!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlliyə əlli cümlə - Azər Həsrətin 50 yaşı

!Reklam – Yazi

Azər Həsrətin 50 yaşı tamam olur. Ürəkdən qutlayıram! – Deyirlər, əlli əla yaşdı, mənim əlliyə hələ beş ilim çatmır, ona görə də, bu olaya yalnız “deyirlər” kateqorisində yanaşa bilirəm, ancaq əllinin kəramətinə də inanıram.) – Bu inam mənə sərf edir, çün sağlıq olsa, beş il sonra mən də əlliyə çatmış olacam.

Aşıq Alı derdi, “Əllini aşırdın, yüzə nə qaldı?” – Sanki ədəbiyyatda 50-dən sonra 51 deyil, hətta 60 da deyil, yüz gəlir. Olsun. Bax, elə bu yerdə, qədim dostum, qiymətli qardaşım Azər Həsrətə yeni yaşını riyazi deyil, ədəbi şəkildə görməmizi arzu, təmənna edir, YÜZ YAŞA deyirəm. Əlbəttə, onu 99 yaşında da qutlama imkanım olarsa, bu alqışımı dəyişmə hüququnu özümdə saxlamaqla…)

Yubiley yazısı, yubiley qutlaması, Tovuz qatlaması kimi dadlı, Tovuz qurudu kimi duzlu, Xaçmaz narşərabı kimi məzəli olar; nə yubilyar, nə oxucu, qüsura baxmaz yəqin. Bununla belə, bir neçə sözü zarafatsız demək, yazmaq istərdim. İstərdim, bildirəm ki, Azər Həsrəti bəzən siyasi düşərgə mənsubiyyətini dəyişməkdə suçlayırlar. Oysa, o heç zaman nə hüquqi baxımdan siyası mənsubiyyət daşımayıb, nə də, düşərgə adamı olmayıb. Çün, o düşərgəlik yapıya, xarakterə malik deyil; məhz səngər ömrü yaşayan aydınımızdır. O harda olursa olsun, öncəbhədədir, səngərdədir və sinəsini qabağa vermək comərdliyi göstərir. Yalnız bu özəlliyin özü, bir ömrü anlamlı qılmaqçün yetərlidir, deyə düşünürəm. Azər Həsrət Vətənimizin, dəyərlərimizin (müdafiə etdiyi siyasi dəyərlərin də) ən öncəbhəsində dayanmağa qadir olduğunu dəfələrlə göstərib. Əgər “dəfələrlə” sözünü işlədiriksə, deməli, bu təsadüf deyil, heç tendensiya da deyil, məhz qanunauyğunluqdur. – Deməli, xarakterik özəllikdir!

Onu da dəfələrlə görmüşəm ki, Azər fərdi çalışqanlığında da örnək yaradır; məhsuldarlıqla peşəkarlığı bir müstəvidə tutmağı bacarır. Bəzən düşünürəm: bu sağolmuş, ailə qayğısını, qurduğu QHT-nin, KİV-in işlərini, güncəl mövzulara operativ və peşəkar reaksiyanı, xeyir-şərə vaxt ayırmağı, el-obaya gərkli olmağı, tez-tez xarici səfərlərə getməyi, sosial şəbəkələrin Azərbaycan üzünün ən fəallarından biri olma imkanını necə təmin edə bilir, həncəri bacarır bunu?) Və bütün bunları geniş maddi imkanlar zəminində etsəydi, bir o qədər təəcüblü olmazdı bəlkə; mən onun paytaxtın mərkəzindən xeyli uzaqda – Əhmədlinin yuxarı yamacındakı, birlmirəm neçənci qatdakı ikiotaqlı panel mənzilində olmuşam; qalan şey bir yana kitab-dəftərin əlindən tərpənmək mümkün olmayan dar otaqlardan danışıram. Bax, bu dar otaqlarda iki əməkdar ziyalımız yaşayır: Əməkdar jurnalist və əməkdar müəllim. Üstəlik, milli ruhlu bir ayparçası, bir aslanparçası böyüyür. – Onlar da ata-anaları kimi ali təhsil almaq yolundadır və bəri başdan hər ikisinə uğurlar diləyirəm.

Bilirsiz, Azər Həsrətin başçılıq etdiyi ailə məhz başarılı olmalıydı – oldu da; Azər Həsrətin qurduğu QHT özünütəsdiq etməliydi – etdi də; Azər Həsrət imzasını dünyaya tanıtdırmalıydı – tanıtdı da, onun ideyaları qanad açmalıydı – açır da…

Azər Həsrət mənim əlim çatan tək-tük poliqlotlardandı. Maşallah olsun, əllisində belə yeni dil öyrənmə həvəsindədir. Ailəsində uşaq da, böyük də, ən azı iki dildə öz fikirlərini ifadə etmə bacarığına sahibdir.
Və Azər Həsrətin bir üzü, bir sözü, bir dili, bir inamı var: Azərbaycan müstəqil dövlətşiliyi üçün çalışmaq; sözübütov olmaq, doğma türkcəmizi gəlişdirmək; türk birliyinə inanmaq! Nə qut yol, nə xoş taledir! Doğruan da, “bir ömürə bəzən sığmır bir ömür”…

***

Azər Həsrəti uzun illərdi tanıyıram. Biz tanış olan il doğulan oğlanlar əsgər gedib-gəlib, qızlar ərə gedib. – Yəni bir insan ömrü keçib; bu sadə fakt özü sübut edir ki, bizim münasibətlər geridönməz, əyilməz bir tarixçəyə malikdir. Əgər cavanlıqda dostluğumuzu zədələyən addımlarımz olmayıbsa, 45-də, 50-də zədə törədəcək lüksümüz yoxdur. Mən ötən illərin malik olduğumuz bu xətir-hörmətinə görə hər ikimizi qutlayıram!

Mən Azər Həsrəti həmişə AZƏR görmək istəyirəm və ayrılıqlara, gərginliklərə, məğlubiyyətlərə əbədi həsrət qalmasını diləyirəm!

Qələmin qüvvətli, sözün ötgün, işin irəli olsun, əfəndim!

Əkbər Qoşalı, Atatürk Mərkəzinin şöbə müdiri, şair

 

www.yenicag.az

1286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv