İlham Əliyevin yerli telekanallara müsahibəsində Ermənistan işğalında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) taleyi ilə bağlı dedikləri iki məsələyə aydınlıq gətirdi.
Birincisi, rəsmi Bakının bu kəndlərin qaytarılması ilə bağlı planı nədir?
İkincisi, ayın sonunda məsələ Ermənistanla müzakirə ediləcək.
Daha öncə bir neçə dəfə bu haqda yazmışdıq: rəsmi Bakı işğal altında qalan 8 kəndin qaytarılması ilə bağlı “mərhələli həll” variantından çıxış edir. Prezident İlham Əliyev bunu təsdiq etdi.
– birinci mərhələ: anklav olmayan 4 kənd – Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri qaytarılır; Əliyev bu 4 kəndin qeyd-şərtsiz qaytarılmalı olduğunu vurğuladı;
– ikinci mərhələ: anklav olan – Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur, çünki anklavların qaytarılması üçün bu kəndlərə dəhlizlər açılmalıdır; Ki, iki ölkə və xalqlar arasında etimad mühiti formalaşmadan buna nail olmaq çətindir, digər tərəfdən, bu dəhlizlərin ən azı ilk dövründə təhlükəsizliyin necə təmin edilməsi üzərində razılıq olmalıdır.
Ermənistan tərəfi dəhliz məsələsinin çətinliyinə istinad edərək, anklavların qaytarılması məsələsini arxa plana keçirmək istəyir. Nikol Paşinyan “barter”dən – SSRİ dövründə Ermənistana verilmiş və anklav kimi qəbul edilən Başkəndlə Kərki və Qazaxın 3 anklav kəndinin dəyişdirilməsi variantına işarə edib. Hərçənd, Əliyev anklavların qaytarılmasının vacibliyinə toxundu və bəyan etdi ki, bununla bağlı ekspert qrupu yaradılmalı, həll yolları tapılmalıdır.
Burada əsas diqqətçəkən məqamlardan biri Prezidentin “Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir” deməsidir. Söhbət Başkənddən gedir və bu, dövlət başçısı səviyyəsində ilk dəfə dilə gətirilir. Və Əliyevin “erməni anklavı” ifadəsinin iki istiqamətdə manevr xarakterli olması istisna edilməməlidir.
1. Cari dövrdə anklav olmayan 4 kəndin qaytarılmasına nail olmaq;
2. Sərhədin delimitasiyasının 1920-ci illərin xəritələrinə əsasən aparılmasını gündəmə gətirməklə həmin dövrdə Ermənistana “bağışlanmış” Başkəndin “erməni anklavı” olması iddiasını aradan qaldırmaq; Əliyevin XX əsrin əvvəllərinə aid xəritələrin əsas götürülməsi haqda dedikləri də bu konteksdə diqqət çəkir.
Bu ayın sonunda Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının görüşü nəzərdə tutulur. Əliyev bəyan etdi ki, görüşdə Qazax-Tovuz bölgəsinin delimitasiyası müzakirə olunacaq – anklav olmayan 4 kəndin qaytarılması./axar.az