UEFA Gənclər Liqasının yarımfinal mərhələsinin oyunları keçirilib.
Yenicag.az xəbər verir ki, bu gün İngiltərənin “Mançester Siti” klubu İspaniya “Barselona”sı ilə qarşılaşıb. 9 qolun (!) qeydə alındığı qarşılaşma Kataloniya təmsilçisinin qələbəsiylə başa çatıb – 5:4.
Bu oyunu azərbaycanlı hakimlər briqadası idarə edib. Əliyar Ağayevin baş hakim olduğu görüşdə onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olub. Dördüncü hakim funksiyasını isə Sandro Scharer (İsveçrə) yerinə yetirib.
Ağayev bu oyunda “Barselona”nın 2, “Mançester Siti”nin isə 3 futbolçusuna sarı vərəqə göstərib. Matçın 36-cı dəqiqəsində isə o, Mançester təmsilçisinin bir futbolçusunu ikinci sarı – qırmızı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, digər yarımfinal oyununda da İngiltərənin “Çelsi” klubu Portuqaliya “Portu”sunu üstələyib – 2:2 (penaltilər 5:4). Hansı ki, “Çelsi” Gənclər Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la bir qrupda yer almışdı.
Beləliklə, turnirin final görüşündə “Çelsi” ilə “Barselona” qarşılaşacaq. Həlledici matç aprelin 23-də baş tutacaq.