Fəlsəfə doktoru, təhsil eksperti Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) Azərbaycan Milli Ensiklopediyasının ilk 5 cildinin Rusiyada çap olunmuş çoxcildli ensiklopediyaların birindən köçürüldüyünü iddia edib.
Məsələ ilə bağlı Etibar Əliyevin Kult.az-a müsahibəsini təqdim edirik:
– Etibar müəllim, əvvəlcə dünyanın aparıcı ölkələrinin ensiklopediya ənənəsi haqda danışaq…
– Ensiklopediya tərtibatı çox ciddi işdir. Dünyada ilk ensiklopediyanı 1751-ci ildə fransız riyaziyyatçısı Leron Dalamber və maarifçi Deni Didro hazırlayıb. Məqsəd bütün elm sahələri üzrə biliklərin yığcam və məzmunlu şəkildə verilməsi idi. Hazırda isə dünyada ən məşhur ensiklopediya ingilislərə məxsus “Britannika”dır. Bu ensiklopediyanın ilk nəşri 1768-1771-ci illərdə 3 cilddə hazırlanıb. O vaxtdan indiyə qədər “Britannika” dünyanın ən qüdrətli ensiklopediyası sayılır. “Britannika”nın belə qüdrətli olmasının səbəbi bu işə məsul şəxslərin mütəxəssislərlə əməkdaşlığıdır. Elm və digər sahələr üzrə ən yaxşı məqalələri, səhih informasiyaları, bioqrafiyaları onun cildlərindən tapmaq olar.
– Bəs bizim ensiklopediya ənənəmiz?..
– 70 il SSRİ-nin tərkibində olduğumuz üçün bizim ensiklopediya ənənəmiz sovet təcrübəsindən qaynaqlanır. SSRİ vaxtı nəşr olunan ensiklopediyalar içərisində ən fundamentalı Nobel mükafatı laureatı fizik Aleksandr Proxorovun baş redaktoru olduğu 30 cildlik Böyük Sovet Ensiklopediyası sayılır. Düzdür, burada da sovet ideologiyasının təsiri birmənalı şəkildə hiss olunur, ancaq elm sahələri, incəsənət, bioqrafik məlumatlar indi də aktuallığını itirməyib.
Böyük Sovet Ensiklopediyasının baş redaktoru Proxorov müsahibələrinin birində qeyd etmişdi ki, “sovet” sözünü görəndə bu ensiklopediya gözümdən düşür: “Amma mən Böyük Sovet Ensiklopediyasını dünyanın ən yaxşı ensiklopediyalarından biri sayıram. Bu 30 cildlik nəşri Roma Papasının otağında, Konqresin kitabxanasında görmək olar”.
Ötən əsrin 70-ci illərində nəşr olunan Azərbaycan Sovet Ensiklopediyası (ASE) həmin dövr üçün çox faydalı idi. Böyük zəhmət hesabına başa gələn 10 cildlik ASE indi o qədər istifadə olunmur. Sovetlərin tərkibində olduğumuza görə ideoloji basqı dərhal hiss olunur və elə bu səbəbdən də həmin ensiklopediya nadir biblioqrafiya sayılmır.
Azərbaycan Milli Ensiklopediyasının çapı və hazırlanması olduqca vacib məsələ idi. Elə bir ensiklopediya çap olunmalı idi ki, gələcək nəsillər bundan azı 100 il müddətində istifadə edə bilsinlər. Eynilə “Britannika” nümunəsində olduğu kimi. Təəssüf ki, Milli Ensiklopediyanın tərtibatı məsələsinin həvalə olunduğu qurum bu işin öhdəsindən gələ bilmədi. Vaxtilə yaxşı ensiklopediya hazırlamaq üçün ensiklopediyaçılar var idi. Bunun üçün elmi dərəcələr bir o qədər rol oynamırdı. İndi belə mütəxəssislər yox səviyyəsindədir. Ensiklopediyada plagiatlıq məsələsi yolverilməzdir. Azərbaycan Milli Ensiklopediyasının 5 cildi Rusiyada çap olunmuş çoxcildli bir ensiklopediyadan köçürülüb. Müqayisə edəndə adamın ayağının altından yer qaçır. Plagiatlığın həddi-hüdudu yoxdur.
Rusiyanın həmin ensiklopediyasını “Britannika” ilə müqayisə etsəniz, bir oxşar cümləyə, yaxud məqaləyə rast gəlməzsiniz. Dünyada buna çox pis baxırlar. Bir misal gətirim: Tutaq ki, fransız yazıçısı Onore de Balzak haqqında ensiklopediyaya məqalə yazmaq lazımdır. Bunun üçün Azərbaycanda Ədəbiyyat İnstitutu, universitetlərdə xarici ölkələr ədəbiyyatı kafedrası, bu sahədə çalışan kifayət qədər alimlərimiz var. Burda köçürməyə nə ehtiyac var? Böyük rüsvayçılıq odur ki, nə köçürdükləri mənbəni, nə də məqalə müəllifinin adını göstərirlər.
Ensiklopediya hər bir millətin, xalqın elmi potensialının güzgüsüdür. Buna görə də akademiklərin bu səhvi bizim elmi potensialımıza kölgə salır.
– Ensiklopediyamızın plagiat olduğu qənaətinə necə gəldiniz? Bir neçə nəfərlə birlikdə araşdırma apardınız, yoxsa təkbaşına müəyyənləşdirdiniz?
– Ötən əsrin 90-cı illərindən məndə ensiklopediyalara maraq yaranıb. Kitabxanamda “Britannika”, “Larousse”, Böyük Sovet, həm də Böyük Rusiya ensiklopediyaları var. Təsadüfən bir məqalə axtarırdım və qərara gəldim ki, bu məqalənin həm Milli Ensiklopediyadakı, həm də Rusiya Ensiklopediyasındakı versiyalarına baxım. Gördüm ki, bizimkilər ordan cümləbəcümlə köçürüblər. Bundan sonra araşdırdım, gördüm, əksər məqalələri köçürüblər. Məsələn, Milli Ensiklopediyada ABŞ-ın keçmiş prezidenti ata Buşun bioqrafiyası Böyük Rusiya Ensiklopediyasından köçürülüb. Axı, ata Buşun rəhmətlik Heydər Əliyevlə görüşü olub, hətta onların fotoları da var. Bir adam çıxıb deməyib ki, axı, bu, Milli Ensiklopediyadır, bunun bizə aid olan hissəsi nədən ibarətdir? Bu onu göstərir ki, ensiklopediyanın tərtibatı naşı insanların əlinə düşüb.
Ensiklopediyaçılar o adamlardır ki, şəxsləri və ya anlayışların hansı ədəbiyyatlarda daha dolğun və məzmunlu yazılmasını bilirlər, başqa sözlə, çoxçeşidli ədəbiyyatlardan məlumatlıdırlar. Ola bilsin, bizim ensiklopediya təcrübəmiz yoxdur, amma yaxşı ensiklopediya hazırlamaq olardı. Lakin bu fürsəti əldən verdik. Elə məsələlər var ki, onu demək istəmirəm. Bizi istəməyən xalqlar, qüvvələr bundan istifadə edə bilərlər.
– Milli ensiklopediyanın plagiat olduğunu biləndən sonra ilk kimə müraciət etdiniz?
– Ensiklopediyanın redaksiya heyətinin rəhbərliyinə teleqram vurub, məlumatlandırdım. Mənim teleqramım araşdırılmaq üçün Milli Ensiklopediya Mərkəzinə göndərildi. Onlar da 2-3 iclas keçirdilər və belə qənaətə gəldilər ki, Azərbaycan ensiklopediyası qədər gözəl ensiklopediya yoxdur.
Bilirik ki, Prezidentimizin ölkədə maarifçiliyin inkişafında çox böyük rolu var. Dünya ədəbiyyatının çapında, orta məktəblərə dərsliklərin pulsuz verilməsində bunu görürük. Yadınıza gəlirsə, 2004-cü ildə Prezident yol verdiyi ciddi qüsura görə keçmiş ensiklopediyanın direktorunu iclasdan çıxardı. Hamı düşündü ki, artıq bundan sonra ensiklopediyanı hazırlayanlar dərs götürməlidirlər, lakin belə olmadı.
Xarici ensiklopediyalarda yer alan məqalələrin yazılmasında xarici müəlliflərin əsərlərindən istifadə olunub. Bütün mənbələr qeyd olunub. Bizdə isə buna rast gəlmək mümkün deyil. Ensiklopediya işini bilənlər anlayışlar, alimlərin kəşfləri haqqında məqalələrin ən yenisini araşdırıb tapmalıdırlar. Milli Ensiklopediyamıza məsul olan şəxslər həmin məsələləri araşdırıb ensiklopediyaya daxil etmək gücündə deyillər. Ensiklopediya tərtibatı xüsusi qabiliyyət tələb edir. Kitabxanası olan, müxtəlif sahələr üzrə sanballı ədəbiyyatları bilən, anlayışlarla işləyən şəxslər belə işləri daha yaxşı bacara bilərlər.
Ensiklopediyalarda hətta hansı şəkili, illüstrasiyanı haradan götürüblər, onu da qeyd edirlər. Çünki ensiklopediya işinin məsuliyyətini dərk edirlər. Bizimkilər isə götürüb başqasının məqaləsini tərcümə edib, müəllifin adını gizlədirlər. Bu biabırçılıqdır.
– Ensiklopediyamızda coğrafi ərazi, tarixi şəxsiyyətlər baxımından milli maraqlarımıza zidd olan nələrsə varmı?
– Hələ ki, ensiklopediyanın 5 cildi çıxıb. Elə anlayışlar, şəxslər haqqında məlumatları köçürüblər ki, adam deməyə utanır. Məsələn, böyük qırğız yazıçısı Çingiz Aytmatov haqqında məqaləni də həmin ensiklopediyadan köçürüblər. Çingiz Aytmatov bizə yaxın olan yazıçıdır. Azərbaycan ensiklopediyasında Aytmatovun bioqrafiyası, əsərlərinin təhlili başqa cür yazılmalı idi. Onun rəhmətlik Heydər Əliyevlə görüşü də ensiklopediyada yer almayıb. Sadəcə bir qrup yaradıblar və onlara deyiblər ki, bu ensiklopediyanı qarşınıza qoyub tərcümə edib köçürməlisiniz. Belə olmaz, ensiklopediyanı tərtib etməyin qaydaları var.
Çap olunan 5 cildə çox böyük vəsait xərclənib. Hətta birinci və ikinci cild Almaniyada çapdan çıxıb. Bu məsələni qaldırmaqda məqsədim odur ki, növbəti mərhələlərdə belə yanlışlıqların qarşısı alınsın.
Məsələn, Böyük Rusiya Ensiklopediyası 2005-2017-ci illər ərzində çap olunub. Rus alimləri 12 ilə 35 cildi ərsəyə gətiriblər. Azərbaycan Milli Ensiklopediya Mərkəzi isə 14 il ərzində cəmi 5 cild plagiat ensiklopediya hazırlayıb. Bu məsələnin maddi tərəfindən çox, mənəvi mənəvi tərəfi məni düşündürür. Bu qədər vaxta heç olmasa bir neçə elm sahəsi üzrə sahə ensiklopediyaları, lüğətlər hazırlamaq olardı. Mən ensiklopediyanın çapına sərf olunan vaxtı və pulu itirilmiş hesab edirəm.
– Ensiklopediyadakı qüsurlarla bağlı müraciət etdiyinizi, AMEA-nın ittihamları qəbul etmədiyini dediniz. Gələcəkdə qurumla aranızda yaranacaq problemlərdən narahat deyilsiniz?
– Qurumla yarana biləcək hər hansı problem məni maraqlandırmır. Bir alim kimi mənim orda çalışmaq iddiam da yoxdur. Sadəcə, uzun illər ensiklopediya ilə məşğul olan bir şəxs, alim kimi bu məsələni qaldırdım. İstənilən vaxt onlarla diskussiyaya girməyə, plagiatlığı sübut etməyə hazıram. Düşünürdüm ki, bu məsələ ilə bağlı ciddi ölçü götürüləcək. Əgər tədbir görülməsə, proses bu şəkildə davam edəcək.
Başqa bir məqam: məsələn, fizikadan, yaxud da kimyadan olan hansısa bir anlayış verilir, dərhal hiss olunur ki, bunu mütəxəssislər tərcümə etməyiblər. Formulalar çıxarılır, mətn hissəsi saxlanılır. Bu ensiklopediyadan təbiət və texniki elmlərin mütəxəssisləri heç nə götürə bilməzlər. Ümumiyyətlə, ensiklopediya hazırlananda bütün elm sahələrinin tanınmış mütəxəssisləri ilə məsləhətləşmək lazım idi.
Rusların hansısa yazıçıya münasibəti bizdən fərqli ola bilər. Məsələn, elə yazıçı var ki, həqiqətləri təhrif edir, yalanlar yazır. Həmin yazıçıya ensiklopediyada çox qısa yer ayırmaq olar. Bunu tamamilə ruslardan köçürmək doğru deyil. Rusların elə yazıçıları var ki, onların əsərlərində xalqımız, eləcə də Qarabağ münaqişəsi haqqında obyektiv fikirlər yoxdur. Bunlara da diqqət etmək lazımdır.
Hər dəfə ensiklopediya yenilənəndə bütün sahələrdə baş verən dəyişikliklər nəzərə alınmalıdır. Məsələn, fizika sahəsində ötən əsrin 60-70-ci illərində yazılmış məqalələri yeni nəşrlərə təkrarən salmaq doğru deyil.
– Dediyinizə görə, ensiklopediyalar başqasından köçürülə bilməz. Bəs ensiklopediyanın təməl mənbələri hansılardır?
– Müxtəlif ədəbiyyatlar, sahə ensiklopediyaları, məqalələr… Ən əsası isə məqalə müəlliflərinin elmi və dünyagörüşüdür. Rus yazıçısı Lev Tolstoy haqqında məqalə hazırlayan şəxs onun Məhəmməd peyğəmbər haqqında da yazdığından məlumatlı olmalı, “Anna Karenina”nı oxumalı, onun nə üçün Nobel mükafatından imtina etməsinin səbəblərini bilməlidir. Bir sözlə, oxucu Tolstoy haqqında normal bilgilər əldə etməlidir.
– Əslində, hər sahə üzrə məqalələrin hazırlanmasına mütəxəssislərin cəlb olunması ilə həm ortaya keyfiyyətli iş çıxar, həm də xeyli alim əlavə işlə təmin edilmiş olar.
– Elmdə alimlər arasında sədd çəkmək olmaz. “Bu mənim ətrafımdırsa, daha yaxşı bilir” – elmdə belə bir anlayış olmamalıdır. Fikrimcə, çoxları ensiklopediyanın məsuliyyətini dərk etməyib. Əhali arasında sorğu keçirsəniz görərsiniz ki, insanlar milli ensiklopediyanın hazırlanmasından xəbərsizdirlər. Xaricdə isə ensiklopediyalar çap olunanda böyük səs-səda yaradır, reklam edilir. Camaat növbəyə dayanır ki, evində ensiklopediya olsun.
Vaxtilə ensiklopediyalar əl işi hesabına çap olunurdu. Ancaq bu qədər texnologiyanın və elmi potensialın hesabına biz sanballı bir ensiklopediya ortaya qoya bilmədik. Bu insanlar Azərbaycan cəmiyyətinin ensiklopediya haqqındakı təsəvvürlərini alt-üst etdilər. Onlar ensiklopediyanın tanıdılmasında da yetərli işlər görə bilmədilər.
Belə başa düşürəm ki, bizimkilər bu gedişlə 20 ilə 20 cild ensiklopediya hazırlaya bilməyəcəklər. Köçürmələri də intensiv deyil. Milli Ensiklopediya Mərkəzi bu işin öhdəsindən gələ bilmədi.
– Milli ensiklopediyanın hazırlanmasına xaricdən mütəxəssislər cəlb oluna bilərmi?
– Əlbəttə! Britannika Ensiklopediyasının məsul şəxsləri dünyanın ən aparıcı alimləri ilə əməkdaşlıq ediblər. İndinin özündə kifayət qədər savadlı alimlərimiz var. Xaricdəki alimlərə də müraciət etmək olar. Fərz edək ki, bizim Kembricdə bir alimimiz var. O, kiminsə xoşuna gəlmirsə, onu ensiklopediyaya salmayacaqlar. Belə şeylər yolverilməzdir!
Böyük Sovet Ensiklopediyasının Baş redaktoru Proxorov yazırdı: “Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Suslov mənə dedi ki, ideologiyamıza qarşı olan şəxsləri ensiklopediyada verməyin. Mən dərhal istefa verəcəyimi bildirəndə Suslov geri çəkildi və dedi ki, nə edirsiniz edin, amma ortaya sanballı ensiklopediya qoyun”.
Düşünürəm ki, Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin sədri nə vaxtsa bu məsələyə qayıdacaq.