“Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək” – Prosineçki

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Almaniya ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki matçdan öncə mətbuat nümayəndələrinin önünə çıxaraq sualları cavablandırıb:

– Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdı. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları “qıdıqlaya bildik”. Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər.

– Sabahkı oyun üçün heyəti dəqiqləşdirmədiyinizi dediniz. Hazırkı durum üçün ağlınızda olan heyəti açıqlaya bilərsinizmi?
– Oyun bu gün olsaydı, heyəti açıqlaya bilərdim. İndiki durumda son məşqi gözləməliyəm. Zədəli oyunçular var. Onların son durumunu öyrəndikdən sonra heyəti müəyyənləşdirəcəm.

– Rəşad Sadıqov da milliylə birgə Almaniyaya gəlib. Onu sabahkı oyunda meydanda görə biləcəyik?
– Yox. Çexiya ilə oyun Rəşad üçün son oyun idi.

– Yoahim Löv böyükhesablı nəticənin olmayacağını bildirdi. Siz necə düşünürsüz?
– Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda da yaxşı çıxış edəcəklər.