Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir.
Nazirlikdən Yenicag.az-a verilən xəbərə görə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 10.6-cı maddəsinə əsasən hazırlanmış layihədə abilitasiya, yəni əlilliyi olan şəxslərin mövcud potensialının maksimum inkişaf etdirilməsi, onların sərbəst yaşamaq imkanlarının artırılması ilə bağlı münasibətlər tənzimlənir.
Layihədə abilitasiya tədbirlərinin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən hazırlanaraq təsdiq edildiyi bildirilir.
Bu tədbirlər abilitasiya üçün potensial imkan və qabiliyyətlərin qiymətləndirilməsi, nəticələrin proqnozlaşdırılması kimi mərhələləri əhatə edir. Əlilliyin müəyyən edilməsindən sonra 10 iş günü ərzində şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əks əlaqə vasitələrinin birinə abilitasiya tədbirlərinin hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir.
Əlilliyi olan şəxs bununla əlaqədar gələ bilmədiyi hallarda abilitasiya tədbirləri onun yaşadığı yerdə hazırlanır. Bu tədbirlər hazırlanarkən əlilliyi olan şəxslərin və onların qanuni nümayəndələrinin də fikirləri nəzərə alınır. Hazırlanmış abilitasiya tədbirləri Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) daxil edilir.