesabında qeyd edib ki, son qərar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaq. Onun sözlərinə görə, müddət gözlənilmədən göndəriş (forma 88) verilməsinə əsas verən xəstəliklərin sayı 73-ə çatdırılır.

“Bu qəraradək bu siyahıda yalnız 5 xəstəlik var idi. Bu o deməkdir ki, müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin siyahısına 68 xəstəlik əlavə olunur. Deməli, səhhətində bu xəstəliklərdən hər hansı biri müəyyən olunan vətədanşlarımız üçün müddət gözlənilmədən göndərişlər veriləcək”, – deyə deputat “Facebook” hesabında yazıb.

Rafi Müslümov

COP29